Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:21

Əgər sizi bazarda qul kimi satsaydılar...


Seymur Baycan
Seymur Baycan

-

Sən allahı köməyə çağırırsan, o isə allah adına sənin başını kəsir. Kimə yalvarasan, kimdən, hansı qüvvədən kömək gözləyəsən...

Seymur Baycan

DİN, MİLLƏT, VƏTƏN

Belə bir xəbər oxudum. Filan ərəb ölkəsində bir silahlı təşkilatla bir tayfa arasında davam edən qarşıdurmanın dayandırılması üçün tərəflər razılığa gəliblər.

Ölkənin, silahlı təşkilatın, tayfanın adını özüm yazmıram. Bu, yazını konkretləşdirəcək.

Görünən budur ki, belə təşkilatlarla belə tayfalar arasında hələ çox silahlı qarşıdurma olacaq.

Əgər onlar razılığa gəlməsəydilər, həmin silahlı təşkilat tayfanın kişilərini öldürüb qadınlarını zorlayacaqdı, uşaqlarını da ürəyi istəyən kimi istifadə edəcəkdi. Məsələn, bazara çıxarıb satacaqdı.

Necə ki silahlı təşkilatlar və tayfalar öz aralarında tez-tez belə razılığa gələ bilmirlər və hadisələr yuxarıda yazılan istiqamətdə cərəyan edir.

Yazının davamını yazmağa hədsiz dərəcədə həvəssizəm.

21-ci əsrdə bir şüurlu canlı başqa bir şüurlu canlının başını kəsir, sonra da kəsilmiş başla futbol oynayır. Kəsilmiş başları yan-yana düzüb qarşısında şəkil çəkdirir. Din adına. Təriqət adına.

Siz bu yayılan xəbərləri xəbər kimi oxumayın. Özünüzü o adamların yerinə qoyub onları hiss etməyə çalışın. Zorlanma, qan, göz yaşları. Edam, ölüm hökmləri. Evlər dağılır, insanlar hara gəldi baş götürüb qaçırlar.

Nə qədər çətin olsa da, bir anlıq təsəvvür et ki, sifətinə qara maska taxmış bir insan Allahu Əkbər deyərək bıçağı sənin boğazına çəkir. Sən allahı köməyə çağırırsan, o isə allah adına sənin başını kəsir. Özünüzü beş dəqiqə sonra başı kəsiləcək adamın yerinə qoyun.

Kimə yalvarasan, kimdən, hansı qüvvədən kömək gözləyəsən. İnsan da insanın başını kəsərmi? Nə qədər çətin olsa da, özünüzü o zorlanan qadınların yerində hiss edin. Nə qədər çətin olsa da, öz övladlarınızı qul bazarında satılan uşaqların yerində təsəvvür edə bilərsinizmi bir anlıq? Əgər siz bilsəniz insanın öz evini tərk edib çöllərə düşməsi nə deməkdir. Bu nə qədər çətindir. Bu nə qədər ağırdır. Bütün bunlar nə qədər dəhşətlidir.

Terror təşkilatı girovun başını kəsməyə hazırlaşır, Suriya
Terror təşkilatı girovun başını kəsməyə hazırlaşır, Suriya

Ərəb ölkələrində hal-hazırda baş verən hadisələr sadəcə adamı insan adından utandırır. Bunun hələ Türkiyəsi var. Əgər orda türklər və kürdlər bir-birinə girişsələr, elə böyük dəhşətlər baş verəcək ki, adam heç o dəhşətləri təsəvvür belə etmək istəmir...

21-ci əsrə yaraşmayan dəhşətlər.

Yalandan bir yerdə yaşayırlar. Realda isə bir-birlərinə hədsiz nifrət edirlər. Bu nifrət aradan qaldırılmasa, bir gün öz sozünü deyəcək. Bunun hələ İranı var. Türklər farslara nifrət edir, farslar türklərə, kürdlər türkə, türklər kürdə... nifrət, nifrət, nifrət.... Bu nifrət vətən, torpaq, millət, millətçilik, vətənpərvərlik, din, təriqət adlı anlayışlardan güc alır.

Millətçilik və vətənpərvərlik nifrəti bəsləyir, qidalandırır, böyüdür. İnsanlar üçün böyük bir edam ağacına çevirir. Bəyəm insan vətənpərvərdir deyə onun bütün hərəkətləri təqdir olunmalıdır? Hitler də vətinini sevirdi. Onun bu sevgisi vətənin başına elə oyun açdı ki, nə dillə deyiləsidi, nə də qələmlə yazılası.

Bir müşahidəmi bölüşüm. Bir qayda olaraq siyasi mövqeyini dəyişən, vətəndaş mövqeyini itirən adamlar vətəndən danışmağa, vətənpərvər olmağa başlayırlar.

Bəzən vətənpərvər olmaq mənəvi deqradasiyanın başlanğıcı kimi görünür. Mənəvi çöküşün isə əvvəli var, sonu yoxdu.

Lev Tolstoy
Lev Tolstoy

Bu mənada Lev Tolstoyun “vətənpərvərlik əclafların son sığınacağıdı” sözlərini bir yox, bir neçə mənada yozmaq olar.

Yazının davamını yazmağa heç həvəsim yoxdu. Onsuz da azərbaycanlıların hər hadisəyə özlərinin konkret münasibəti var. Ona görə hər hansı tarixi hadisədən söz açmaq fikrindən uzağam. Sadəcə onu demək istərdim ki, Şərq insanı, həmçinin bizim insanlarımız Qərbdə son üç yüz ildə baş verən hadisələrdən xəbərsizdilər.

Özünü ziyalı adlandıran yekə-yekə kişilər əyinlərində kostyum, boyunlarında qalstuk ağızları sulana-sulana Stalin, Hitler haqqında mədhiyyə deyirlər. Nə deməkdir bu? Utanmırlar. Ayıbdı sadəcə.

Bu iki xəstə insana öz heyranlığını gizlətməyən adamların özləri xəstə təfəkkürlü hesab olunmalıdı. Kosmopolit sözünün qınaq, söyüş kimi istifadə olunduğu insanların arasında yaşayırıq.

Hər bir millət öz savadsızlığının, tarixdən ibrət götürə bilməməsinin cəzasını çəkməkdədi. Tarixlə daha dərindən tanış olduqca din, millət, vətən, vətənpərvərlik sözlərindən daha çox qorxuram.

Bu sözlər nə qədər insanın həyatına son qoyub. Nə qədər qanın, göz yaşlarının axmasına səbəb olub. Bu dəhşətlər hələ də davam edir.

Din, millət, vətən sözləri hələ gələcəkdə nə qədər qanın, göz yaşlarının axmasına səbəb olacaq, onu bir gələcək özü bilir. Insanın öz milləti ilə fəxr edib başqa millətin nümayəndələrinə yuxarıdan aşağı baxması onun tutaq ki həftənin cümə günü dünyaya gəlib şənbə günü doğulanlara yuxarıdan aşağı baxmasına bənzəyir.

Millətçilik, irqçilik, dini fanatizm qan, göz yaşları, zorlanmalar, edamlar, qaçqınlıq sözlərinin sinonimidir.

Özümüzü planetin bir sakini kimi hiss etməyimiz üçün çoxlu oxumağa, araşdırmağa, filosof olmağa ehtiyac yoxdu. Bəzən belə bir təəssürat yaradılır ki, özünü planetin sakini kimi hiss etmək ancaq müəyyən intellektual insanlara, seçilmişlərə müəssər olur. Özü də hədsiz çətinliklə. Guya ora klub-filandı, hər adamı buraxmırlar.

Xeyr. Hər bir insan həqiqətən də özünü planetin sakini kimi hiss edə bilər.

Bunun üçün o sadəcə və sadəcə özünün insan olduğunu dərk etməlidi. Vəssalam. Bu qədər sadə.

XS
SM
MD
LG