Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:07

Qırğızıstanda nə baş verir. 'Japarov Kremldən öyrənir'


Sadır Japarov (solda) rusiyalı həmkarı Vladimir Putinlə, arxiv fotosu
Sadır Japarov (solda) rusiyalı həmkarı Vladimir Putinlə, arxiv fotosu

Qırğızıstan hökuməti əvvəlcə qonşu Özbəkistanla sərhəd razılaşmasına etiraz edən fəalları hədəfə aldı. Daha sonra bu kampaniyanı genişləndirib siyasi opponentlərinə və ölkənin azad mətbuatına da hücuma başladı. AzadlıqRadiosunun əməkdaşı Reyd Stendiş Qırğızıstanın daha bir qarışıqlıqla üzləşə biləcəyini yazır.

26 nəfərin həbsi və AzadlıqRadiosunun qırğız xidməti də daxil olmaqla bir çox media qurumunun prezident Sadır Japarov administrasiyasının qəzəbinə tuş gəlməsi ilə müşayiət olunan son təqiblərin arxasında nə durur?

Hakimiyyətdən mümkün qədər çox yapışmaq

"Qırğızıstanın get-gedə daha çox avtoritarlaşması sirr deyil. Japarovun ölkənin daxili və xarici siyasəti ilə bağlı etdikləri hakimiyyətdən mümkün qədər çox yapışmaq məqsədi güdür”, – Karnegi Beynəlxalq Sülh Fondunun (Carnegie Endowment for International Peace) tədqiqatçısı Temur Umarov deyir.

Japarov hakimiyyətə gəldiyi 2020-ci ildən bəri vətəndaş cəmiyyəti və mediaya təzyiqi gücləndirərək öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Bütün bunlar ölkənin demokratiya sahəsində geriləməsi ilə nəticələnib.

Su anbarına nəzarət Özbəkistana verilir

Özbəkistanla oktyabrın əvvəlində açıqlanmış sözügedən sərhəd razılaşmasına görə, Bişkek strateji Kempirabad su anbarı üzərində nəzarəti Özbəkistana təhvil verməlidir. Bu, Japarov üçün çox böyük sınaqdır. Üç il həbsdə qalan prezident ölkənin resurslarının xaricilərin əlində olmasına etiraz edən millətçilərin dəstəyi ilə hakimiyyətə gəlib.

Razılaşma əvvəllər qanlı sərhəd toqquşmaları ilə üzləşmiş iki qonşu ölkənin münasibətlərini yaxşılaşdırmasına kömək edə bilər. Ancaq digər tərəfdən, Japarovu onu hakimiyyətə gətirən millətçilərlə üz-üzə qoya bilər.

Qırğızıstanla Özbəkistan arasındakı sərhədin 15%-i demarkasiya olunmamış qalırdı. Su anbarının təhvil verilməsi sərhədin nəhayət demarkasiya edilməsi haqda razılaşmanın bir hissəsidir.

Sazişə etirazlar

Noyabrın 3-də Özbəkistanın Xarici işlər naziri Vladimir Norov və qırğızıstanlı həmkarı Ceenbek Kulubayev bir neçə sərhəd delimitasiya müqaviləsi imzalayıblar. Kempirabad haqda razılaşma onlardan biridir.

Kempirabad su anbarı Qırğızıstanın cənub-qərbindəki Oş şəhəri yaxınlığında yerləşir. Müqaviləyə ilk etiraz edənlər arasında tanınmış fəallar, insan haqları müdafiəçiləri, blogerlər və siyasətçilər var. Onlar ilk növbədə su ehtiyatlarına çıxışın və suyun tərkibinə nəzarətin əldən verilməsinə görə narahatdırlar. Etirazçılar məhkəməöncəsi həbs olunublar. Onların azı iki ay təcridxanada qalacağı gözlənilir.

Bu həbslər oktyabrın 24-də Bişkek və Oşda yeni etirazlara səbəb olub. Etirazçılar saxlanılanların buraxılmasını, Qırğızıstanın su anbarı ilə birlikdə ərazi də itirməsini nəzərdə tutan sazişlə bağlı daha çox məlumatın verilməsini tələb ediblər.

Avtoritar trend

Sazişi müdafiə edən qırğız hökuməti onun ölkənin xeyrinə olduğunu, müqaviləyə görə ölkənin 15 min kvadrat kilometr ərazi əldə etdiyini, ölkələrin su anbarını birlikdə idarə edəcəyini və hər ikisinin suya çıxışının olacağını deyir.

Media, fəallar və müxalif qruplara qarşı təzyiq Japarov üçün yeni deyil. Bu hərəkətlər son illərdə Qırğızıstan siyasətində müşahidə olunan avtoritar trendə uyğun gəlir.

2020-ci ildə, siyasi böhran zamanı hakimiyyətdən gedən keçmiş prezident Sooronbay Jeenbekov da Qırğızıstan parlamentinə təsir etməyə çalışırdı. Japarov 2021-ci ildə keçirdiyi referendumla ölkəni rəsmən prezident respublikasına çevirməklə bu trendi daha da dərinləşdirib.

Ancaq Kempirabadla bağlı yaşanan hazırkı gərginlik Japarov və müttəfiqi Kamçıbek Taşiyev üçün ciddi sınaqdır. Qırğızıstan siyasətində dominant güclərdən biri olan Taşiyev Dövlət Milli Təhlükəsizlik Komitəsinə nəzarət edir.

Ermənistanlı hüquq müdafiəçisi: "Təkcə son 1 ildə orduda 51 ölüm halı olub"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Reytinqini saxlayıb

Ölkədə torpaq, su və mineral ehtiyatlar dəyərli siyasi kapital hesab edilir. Hazırda baş verənlər Japarovun eyni zamanda ağır iqtisadi durumla bağlı çətinliklərlə üzləşdiyi dövrə düşüb. Moskva ilə münasibətlər Qırğızıstanın sentyabrın ortalarında Tacikistanla yaşadığı sərhəd toqquşması səbəbindən gərilib. Həmin sərhəd toqquşması zamanı 100-dən artıq adam həyatını itirmiş, yüzlərlə insan yaralanmışdı.

Japarov bu böhranlar fonunda reytinqini qoruyub saxlaya bilib. Son sorğular seçicilərin 76%-nin onun liderliyini dəstəklədiyini göstərir.

“Eurasia Group” qlobal konsultant şirkətinin baş təhlilçisi Zakari Uitlin deyir ki, Japarov çoxsaylı problemlər qarşısında ciddi təzyiq hiss edir. İqtisadi durum, Rusiya ilə münasibətlər, Tacikistanla gərginlik, milliləşdirilmiş Kumtor qızıl mədəninin idarəçiliyi ətrafında qalmaqal, son bir ildə müxalifət fiqurlarına təzyiq cəhdləri – bunların hamısı birlikdə qeyri-sabitliyi artırır.

Zibilliyə qərq olmuş cənnətməkan...
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Bloklanan vebsaytlar

İyunda dezinformasiya haqda ziddiyyətli yeni qanunun icrasına cavabdeh Mədəniyyət və informasiya nazirliyi “ResPublica” qəzetinin saytlarını iki aylığına bloklayıb, avqustda isə “24.kg” xəbər saytını bloklamağa cəhd edib. Üstəlik, bu zaman internetdə yerləşdirilmiş yanlış məlumatla bağlı anonim şikayəti əsas gətirib.

Bundan əvvəlsə müstəqil jurnalistləri qorxudub susdurmaq cəhdləri olub. Xüsusən də Japarov və müttəfiqlərini tənqid edən jurnalistlər hədəfə alınıb.

Yanvarda araşdırmaçı jurnalist Bolot Temirov narkotik ittihamı ilə həbs edilib. Bundan az öncə onun komandası Taşiyev vəzifəyə gələndən bəri ailəsinin dövlət kontraktlarından pay götürməsi haqda araşdırma yazısı dərc etmişdi. Sentyabrda hakim bu işin Milli Təhlükəsizlik Komitəsi tərəfindən uydurulduğu qənaətinə gəlib və Temirov azadlığı buraxılıb. Baş Prokurorluq məhkəmənin qərarından apellyasiya şikayəti verib.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Mediaya təzyiqlər

Bütün bu gərginliyin fonunda hökumət AzadlıqRadiosunun qırğız xidmətinin qırğız və rus dillərindəki saytlarının iki aylıq bloklanmasını əmr edib, oktyabrın sonunda isə xidmətin bank hesablarını dondurub.

Hökumət bu addımını qırğız-tacik sərhəd toqquşmasının işıqlandırıması zamanı videoda nifrət nitqi və yanlış informasiyaya yol verilməsi ilə izah edib və radionun “əsasən tacik tərəfinin mövqeyini işıqlandırdığını” deyib. Hökumət həmin videonun pozulmasını tələb etsə də, AzadlıqRadiosu bunu etməkdən imtina edib.

Bir deputat AzadlıqRadiosu və daha iki müstəqil media qurumunun – “Kloop” və “Kaktus.Media”nın bağlanmasını tələb edib.

Hökumət KİV haqda qanuna düzəlişlər etməyə çalışır. Qanun layihəsi xarici media qurumları üçün qeydiyyat tələblərini artıracaq və çətinləşdirəcək. Bir neçə media eksperti bu düzəlişlərin Rusiyanın KİV qanunu ilə, az qala, oxşar olmasına diqqət çəkir. Kreml həmin qanundan istifadə edərək Rusiyada müstəqil jurnalistikanın fəaliyyət sahəsini xeyli daraltmağa nail olub.

"Qanun praktik olaraq Rusiyadan köçürülüb. Bu, Moskvanın Japarova təzyiqi deyil, əksinə, onun Kremlin öz əhalisinə necə nəzarət etməsinə baxıb öyrənməsidir…”, – Umarov deyir.

XS
SM
MD
LG