Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:39

Axı niyə uşaqlarınızı boksa, güləşə yazdırırsınız?..


Seymur Baycan
Seymur Baycan

-

Doğurdan da sağlamlıq, sağlam həyat tərzi sürmək, idmanla məşğul olmaq yaxşı şeydi.

Lakin bir insanın böyük əziyyət çəkib, tər tokub ömürünü, əzələlərini şişirtməyə sərf etməsini başa düşə bilmirəm...

Seymur Baycan

DAHİLƏRİ TƏƏCCÜBLƏNDİRƏN UŞAQLAR...

Ədəbiyyat həm də həyat hadisələrinin üstünə hisslərin əlavə edilməsidi.

Ədəbiyyat bizə başqa insanları tanıdır, ədəbiyyatın sayəsində başqalarının həyatı ilə tanış oluruq.

Məsələn, xidmət sektorunda çalışan adamları, xüsusən qızları və qadınları görərkən mən istər-istəməz Drayzerin əsərlərini xatırlayıram.

Səliqəli, təmiz mağazalarda, ofislərdə çalışan, gülümsəyən, mehriban danışan, təmiz geyinən insanların ofisdənkənar həyatının ağırlığını ədəbiyyat bizə öyrədir. Biz onları təmiz ofislərdə görürük. Bu görüntü bizi aldadır. Elə bilirik ki, onlar da bu təmtərağın və bər-bəzəyin vacib bir hissəsidi.

Elə bilirik ki, onlar bu təmtərağın bir növ şərikidirlər. Bu təmtərağın və bəzəyin müəyyən mənada az da olsa sahibidirlər. Halbuki bu gülümsəyən qızların bu bər-bəzəyə və təmtərağa heç bir aidiyyatı yoxdu. Onlar maaşa işləyirlər. Vəssalam. Bu qədər sadə.

Gündə neçə saat mağazada ayaq üstə dayanan bu gülərüz qızların əsl həyatını isə ədəbiyyat açıb göstərir. Biz ədəbiyyat vasitəsi ilə öyrənirik ki, təmiz ofisdən, pariltili maqazalardan çıxan bu qızlar heç də rahat evlərə qayıtmırlar. Məsələnin mənəvi tərəfini qoyaq bir kənara. Evdə onları narahatlıq, söz-söhbət, problemlər gözləyir. Evdəkiləri də tam qınamaq olmur. Hamımız əziyyət çəkirik.

Biz onları ofisdə görürük və ağlımıza gəlmir ki, onların bir çoxu kirayədə yaşayır. Bəzilərinin heç normal yaşamaq üçün evi yoxdu. İşdə isə ciddi rejim onları səhv etməməyə, üstəlik gülümsəməyə məcbur edir. Maaşın kəsilməsi qorxusu, işdən qovulmaq təhlükəsi bu adamları daima təşviş içində saxlayır.

Təmiz ofislərdə çalışan bu insanların həyatlarını bir balaca bilsək onlara qarşı kobudluq etmərik. Əlbəttə sırf insan kimi məsuliyyətdən yaxa qurtarmaq üçün biz burda xeyli səbəblər sadalaya bilərik. Onlar yaxşı işləmirlər, arzularla imkanların sərhədini müəyyən edə bilmirlər, lazımsız yerə kredit götürürlər, özləri öz həyatlarını lazımsız yerə ağırlaşdırırlar...

Bütün bunlar bizi yenə də insan kimi münasibət göstərmək məsuliyyətindən azad edə bilməz. Ədəbiyyat bizə bunu öyrədir.

Rudyard Kipling
Rudyard Kipling

Bəzi adamlar deyir ki, bədii ədəbiyyat mənə informasiya vermir. Çox qəribədir ki, bu sözü daha çox bizim millətin nümayəndələrindən eşitmişəm. Əgər onlar səmimi olsalar, əslində birbasha belə deyərlər: - “Mən oxumaq istəmirəm”. “Ərinirəm”. “Həvəsim yoxdu”.

Ədəbiyyat hətta bizə heyvanların həyatını öyrədir. Əgər adamlar Kiplinqin “Mauqli “əsərini diqqətlə oxusalar heyvanlar haqqında nə qədər maraqlı şeylər öyrənərlər. İnternetin olmadığı bir vaxtlarda Kiplinq heyvanların həyatını öyrənmək üçün nə qədər çalışıb, nə qədər oxuyub, nə qədər əziyyət çəkib. “Mauqli” ikibaşlı əsərdi. Həm macəra, əyləncə kimi oxumaq olar, həm də ciddi, ağır bir əsər kimi.

Əsəri hərə öz səviyyəsinə uyğun dərk edə bilər. Məsələn, həmin əsərdə bir yer var. Meymunlar varlı bir knyazın vaxtilə məşhur olmuş sarayında yaşayırlar. Bir vaxtlar göz qamaşdıran, heyrət doğuran dəbdəbədən əsər-əlamət qalmayıb. Kiplinq həmin yeri o qədər mükəmməl və incə yazıb ki, adam həqiqətən də həyatın faniliyinə inanır. İnanır ki, doğrudan da Süleymana qalmayan dünya heç kimə qalmayacaq.

Bəs bu bər-bəzəyi, bu daş-qaşı, bu daş-divarı əldə etmək üçün başqalarına zülm etməyə, başqalarının qanını içməyə, başqalarını ağlatmağa dəyərmi? Budur, vaxtı ilə hamının bər-bəzəyinə mat qaldığı möhtəşəm bir sarayda indi meymunlar yaşayır. Üstəlik bu meymunlar başqa heyvanların diqqətini cəlb etmək üçün, başqa heyvanlar başlarını qaldırıb onlara baxsın deyə min cür hoqqa çıxarırlar. Bir növ özlərini aparmağı bacarmırlar. Meyvələri yolub heyvanların başına atırlar.

Ağacların budaqlarını qırırlar. Özlərinə qaydalar yaradırlar, amma bu qaydalara riayət etmirlər. Özlərinə başçı seçirlər, sonra bu başçını qovurlar. Heç kimin diqqətini cəlb edə bilmədikdə isə özləri-özlərinə təsəlli vermək üçün belə bir fikir ifadə edirlər – “bizim öz qaydalarımız var”. Bəyəm bunlar maraqlı deyil? Məsələn, Kiplinq “Mauqli” əsərində yazır ki, Hindistanda ovçular öldürdükləri pələng sonra yuxularına girməsin deyə öldürdükləri pələngin bığlarını yandırırmışlar. Bəyəm bu maraqlı deyil? Düzdü, adamlar deyə bilər ki, mənə əgər heyvanların həyatını öyrənmək lazım gəlsə gedib heyvanlar haqda sənədli filmlərə baxaram. Doğrudu. Bax. Heç kim qadağan etmir. Lakin hadisələrin problemlərin bədii həlli başqa şeydi.

Honoré de Balzac
Honoré de Balzac

Bir çox insanlar sadəcə bədii təfəkkürlərinin olmamasından əziyyət çəkirlər. İnsanın bədii təfəkkürə malik olması onun böyük üstünlüyüdü. Belə insanlar başqalarının həyatını daha tez hiss edirlər və həyatı dərk etməkdə bədii təfəkkür insana daha bir pəncərə açır. Başqa qitələrdə yaşayan,yaxud əsrlər əvvəl yaşamış indi bir ovuc torpağa çevrilmiş insanların sevgisi, sevinci, iztirabları, ümumilikdə həyatı ilə tanış olmaq bəyəm maraqsızdı? Əgər maraqsızdırsa, ta mənim sizlərə deməyə sözüm yoxdu. “Ədəbiyyat mənə informasiya vermir” deyib özünüzü biabır etməyin. Marks, yoxsa Engels (ikisindən biri) deyirdi ki, Fransa tarixini öyrənmək üçün ən yaxşı mənbə Balzakın əsərləridi.

İllərlə toplanmış təcrübə, müşahidə, böyük əzab-əziyyət, yuxusuz gecələr sayəsində yazılmış bir əsəri on günə, bir həftəyə oxumağın nə qədər böyük bir lütf olduğunu insan başa düşmürsə bu ədəbiyyatın problemi deyil, həmin insanın özünün problemidi. Düzdü, əsərin hansı müddətə yazılması göstərici deyil. Bulqakov “Master və Marqarita”nı on bir , Tomas Mann Yusif və qardaşları əsərini on beş ilə, Oskar Uayld “Dorian Qreyin portreti” əsərini üç həftəyə yazmışdı. Hər ucu şedvrdir. Hər uç əsər böyük iztirabların, ağrıların, böyük təcrübənin sayəsində yaranıb. Bədii təfəkkürün nə qədər önəmli bir məsələ olduğunu getdikcə daha çox anlayıram. Əgər adamda bədii təfəkkür yoxdursa və üstəlik ədəbiyyat haqqında söhbət etmək istəyirsə söhbəti öz tərəfimdən bağlayıram, adamı mədəni surətdə yola verirəm, heç bir izaha ehtiyac duymuram.

Bədii təfəkkür hər kəsdə olmur. Hətta ədəbiyatla məşğul olan adamların özləri belə bədii təfəkkürün çatışmazlığından əziyyət çəkə bilər. Ola bilər ki, adam on roman, cild-cild kitablar yazsın, yazıçı kimi bütün ölkədə tanınsın, bu o demək deyil ki, onun bədii təfəkkürü var. Gəlin “Segri ata” əsərini yada salaq. Sergi ata bütün Rusiyada məşurlaşmışdı. Adamlar şəfa tapmaq, xeyir-dua almaq üçün onun yanına gəlirdilər.

Amma o, “necə yaşamaq” sualına cavab almaq üçün öz dayısı qızının yanına getdi. Bədii təfəkkür də inanc kimi bir şeydi. Ya var, ya da yoxdu. Məsələn, adam var bütün dini rituallara əməl edir, lakin bir balaca diqqətlə müşahidə etdikdə görürsən ki, adamda Allahın varlığından əsər-əlamət yoxdu. Söhbət ondan getmir ki, o öz əməllərini din vasitəsi ilə pərdələyir, yaxud dini vasitə kimi istifadə edir. Xeyr. Məsələni bu qədər bəsitləşdirmək olmaz. Ola bilsin, hətta özünü tənzimləmək üçün din ona lazımdır. Din yaxşı adam olmaq üçün ona köməklik edir. Lakin nə edəsən, təməlində, bünövrəsində həqiqi, fitri möminlik yoxdu. Adam da var ki, heç bir dini qaydaya riayət etmir, lakin dünyaya Allahın sevimli bəndəsi kimi gəlib. Hər əməlində, hər hərəkətində, hər sözündə Allahın varlığı hiss olunur. Bu mövzuda Tolstoyun “İki qoca” adlı gözəl bir hekayəsi var.

İndi söhbəti gətirək ədəbiyyata. Məsələn, Anar Rzayevdə, Elçin Əfəndiyevdə bir qram da olsun bədii təfəkkür yoxdu, amma Əkrəm Əylislinin sifətinə baxan kimi hiss olunur ki, adam bədii təfəkkürlə yaşayır. Hər şey onun üçün ədəbiyyatdı.

Bir qız vardı. Novruz bayramı ərəfəsində söhbət edirdik. Dedi ki, of yenə uşaqlar həyətdə tonqal qalayacaqlar ... İşığı pəncərəmizə düşəcək. Bu bədii təfəkkürdü. Bu söz mənə o qədər təsir etdi ki, uzun müddət özümə gələ bilmədim. Hələ də bu söz mənə olmazın əziyyətini verir. Üstəlik sistemin, mentalitetin, amansız qaydaların bir istedadı, bədii təfəkkürə malik bir qızcığazı necə məhv etdiyinin bir daha şahidi oldum. Necə xilas edəsən? Kimi xilas edəsən? Nəylə, hansı güclə, hansı vasitələrlə xilas edəsən?

Bu cür istedadlı insanlar, uşaqlar həyat yaşamadan,öz istedadları ilə insaniyyətə və bəşəriyyətə heç bir tövhə vermədən məhv olub gedirlər. Uşaq demişkən, Çexov bir dəfə bir uşağın dilindən “dəniz böyük idi” sözlərini eşidir və bu sözdən çox bərk təsirlənir.

Çexov kimi bir dahini bir uşağın təəccübləndirməsini anlayışla qarşılamaq lazımdı. Çexovu çox güman təəccübləndirən, təsirləndirən uşağın bədii təfəkkürü idi. Lenin isə Çexovun “6 nömrəli palata” əsərini oxuyanda havalanmışdı. O, otaqda tək qalmaqdan qorxurdu. Lenin yazırdı ki, mənə elə gəlir, mən özüm də dəli olacam. Leninin bir əsərdən bu qədər təsirlənməsinin səbəbi onun güclü bədii təfəkkürə malik olması idi. Onun ədəbiyyat, ayrı-ayrı yazıçılar və əsərlər haqqında yazdığı məqalələr bu gün də öz aktuallığını saxlayır.

Dünyaya müxtəlif baxışlar var. Bu baxışlardan biri də ədəbiyyatın açdığı pəncərədən baxılan baxışdı. Sözün həqiqi mənasında ədəbiyyat həyat tərzidi. Bədii təfəkkürə malik adam tapmaq asan məsələ deyil. Bu dəqiqə mənim üçün ən böyük həzz bədii təfəkkürə malik adamla saatlarla oturub ədəbiyyat, əsərlər haqqında danışmaqdı.

Ədəbiyyat bizə həm də həyata bir roman, insanlara isə obrazlar kimi baxmağı öyrədir. Bir növ həyatın faciələrini, zarafatlarını, dönüşlərini daha rahat qəbul etmək olur. Romanlar müxtəlif olduğu kimi həyatlar da müxtəlifdi. Ağırı var, yüngülü var. Boşluqdan əziyyət çəkən, məzmunsuz, pis, qəddar adamlara rast gəldikdə isə öz-özünə düşünürsən – “yəqin bunlar da olmalıdı”. Romanın maraqlı alınması üçün yəqin bunlar da lazımdı.

Adamlara obraz kimi baxmağım onları dinləməyi öyrənməyimə şərait yaratdı. Yazar üçün isə dinləməyi bacarmaq çox vacib şərtlərdən biridi. Təəssüf ki, bunu çox gec başa düşdüm. Əvvəllər adamları iki yerə bölürdüm. Savadlılara və savadsızlara. Savadsızlarla heç ünsiyyətə girmək istəmirdim. Onlara yuxarıdan aşağı baxırdım və çox təhqiramiz münasibətim vardı. İndi isə, yəni daha doğrusu adamlara obraz kimi baxmağı öyrənəndən sonra müxtəlif peşə sahibləri ilə asanlıqla ünsiyyətə girirəm, onların arzularını qayğılarını istəklərini öyrənirəm. Danışdırıram. Məsələn, sürücülərlə maşınlar haqqında danışıram. Halbuki, nəinki xəbərim, heç adi bir məlumatımın olmadığı bir sahədi. Səhv buraxmaqdan qorxmuram.

Onlar da, sürücülər də çox həvəslə səhvimi düzəldirlər. Söhbətdən söhbət çıxır. Indi əgər ozum istəyirəmsə, istənilən adamla ünsiyyətə girirəm. Adamlara obraz kimi baxdıqda onlar daha çox maraq doğurur. Onları daha rahat qəbul etmək olur. Yeganə ünsiyyətə girə bilmədiyim, daha doğrusu ünsiyyətə girməyə həvəs göstərmədiyim təbəqə idmançılardı. Doğurdan da sağlamlıq, sağlam həyat tərzi sürmək, idmanla məşğul olmaq yaxşı şeydi. Lakin bir insanın böyük əziyyət çəkib, tər tokub ömürünü, əzələlərini şişirtməyə sərf etməsini başa düşə bilmirəm.

Bir müddət əvvələ qədər elə bilirdim ki, idmançılarla ünsiyyətə girə bilməməyim mənim öz problemimdi. Lakin oturub düşündüm və bu qərara gəldim ki, bu təkcə mənim problemim deyil, ədəbiyyat özü idmanla, idmançılarla çox az ünsiyyətə girib. Az qala hər peşə sahibi haqqında neçə-neçə romanlar yazılıb , amma idmançıların həyatından bəhs edən romanlar çox azdı. Ola bilsin sovet dövründə sosrealist yazıçılar idmançılar haqqında sosrealist, şən əsərlər yazıblar.

Amma idmançı həyatı haqqında tutarlı əsər xatırlaya bilmirəm. Gorun nə qədər adam idmanla məşğul olur və ədəbiyyat nə qədər az idmana maraq göstərib. Qəribədi. Yəqin idman sahəsi ədəbiyyat üçün xammal kimi maraqsızdı. Düzdü, bir çox adamlar tapıb axtarıb idmandan, idmançıların həyatından bəhs edən bir neçə əsərin adını sadalaya bilərlər. Bu mənzərəni dəyişmir. Əgər bir az əhatəli fikirləşsək həqiqətən də idmanın və idmançıların ədəbiyyat üçün maraqsız olduğunu görərik.

Yazıya və mövzuya heç dəxli olmasa da bir məsələyə də toxunmaq istəyirəm. Bizim valideynlərin aparıb uşağı güləşə, boksa və bu kimi şiddət aşılayan digər idman növlərinə qoymasını anlaya bilmirəm. Əgər istəyirsinizsə övladınız idmanla məşğul olsun, lap yaxşı. Üzgüçülük, tennis kimi ali idman növlərinə aparın.

Niyə boksa, güləşə aparıb uşaqları şiddətə alışdırırsınız? Yox əgər məqsədiniz adamdöyən yetişdirməkdirsə ,əgər istəyirsinizsə uşağınız idmana gedib başqalarını döyməyi öyrənsin, o başqa məsələ. Allah xeyir versin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG