Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Peskov deyir ki, 'Moskva Ukrayna münaqişəsini Yerevana izah edəcək...'


Dmitri Peskov
Dmitri Peskov

Ukrayna məsələsində Moskva və Yerevanın mövqeləri diametral şəkildə fərqlənir.

Bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. O əlavə edib ki, Moskva öz mövqeyini Yerevana israrla izah etməkdə davam edəcək:

"Həqiqətən də bizim Ukraynada, Ukrayna münaqişəsi ətrafında baş verənlərə diametral şəkildə əks baxışlarımız var. Bu bir sirr deyil. Çünki bizim erməni dostlarımızın mövqeyi bizə məlumdur. Biz bu məsələdə onlarla razı deyilik və həqiqətin bizim tərəfimizdə olduğunu israrla izah etməkdə davam edəcəyik”.

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporasının nümayəndələri ilə görüşdə demişdi ki, Yerevan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil:

"Mən çoxdan demişəm ki, bu məsələdə Ermənistan Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bizim üçün çox ağrılıdır ki, bu situyasiyaya təsir edə bilmirik. Ukrayna xalqı bizə dost xalqdır”.

Ermənistanın baş naziri vurğulayıb ku, 1991-ci il tarixli Almatı Bəyannaməsi təkcə Ermənistana yox, həm də onu imzalamış bütün keçmiş Sovet İttifaqı respublikalarına, o cümlədən Rusiya və Ukraynaya da aiddir.

O deyib ki, bu sənədi imzalayan respublikalar o vaxt üçün mövcud sərhədləri qarşılıqlı və hamılıqla tanıyıblar.

Paşinyan bundan əvvəl də demişdi ki...

Bu Nikol Paşinyanın Yerevanın Moskva ilə müttəfiq olmadığını dediyi ilk hadisə deyil.

O fevralın əvvəllərində demişdi ki, Ermənistan bir sıra obyektiv və subyektiv səbəblərə görə hərbi-texniki əməkdaşlığı əvvəllər olduğu kimi yalnız Rusiya ilə inkişaf etdirə bilməz:

“Başa düşməliyik ki, hərbi-texniki və müdafiə xarakterli münasibətlərimiz real olaraq kiminlə ola bilər. Əvvəl bu problem sadə idi, çünki belə bir məsələ yox idi və konsepsiyanın yaradılması mürəkkəb deyildi. Əvvəllər bizim müdafiə sferasındakı münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası iləydi. İndi isə istər obyektiv, istərsə də subyektiv səbəblərə görə belə ola bilməz...”

Paşinyan və onun hökumət rəsmiləri habelə Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müxtəlif səviyyədə tədbirlərini boykot edirlər.

Ermənistan hökuməti bildirir ki, Rusiyanın başçılıq etdiyi KTMT Ermənistanı Azərbaycanın “təcavüzündən” müdafiə etməməklə Yerevanın qarşısında götürdüyü öhdəlikləri pozub.

Ermənistan KTMT-dən yenə xahiş edibmiş

Paşinyan ötən həftə keçirdiyi hökumət müşavirəsində Azərbaycanla sərhəddə atışmadan sonra Yerevanın bir daha KTMT-yə müraciət etdiyini etiraf edib.

Onun sözlərinə görə Ermənistan KTMT-dən ölkənin ərazi bütövlüyünün təmin edilməsini və Azərbaycan qoşunlarının onun ərazisindən çıxarılmasını rica edib:

“Biz müraciət edərək, o cümlədən Ermənistanın ərazi bütövlüyünün bərpası və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərasisindən çıxarılmasını istəmişdik”.

Paşinyan bunu da demişdi ki, “Rusiya və KTMT bizim müttəfiqlərimizdir”, bu prosesə başlanıb və bu məsələ həll olunmalıdır.

Ermənistan müdafiə nazirinin müavini Paruyr Ovannisyan qeyd etmişdi ki, Yerevan habelə Moskvanın hərbi ittifaq çərçivəsində bir sıra müddəaları yerinə yetirməsini istəyib.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə “İzvestiya” qəzetinə müsahibəsində demişdi ki, Moskva Ermənistanın təhlükəsizliyinin təminatı üçün KTMT-yə alternativ görmür:

"Biz ondan çıxış edirik ki, KTMT-də olması ilk növbədə Ermənistanın və erməni dövlətinin marağındadır. Obyektiv baxılarsa, Ermənistanın təhlükəsizliyinin təminatı üçün KTMT mexanizminə alternativ yoxdur”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG