Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:37

Oqtay Eloğlu toya neçəyə gedir?


Seymur Baycan
Seymur Baycan

-

Kef edin. Bir qram da narahat olmayın. Mərmər döşənmiş bulvarda, alış-veriş mərkəzlərində, konsert salonlarında o baş-bu başa gəzin, axırı mütləq yaxşı olacaq...

Seymur Baycan

MƏDƏNİ SƏVİYYƏMİZİN QALXMASI

Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” əsəri mövzusunda yazı müsabiqəsini elan edəndə cibimdə cəmisi on manat pul var idi.

Bunu yazının şirəli, kədərli, sentimental alınması üçün yazmıram. Vəziyyət həqiqətən də belə idi. Necə var elə də yazıram.

Nəsə uydurmağa ehtiyac yoxdu. Uydurmaq lazım gəlsə daha maraqlı şeylər uyduraram.

Çoxdan belə bir müsabiqə keçirmək istəyirdim. Hər dəfə Azərbaycan klassiklərindən birinin aktuallığını saxlamış əsəri mövzusunda gənclər arasında yazı müsabiqəsi keçirmək, bununla da əsəri gənclər arasında təbliğ etmək...

Yaşlı nəsil ya vəlvələdən ya zəlzələdən pis yaxşı klassik yazıçıların yaradıcılığından xəbərdardırlar. Ən azından sovet dövründə qiymət almaq üçün əsərləri oxumağa məcbur olublar. Tamaşalara baxıblar. Əsərlərdəki mesajları tam tutmasalar da, söhbətin nədən getdiyini tam qavramasalar da ən azı məzmununu bilirlər.

Təəssüflər olsun ki, gənc nəslin arasında klassik Azərbaycan yazıçılarının əsərlərinin təbliğatı o qədər də yaxşı aparılmır. Bunu öz müşahidələrimə, gördüklərimə, eşitdiklərimə, oxuduqlarıma əsaslanaraq qətiyyətlə deyə bilərəm.

Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli

Azərbaycan xalqının formalaşmasında ədəbiyyat müstəsna rol oynayıb. Klassik yazıçıların, maarifçilərin əsərlərini oxumayan adam bu xalqın necə yaranmasından, necə formalaşmasından xəbərsiz qalacaq.

Ona görə də gənc siyasətçilər, gənc yazarlar, ümumiyyətlə yaradıcılıqla məşğul olanlar, həkimlər, müəllimlər, bir sözlə xalqla işləyən, xalqla işləyəcək adamlar mütləq və mütləq Azərbaycan klassik yazıçılarının əsərlərini diqqətlə oxumalı, onların yaradıcılığını dərindən öyrənməlidirlər. Bu vacibdir. Əks halda xalqı, yaşadıqları ölkəni tanımaqda çətinlik çəkəcəklər. Bunu bir neçə dəfə müsahibələrimdə, yazılarımda vurğulamışam və bir daha təkrarlamaqda heç bir zərər görmürəm. Əməl edən faydasını görər. Etməyən də özü bilər.

“Studentlər” öz aktuallığını saxlamış, hətta günümüzdə öz aktuallığını daha da artırmış bir əsərdi. Ümumiyyətlə Yusif Vəzirin nəinki bədii əsərləri, onun publisistikası, gündəliyi bu gün bizə çox lazımdır. Mən çox istərdim ki, onun bütün əsərləri, məqalələri yenidən çap olunsun. Təbliğ edilsin.

Yusif Vəzir bizə çox lazımlı yazıçıdır. Yusif Vəzir Avropa nəsrinə yaxınlaşmış ən öndə gedən yazıçımızdır. Sadəcə, heç kimi yoxdur. Bu dəqiqə ölkədə vəziyyət belədir - ya qohumun vəzifədə olmalıdır, ya kiminsə oğlu olmalısan ki, sənin əsərlərini təbliğ etsinlər. Tərslikdən Yusif Vəzirin də vəzifədə heç kimi yoxdur.

Özümə borc bildim ki, bu adamı təbliğ edim. Yusif Vəzir Çəmənzəminli bizim ədəbiyyatımızda müstəsna rolu olan şəxslərdən biridir. “Studentlər” əsəri bu gün hər bir gəncin oxumalı olduğu bir əsərdi. Niyəsi haqqında çox yazmaq olar. Lakin mövzumuz başqadı. Bircə onu deyə bilərəm ki, “Studentlər” əsərində inkişafın doğru və düzgün istiqaməti son dərəcə dəqiqliklə göstərilib.

Bir insanın bu istiqaməti müəyyən etməsinə qədər hansı mərhələlərdən keçməsinin bədii həlli verilib. Dəyərini, aktuallığını nəzərə alaraq müsabiqə üçün ilk olaraq “Stundentlər” əsərini seçdim. Yazılar yazıldı. Müxtəlif baxışlar ortaya qoyuldu. Sağ olsunlar, başqa ədəbiyyat saytları da müsabiqənin yaxşı alınması üçün informasiya dəstəyi verdilər. Əsərdən xeyli adamlar xəbər tutdu. Xeyli gənc əsəri oxudu. Bir çoxlarının reaksiyası seçimimdə doğru olduğumu ortaya qoydu.

Biz niyə bu əsərdən xəbərsiz qalmışıq, demə bizdə də belə bir yazıçı var imiş kimi reaksiyalar doğru seçim etdiyimin göstəricisi idi. Yazılardan tam razı qalmasam da, müəyyən mənada məqsədimə nail oldum. Yuxarıda da qeyd etdiyim kimi müsabiqəni elan edəndə işin maddi tərəfini heç düşünməmişdim. Bir yolla həll olunacağına inamım vardı. Lap bankdan kredit götürmək bahasına olsa da, müsabiqənin qaliblərinə layiq olduqları pul mükafatını çatdırmalı idim.

Palaza bürün, elnən sürün. Bu mənada mən də axır-əvvəl hansısa bankdan kredit götürməliyəm, ya yox. Uzun illər bir çox kitabların nəşrinə, bir çox layihələrin həyata keçməsinə şərait yaratmış Yalçın Nəsirov bu dəfə də məni çətin vəziyyətdən xilas etdi. Hər kəs layiq olduğu sözü eşitməlidi. Biz bəzən insanlara layiq olduğu sözləri söyləməkdə xəsislik edirik. Əvəzində isə neqativ məqamları həvəslə vurğulamqda böyük canfəşanlıq göstəririk.

Yalçın bəy uzun illər mənə maddi dəstək göstərmiş bir insandır. Onun köməkliyi olmasaydı, necə olardım, nə vəziyyətə düşərdim heç bunu təsəvvür belə etmək istəmirəm. Məlum məsələdir ki, hələ də ölkəmizdə yazıların qonorarı, kitabların satışından gələn gəlirlə dolanmaq mümkün deyil. Yalçın bəyin sayəsində öz işimlə məşğul olmaq imkanı qazanmışam. Bu dəfə də Yalçın bəy sanki vəziyyətin nə yerdə olduğunu hiss edərək (bu haqda ona heç nə deməmişdim) özü əlaqə saxladı və müsabiqənin xərclərini öz üzərinə götürə biləcəyini dedi. Yüngülvari bir tədbir keçirib qalibləri mükafatlandırdıq. Mükafatlandırma mərasimini özüm səs-küysüz keçirdim. Çünki məqsədim şəkil çəkdirmək yox, həqiqətən də əsəri təbliğ etmək, gənclər arasında ədəbiyyata maraq yaratmaq idi.

Cəfər Cabbarlı
Cəfər Cabbarlı

İkinci dəfə yazı müsabiqəsi elan etmək üçün (bir neçə dostla müzakirə etdikdən sonra) Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərini seçdik.

Bu dəfə müsabiqənin keçirilməsinə lazım olan maddi dəstəyi əvvəldən həll etmək qərarına gəldim. Bir neçə adamla əlaqə saxladım və bu adamlardan biri müsabiqənin keçirilməsinə lazım olan maddi dəstəyi göstərə biləcəyinə söz verdi. Hətta belə müsabiqələrin ardıcıl keçirilməsinin vacib olmasını vurğuladı. Doğru , faydalı işlə məşğul olduğumuzu dəfələrlə bildirdi.

Xaricilər həmişə deyirlər ki, siz "no problem" sözü işlədəndə qorxuruq. Qərəz, söhbəti çox uzatmadan bəyan edim ki, vaxt ötdü vədə yetişdi adamdan səs çıxmadı. Səs çıxmadı nədi, özü yoxa çıxdı. Davamını yazmağa ehtiyac yoxdu. Bir-iki başqa adama da vəziyyəti izah etdim. Onlardan da səs çıxmadı. Onların arasında tanıdıqlarınız və tanımadıqlarınız da var. Sual oluna bilər, bəs niyə Yalçın bəylə əlaqə saxlamadın. Üzüm gəlmədi.

Bir də ki, bu kimi işlərdə niyə elə ancaq bir adam fədakarlıq etməlidi. Mən bu kimi yazıları yazmağı artıq özüm özümə qadağan etmişəm. Asan deyil. Sözün həqiqi mənasında asan deyil. Yazı yazırsan, təşəbbüs irəli sürürsən, yaxşı bir iş görmək üçün ortaya düşürsən əvəzində qınağa məruz qalırsan.

Sadəcə müsabiqədə iştirak etmiş adamlar əlaqə saxlayıb müsabiqənin nəticələri vaxt açıqlanacaq, müsabiqənin nəticələri nə vaxt elan ediləcək kimi suallar verəndə bu haqda yazı yazmaq qərarına gəldim. Həm də ədalət və tarix naminə. Yaşadığımız bu günlər bir tarixdi. Bu bizim reallığımızdı. Reallıq isə ondan ibarətdir ki, Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri mövzusunda yazı müsabiqəsi deyil, hər hansı dini bir kitab, yaxud dini yönümlü bir şəxs haqqında yazı müsabiqəsi elan etsəydim, nəinki min beş yüz manat, on beş min manatı asanlıqla tapa bilərdim.

Reallıq ondan ibarətdir ki, milyonların sağa-sola axdığı ölkədə bir müsabiqə keçirmək üçün min beş yüz manat tapılmır. Buna görə nə özümü nə də bu yazını oxuyanları nə də o milyonların sahiblərini qınamıram. Sadəcə, onu bildirmək istəyirəm ki, kef edin. Bir qram da narahat olmayın. Mərmər döşənmiş bulvarda, alış-veriş mərkəzlərində, konsert salonlarında o baş bu başa gəzin, axırı mütləq yaxşı olacaq. Araqdan vurun və vətən haqqında bəlağətli sağlıqlardan söyləyin. Şəlalənin altında, üstündə, böyründə şəkllər çəkdirin.

Şerif. Kristal
Şerif. Kristal

Müğənnilərin toy qiymətlərinin siyahısını yazının sonunda vermək lap yerinə düşər. Sizin üçün bu daha vacib və gərəklidi. Çünki bu adamları ingilis, fransız, alman, norveçli toyuna çağırmır. Siz çağırırsız, Qazaxıstanda, Sibirdə yaşayanlar da çağırırlar.

Vətəndən kənarda yaşayanlar da, mədəni səviyyəmizin qalxmasına öz töhfələrini verirlər. Sağ olsunlar.

Fürsətdən istifadə edib onlara da burdan öz təşəkkürümüzü bildirək.

Yazinın ən maraqlı hissəsi bu siyahı olacaq. Qalanları zəhlə tökməkdən, qan qaraltmaqdan savayı bir şey deyil. Bunu özüm də dəqiq bilirəm. Bilirəm ki qan qaraldan və zəhlə tökən bir işlə məşğul oluram.

Bir gün ərzində toyun idarə edilməsi

Faiq Ağayev – 12.000 manat

Brilliant Dadaşova – 10.000 manat

Abbas – 10.000 manat

Nadir Qafarzadə – 10.000 manat

Nazpəri – 10 000 manat

Ramal -10.000 manat

Elton – 8000 manat

Xatirə İslam – 6 000 manat

Aygün Bəylər – 6 000 manat

Cabbar və Könül – 6 000 manat

Təranə və Musa – 6000 manat

Mətanət İsgəndərli – 6 000 manat

Zamiq – 6 000 manat

Vasif Məhərrəmli – 6 000 manat

Səməd Səmədov – 6000 manat

Manaf Ağayev – 5 000 manat

Ayaz Qasımov – 5 000 manat

Samir Piriyev – 5 000 manat

Elçin Cəfərov – 5000 manat

Xəyyam Nisanov – 5 000 manat

İzzət Bağırov – 5000 manat

“Şeron” qrupu – 4000 manat

“Qala” qrupu – 4000 manat

Emil Bədəlov – 4000 manat

Elvin Abdullayev – 4000 manat

Şəbnəm Əsədova (Tovuzlu) – 4000 manat

Elariz – 4000 manat

Elçin Hüseynov – 4000 manat

Kərim – 4 000 manat

Nüşabə Ələsgərli – 4 000 manat

Almaz Ələsgərova – 4 000 manat

Baloğlan – 4 000 manat

Elnarə Abdullayeva – 4 000 manat

Cavanşir – 3 500 manat

Könül Xasıyeva – 3 000 manat

Zemfira İbrahimova -3000 manat

Xatun – 3 000 manat

Toyda 30 dəqiqəlik çıxış

Röya – 6000 manat

Aygün Kazımova – 5 000 manat

Brilliant Dadaşova – 4 000 manat

Faiq Ağayev – 4 000 manat

Ədalət Şükürov – 3000 manat

Abbas Bağırov – 3000 manat

Zamiq – 3000 manat

Nadir Qafarzadə – 3000 manat

Rəqsanə – 2 500 manat

Sevda Yahyayeva – 2500 manat

Cabbar-Könül – 2 500 manat

Tünzalə Ağayeva – 2 000 manat

Rəhim Rəhimli – 2 000 manat

Nüşabə Ələsgərli – 2 000 manat

Təranə Musayeva – 2 000 manat

Elnarə Abdullayeva – 2 000 manat

Manaf Ağayev – 2 000 manat

Xatirə İslam – 2 000 manat

Mənsun İbrahimov – 2 000 manat

Səidə Sultan – 1500 manat

Xuraman Şuşalı – 1 500 manat

Vasif Məhərrəmli – 1 500 manat

Xəyyam Nisanov – 1 500 manat

İzzət Bağırov – 1 500 manat

Aşıq Əli – 1 500 manat

Şəbnəm Əsədova (Şəmkirli) – 1500 manat

Aşıq Telli – 1 500 manat

Leyla Ramazanlı-1500 manat

Almaz Ələsgərova – 1 000 manat

Könül Xasıyeva – 1 000 manat

Xatun – 1 000 manat

Səməd Səmədov – 1 000 manat

Ayan – 1 000 manat

Elariz – 1 000 manat

Zöhrə Abdullayeva – 1 000 manat

Teymur Əmrah – 1 000 manat

Nura Suri – 1 000 manat

Zenfira İbrahimova-1000 manat

Rüfət Axundov – 1 000 manat

Zabit Nəbizadə - 1 000 manat

Faytonçu Nazim – 1 000 manat

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG