Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:58

​​​​​​​Ruben Vardanyan: 'Yanaşı yaşamaq olar, birgə yox'


Ruben Vardanyan Xankəndində mətbuat konfransı keçirir, 2 sentyabr, 2022-ci il
Ruben Vardanyan Xankəndində mətbuat konfransı keçirir, 2 sentyabr, 2022-ci il

Bu yaxınlaradək Rusiya vətəndaşı olmuş biznesmen Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsinə köçərək separatçı rejimin hökumət başçısı olmaq təklifini qəbul edib.

Noyabrın 4-dən Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi fəaliyyətə başlayan Vardanyan Rusiyanın “Kommersant” qəzetinin müxbiri Vladimir Solovyova geniş müsahibəsində deyir ki, Qarabağın taleyi region təmsilçilərinin iştirakıyla müzakirə olunmalıdır.

2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyir. Elə oktyabrın 31-də Soçidə üçtərəfli görüşdən sonra da Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, münaqişə bitib, müzakirəlik bir şey qalmayıb.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Təhlükəsizlik məsələsi

Vardanyan həmin ilin oktyabrında, müharibə getdiyi vaxtı verdiyi bəyanatı yada salır. “Dedim ki, çox böyük bir münaqişənin başlanğıcıdır, sadəcə. Ayrıca müharibənin deyil. Təəssüf ki, belə də oldu, dünya bu iki ildə üçüncü dünya müharibəsinə doğru gedir. Tektonik dəyişikliklərin astanasındayıq, elitanın, adamların məsuliyyəti də ən mürəkkəb, ən ağır yerdə olmaqdır”, – deyən Vardanyan cəmiyyətdə ədalət hissi yaratmağı əsas məsələlərdən biri sayır. Onun sözlərinə görə, adamlar istənilən qərarlara, çətinliklərə hazır olarlar, əgər bunların ayrı-ayrı kateqoriyalara deyil, hamıya aid olmasına inansalar.

“Burada nə isə etmək üçün ilk növbədə təhlükəsizlik məsələsini bağlamaq lazımdır. Sülhməramlıların yerləşdirilməsinə baxmayaraq, xeyli insidentlər baş verir, faciəvi şəkildə bitir. Məncə, təhlükəsizlik hissi yoxdur. Nəinki sabaha, heç bu günə inam yoxdur. Belə bir şəraitdə əhalini, bu azsaylı, burada qalan əhalini saxlamaq çətin görünür”, – biznesmen deyib.

Vardanyanın fikrincə, təkcə rusiyalı hərbçilər, yaxud xarici iştirakçılar deyil, elə adamların özləri də yaşadıqları yerdə təhlükəsizliyə görə məsuliyyət hiss etməlidirlər.

Qarabağın taleyi harada həll olunur

Müxbir Bakı ilə Yerevan arasında intensiv danışıqlar, Rusiya və Qərbin bu danışıqlarda uğurlu vasitəçiliyə görə rəqabəti, tərəflər arasında mümkün sülh sazişinin Qarabağ üçün nə demək olduğunu soruşub.

Vardanyan deyir ki, Qarabağın taleyi haqda danışanda “Artsax (Qarabağ) xalqının fikri və qərarına söykənmək lazımdır”. O, danışıqların Qarabağ təmsilçilərinin iştirakı olmadan aparılmasını qəbuledilməz, yanlış sayır.

“Ermənistan Respublikası öz danışıqlarını özünün Azərbaycanla qarşılıqlı münasibətləri, demarkasiya, delimitasiya, dəhlizlər əsasında aparmalıdır. Amma Artsaxın taleyi orada həll olunmur. Artsaxın taleyi burada, bizimlə həll olunur”, – Vardanyan deyib.

Prezident İlham Əliyev bir neçə dəfə deyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və Bakı onların məsələsini heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcək. Əliyev Qarabağ erməniləri ilə qeyri-rəsmi təmasların olduğunu da söyləyib.

İki zidd mövqe

Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra açıqlanmış üçtərəfli bəyanatda Qarabağ məsələsinin adı çəkilmir. Vardanyan bu danışıqları uğurlu saymır.

“Yekun mətndə Dağlıq Qarabağın statusu məsələsinə toxunulmur, açıq qalır. Rusiyalı sülhməramlıların Artsaxda sülhü təmin etməyə davam edəcəyi də vurğulanmır”, – o deyir.

Azərbaycan və erməni icmaları arasında kompromisin mümkünlüyünü gəlincə, Vardanyan deyir:

“Mənim formulum yanaşı yaşamaqdır, birlikdə yox. Ümid edirəm, Azərbaycan rəhbərliyinə ağıl üstün gələcək, çünki onlara da yeni qurbanlar lazım deyil. Onlar burada yaşayan, ‘biz Azərbaycanın tərkib hissəsi deyilik, heç vaxt olmamışıq’ deyən əhalini hərbi yolla məhv etməyə əl atsalar, bunu dünyaya izah etmək asan olmayacaq. Burada həqiqətən də iki yetərincə kəskin, bir-birilə uyuşmayan mövqe var. Problem aydındır. Millətin öz müqəddəratını təyinetmə hüququ və bunun ətrafındakı məsələlər kompleksi ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir”.

Danışıqlar

Vardanyan Azərbaycanın ərazi bütövlüyü məsələsini də şübhə altına alır, Sovet İttifaqı 1991-ci ildə dağılanda Dağlıq Qarabağ muxtar vilayətinin de-yure Azərbaycanın tərkib hissəsi olmadığını iddia edir.

Bakı, yaxud Türkiyə ilə hər hansı təmaslarla bağlı suala cavabında Vardanyan indiyədək heç bir dövlət aparatında olmadığını söyləyib.

Bakı ilə Xankəndi arasında danışıqların mümkünlüyü ilə bağlı biznesmen qeyd edir ki, Azərbaycan problemin mövcudluğu inkar edə bilməz, çünki Qarabağda, onun sözlərinə görə, 120 min nəfər müxtəlif qanunlarla, müxtəlif pasportlarla yaşayır, burada fərqli idarəçilik sistemi tətbiq olunur: “Bunu istəsələr də, istəməsələr də, burada baş verənləri danışmaq üçün tərəfdaşlarını seçməlidirlər”.

Sülhməramlılar nə vaxtadək qalmalıdır

Qarabağdakı sülhməramlıların mandatının uzadılmasına gəlincə, Vardanyan hesab edir ki, onlar qədim, mürəkkəb və tarixi münasibətləri olan iki xalqın birlikdə yaşamasına imkan verəcək kompromis, yaxud hər hansı formula tapılanacan qalmalıdırlar.

Ermənistanın Baş naziri Paşinyan Soçi sammitindən öncə deyirdi ki, sülhməramlıların mandatının 10-20 ilədək uzadılması barədə sənədi imzalamağa hazırdır. Ancaq o, görüşdən sonra bu təklifin rədd olunduğunu söylədi. Paşinyan görüşdə başqa bir məqamın müzakirə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, mandatın bitməsinə 6 ay qalmış onun uzadılmasına etiraz mexanizmi ləğv oluna, bununla da kontingentin uzun müddətə qalması təmin oluna bilər.

Paşinyan onu da deyib ki, Ermənistan hökuməti Dağlıq Qarabağın statusu məsələsini təxirə salmağı düzgün sayır. Çünki hazırda qarşılıqlı qəbulolunan status müəyyənləşdirmək imkanı yoxdur, danışıqları dalana salmamaq üçün Yerevan bu mövqeyi dəstəkləyir.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ilin yanvarında üç ölkə lideri Moskvada görüşüb, baş nazir müavinləri səviyyəsində işçi qrup yaratmağa razılaşıblar. Məqsəd regionda nəqliyyat xətləri və iqtisadi əlaqələrin bərpasıdır.

Ötən ilin dekabrından iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşib. Azərbaycanla Ermənistan sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib və həmin missiya artıq fəaliyyətə başlayıb.

XS
SM
MD
LG