Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Sərnişin təyyarəsini Rusiyanın havadan müdafiə sistemi vurub? Dəlillər artır


Aktauda təyyarə qəzası
Aktauda təyyarə qəzası

Azərbaycanın sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstan sahilinə çırpılanda Rusiya hakimiyyəti, dövlət mediası tələm-tələsik bir neçə versiya sadaladılar: qatı duman, quş sürüsü… Təyyarənin qəzadan öncəki zədəli görüntüləri yayılandan sonra isə kabində oksigen balonunun partlaması versiyası da səsləndi.

AzadlıqRadiosunun jurnalistləri Stiv Quterman, Mark Krutov və "Qafqaz Reallıqları" portalı yazırlar ki, bu dəlillərin çoxunu Azərbaycan, Qazaxıstan, yaxud Rusiya hakimiyyəti təsdiqləməyib. Ancaq təyyarənin Rusiyanın havadan müdafiə sistemi ilə, Ukraynanın Çeçenistana dron hücumu zamanı vurulmasına dəlil artır.

Faciədən sağ çıxan bir nəfər və digər məlumatlara əsasən demək olar ki, dron hücumu təyyarə Qroznıya enmək istəyəndə baş verib.

Əgər təyyarəyə "yer-hava" tipli raket hücumu təsdiqlənsə, bu o demək olacaq ki, Moskva Ukraynaya qarşı müharibəyə başlayandan ikinci dəfədir Rusiya raketi ilə sərnişin təyyarəsi vurulur. 2014-cü il iyulun 17-də Donetsk vilayətində Moskvanın nəzarətində olan əraziyə gətirilən "Buk" raketləri ilə "Malayziya Hava Yolları"na məxsus təyyarə vurulmuş, göyərtədəki 298 nəfərin hamısı həlak olmuşdu.

Dron hücumu

"Embraer 190" təyyarəsində 62 sərnişin, beş ekipaj üzvü vardı. 38 nəfər həlak olub. Qroznıya uçuşun yarım saatı insidentsiz keçib, sonradan təyyarəyə ciddi GPS müdaxiləsi baş verib. O vaxtdan qəzaya 20 dəqiqə qalmışadək "Flightradar24" bəzən təyyarədən data ala bilməyib, bəzi hallarda isə yeri barədə məlumat ya olmayıb, ya da qeyri-dəqiq olub.

Təyyarə Qroznı yaxınlığına çatanda Çeçenistanın müxalifət Telegram kanalı və Rusiyanın təhlükəsizlik xidmətlərinə yaxın "Baza" kanalında şəhərə dron hücumu barədə informasiya yerləşdirilib. "Baza" bildirib ki, iddia olunan hücuma görə Qroznı aeroportu gələn reyslərin qəbulunu dayandırıb.

Açıq mənbələr də Çeçenistana dron zərbəsini təsdiqləyib.

Çeçenistanın avtokratik lideri Ramzan Kadırovun qardaşı oğlu, Təhlükəsizlik Şurasının katibi Xamzat Kadırovun idarə etdiyi Instagram hesabında yazılıb ki, dron hücumu uğurla dəf olunub.

Dispetçerlə ekipajın kommunikasiyası

Dekabrın 25-də Ukrayna müharibəsi barədə paylaşımlar edən VÇK-OGPU Telegram kanalı ekipaj ilə Qroznıdakı dispetçer arasında radioəlaqənin transkripti olduğu bildirilən mətn paylaşıb. Ekipaj bildirib ki, təyyarə quş sürüsü zərbəsinə görə nəzarəti itirib. Bu kanalı Rusiya hakimiyyəti "xarici agent" siyahısına salıb.

Bu yazışmanın həqiqiliyini təsdiqlətmək mümkün olmayıb. Kanal özü də quş sürüsü versiyasını şübhə altına alıb. Dekabrın 26-da yazıb ki, təyyarənin qalıqları üzərindəki izlər havadan müdafiə sisteminin buraxdığı raketin təyyarənin yanında partladığını göstərir.

Hadisədən sağ çıxan bir sərnişin Rusiyanın RT dövlət kanalına deyib ki, onlar Qroznıya enməyə üç dəfə cəhd ediblər, üçüncü cəhddə "nə isə partladı… deməzdim ki, təyyarənin içində idi". Sərnişin qəlpə parçasının onun qıçları arasına düşdüyünü, xilasetmə jiletini deşdiyini sözlərinə əlavə edib.

İzlər

Yayılan transkriptdə pilotların təyyarəni Qroznıdan uzaqlaşdırdığı, Mineralnıye Vodı və Mahaçqalada havanın necə olduğunu soruşduğu anlaşılır. Nəhayət, təyyarə Aktauya yönəlir, yerli vaxtla 11:28-də qəzaya uğrayır. Bundan bir saat öncə Qroznıya dron hücumunun qarşısının alınması xəbərləri yayılmışdı.

Təyyarənin yerə dəyənədək alışmadığı görünür. Qəzadan sonrakı görüntülərdə onun quyruq hissəsində saysız deşiklər, oyuqlar var. Müşahidəçilər bunların qəlpə izlərinə oxşadığını deyirlər. Üstəlik, deşiklərin kənarları içəri əyilib, yəni partlayışın kabinin içində deyil, təyyarənin kənarında baş verdiyini göstərir.

Hərbi təhlilçi Yan Matveyev "Current Time"a deyib ki, Rusiyanın "Pantsir S-1" raketinin müəyyən məsafədə partlaması belə izlər qoya bilərdi.

Xəbərdarlıq

"The Wall Street Journal" qəzeti yazır ki, Britaniyada yerləşən "Osprey Flight Solutions" aviasiya təhlükəsizliyi şirkəti hava şirkətlərinə xəbərdarlıq göndərib, təyyarənin "çox güman" Rusiyanın hərbi havadan müdafiə sistemi vasitəsilə vurulduğunu bildirib.

"Təyyarəni Rusiyanın havadan müdafiə sistemi vurub", – bunu isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasında Dezinformasiya ilə Mübarizə Mərkəzinin başçısı Andrey Kovalenko dekabrın 25-də X postunda yazıb. Ancaq o, yazdığına əlavə dəlil gətirməyib.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Kiyev Rusiyadakı hərbi hədəflərə saysız dron hücumları gerçəkləşdirib. Son aylar Çeçenistana, Şimali Qafqazın digər yerlərinə dron hücumları artıb.

Qazaxıstan, Rusiya və Azərbaycan rəsmiləri təhqiqat başa çatanacan qəzanın səbəblərini şərh etməyəcəklərini deyiblər.

XS
SM
MD
LG