Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:17

ABŞ səfiri: 'Bir neçə nəfərin sərhəddə binokl ilə gəzməsini güclü bir orduya təhdid saymıram'


ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi

"Birləşmiş Ştatlar daima azad söz və azad media prinsiplərini müdafiə edəcək. Bunlar bizim iki əsas dəyərimizdir və nəyinsə qarşılığında güzəştə gedə bilmərik. Bu barədə həmişə açıq danışmışıq".

Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) fevralın 15-də bir qrup jurnalistlə görüşündə deyib.

"Bunların (azad söz və media prinsiplərinin - red.) Azərbaycanda necə işləməsinə Azərbaycan özü qərar verməlidir, ancaq öz konstitusiyası çərçivəsində. Beynəlxalq öhdəlikləri var və biz həmin öhdəliklərə əməl olunmasını istəyirik", - səfir bildirib.

Hazırda Azərbaycanda azı 10 jurnalist həbsdədir. Onların altısı araşdırmaçı AbzasMedia saytının əməkdaşlarıdır. Jurnalistlər qaçaqmalçılıqda ittiham olunsalar da, ittihamları qəbul etmirlər. Azərbaycan hakimiyyəti jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması haqda deyilənləri qəbul etmir.

Səfir Libbi ABŞ və Azərbaycan arasında münasibətlərdə ziddiyyətlərin olduğu məqamlardan danışıb: "Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması, həmçinin ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı bildirdik. Bu, münasibətlərimizə mənfi təsir göstərir".

Diplomatın sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var: təhlükəsizlik, enerji və s.

"Legitimliklə bağlı sual Azərbaycan xalqına verilməlidir"

7 fevral növbədənkənar prezident seçkilərindən bir həftə keçməsinə baxmayaraq, Birləşmiş Ştatlardan Azərbaycana təbrik mesajı gəlməyib. ABŞ səfirliyi isə ATƏT-in ilkin hesabatı ilə razılaşdığını bildirib.

ATƏT hesabatında Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlərin əsl demokratik seçki standartlarına zidd olduğunu bildirmişdi. AzadlıqRadiosunun Birləşmiş Ştatlarda seçkinin legitimliyinə dair hər hansı şübhələrin olub-olmamasına dair sualını səfir belə cavablandırıb ki, ATƏT-in hazırladığı hesabatda seçkinin keçirilməsi, seçkiqabağı vəziyyətlə bağlı spesifik narahatlıq ifadə olunub: "Həmin prosesləri biz də izləmişik. Bunları görmədiyimizi demək yalan olardı. Ona görə də (ATƏT-in ilkin hesabatı) ilə razılaşdığımızı bildirdik".

Səfir ABŞ rəhbərliyinin prezident İlham Əliyevin yeni mandatı dövründə Azərbaycanla işləməyi davam etdirməyi səbirsizliklə gözlədiyini söyləyib: "Legitimliyin olub-olmadığını demək bizlik deyil, bu sual Azərbaycan xalqına verilməlidir. Biz konkret seçkinin necə keçirilməsi və bəzi digər narahatlıqları şərh edirik. Bunları düzəltmək bizim problemimiz deyil. İndi bizim etməli olduğumuz prezidentin yeni mandatı dövründə münasibətləri irəli aparmaqdır".

M.Libbi sərhəddə son gərginliyin narahatlıq doğurduğunu deyib: "Tərəflərin bu eskalasiyası dayandırmaq səyləri məni ürəkləndirir. Tərəfləri bunu davam etdirməyə çağırıram, çünki bir-birinə atəş açmırsızsa, danışıq aparmaq, fikir ayrılıqlarını həll etmək asandır".

Səfir Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə hər hansı məlumat olmadığını bildirib.

Fevralın 13-də Azərbaycan və Ermənistan sərhədində gərginlik yaşanıb. Azərbaycan bir hərbçisinin yaralanmasına cavab tədbirləri gördüyünü açıqlayıb. Ermənistan tərəfi dörd hərbçisinin öldüyünü, birinin isə yaralandığını bildirib.

"Sülhməramlı deyilən qüvvələr..."

Hazırda Bakı və Moskva Qarabağdakı Rusiya hərbi kontingenti ilə bağlı məsələni müzakirə edir. Sülhməramlıların müddəti 2025-ci ildə başa çatır. Səfir Libbi Rusiya qoşunlarının regiondakı roluna skeptik yanaşdığını deyib: "Sülhməramlı deyilən qüvvələrin girdikləri yerdən çıxmamaq vərdişi var. Regiondakı ölkələrin bu məsələyə şübhə ilə yanaşmasını anlayıram. Azərbaycan da bu məsələdə ehtiyatlı davrana bilər, amma bu məsələdə qərar vermək mənlik deyil".

Son günlər hökumətə yaxın media Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə yerləşdirdiyi mülki missiyanı hədəfə alıb, sözügedən missiyadan kəşfiyyat məqsədilə istifadə olunduğunu iddia edir. Aİ-nin Bakıdakı səfiri Peter Mixalko bunu təkzib edəndən, missiyanın yalnız müşahidəçiliklə məşğul olduğunu yazandan sonra XİN-ə çağırılıb, ona missiya ilə bağlı narahatlıq çatdırılıb. XİN daha bir bəyanatında bildirib ki, bu missiya Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.

ABŞ-ın Azərbaycandakı səfiri M.Libbi deyir ki, ölkəsi tərəflər arasında inam yaradan istənilən səyi dəstəkləyir: "Bunun təhdid sayılması isə gülməlidir. Bir neçə nəfərin orada binokl ilə gəzməsini güclü bir orduya təhdid saymıram".

Azərbaycan 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti tam bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG