Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:30

Livanlı ermənilər acı seçim qarşısında: ölüm riski, yoxsa ölkəni tərk etmək


Beyrutun cənubunda İsrailin hava zərbəsi endirdiyi yerdən tüstü qalxır.
Beyrutun cənubunda İsrailin hava zərbəsi endirdiyi yerdən tüstü qalxır.

İsrailin Livandakı hava hücumları ölkənin 150 minlik erməni icmasını acı seçim qarşısında qoyub: qalıb həyatlarını riskə atsınlar, yoxsa doğma ev saydıqları ölkəni tərk etsinlər.

AzadlıqRadiosunun müxbirləri Lusine Musaelyan və Frud Bejan bu haqda yazırlar

Livanlı ermənilər İsrailin bu ölkəyə qarşı ən ağır hava zərbələrinə tuş gəlməsələr də, zərbələr bir çox ermənini doğulduqları ölkədən getmək barədə düşünməyə məcbur edib.

"Mən heç vaxt bu kimi genişmiqyaslı dağıntılara və mülki əhaliyə qarşı hücumlara rast gəlməmişəm", – Livanın erməni icmasının üzvü söyləyib.

İsrail Livan paytaxtı Beyruta hava zərbələri endirəndə Zakar Keşişyanın evindəki pəncərələr möhkəm sirkələnir.

"Biz bilmirik, bombalar bizdən hansı məsafədə yerə dəyəcək", – 56 yaşlı sakin söyləyir. "Dua etməliyik ki, sağ qalırıq", – o əlavə edir.

Keşişyan Beyrutun çıxışında yerləşən Məzhər adında bir şəhərcikdə yaşayır. Bu yer İsrailin dağıdıcı hava zərbələrinin vahiməsini yaşamayıb.

Keşişyan ölkədəki 150 minlik erməni xristian icmasının üzvüdür. Onların çoxu Birinci Dünya müharibəsi dövründə kütləvi qırğınlar zamanı qətlə yetirilən 1.5 milyonadək erməninin törəmələridir. Onlarla ölkə Osmanlı imperiyasında baş vermiş bu qırğınları soyqırımı kimi tanıyıb. Türkiyə həmin qırğınların baş verdiyini etiraf etsə də, hadisələrin ermənilərə və o vaxt Türkiyədə yaşayan xristianlara qarşı düşünülmüş bir siyasət olmasına dair iddiaları rədd edir.

İndi isə İsrail bir çox livanlı ermənini acı seçim qarşısında qoyub: qalaraq həyatlarını riskə atmaq və ya doğma ev saydıqları ölkəni tərk etmək.

"Burada bizim ən azı 100 illik tariximiz var. İcmamızı, mədəniyyətimi və mülkimizi buraxıb buradan getmək inanılmaz dərəcədə çətin olacaq", – Beyrutda anadan olan musiqiçi Keşişyan deyir.

İsrailin Livana quru ilə hərbi müdaxiləsi və ölkə cənubunun böyük hissəsinə nəzarət edən "Hizbullah"a hava zərbələri bir çox dinc sakinin həyatına son qoyub.

Livanlı rəsmilər sentyabrın 23-dən bu günədək əksəriyyəti mülki şəxs olan 2 min 300-dən çox insanın öldürüldüyü açıqlayıb. 1.2 milyondan çox insan - əhalinin beşdə birindən çoxu öz evlərinin tərk etməli olub. Bu, ölkə tarixində ən böyük məcburi köçdür. 5.5 milyon əhalisi olan çoxmillətli və çoxkonfessiyalı ölkənin cüzi bir hissəsi zərbələrin hədəfinə çevrilməyib.

İsrailin quru qüvvələri ölkənin cənubuna müdaxilə edib, hərbi təyyarələri paytaxt Beyrut və digər vacib şəhərlərə minlərlə hava zərbələri endirib.

Keşişyan, həyat yoldaşı və 12 yaşlı oğlu ilə nadir hallarda Beyrutun şimal-şərqində yerləşən və əhalisinin əksəriyyəti erməni olan Məzhərin hüdudlarından kənar çıxırlar.

"Oğlumu əmin etməyə çalışıram ki, bütün bunlar müvəqqətidir və mən oxşar təcrübədən keçmişəm, sağ qalmışam. Lakin gerçəkdə qorxu hissim məni içəridən yeyir", – Keşişyan deyir.

Beyrutun şərqində, əsasən, ermənilərin yaşadığı Burc Hammudda qaçqın düşərgəsi.
Beyrutun şərqində, əsasən, ermənilərin yaşadığı Burc Hammudda qaçqın düşərgəsi.

Keşişyan danışır ki, İsrailin Livanda apardığı müharibə təkcə "Hizbullah"a qarşı deyil. Qurum ABŞ-də terrorçu təşkilatı kimi tanınsa da, Aİ onun ancaq silahlı qanadını qara siyahısına daxil edib.

"Hamımız bu müharibənin qurbanlarıyıq: siravi insanlar, uşaqlar və yaşlılar", – o söyləyir. "Hamımız bu qeyri-insani əməllərin qurbanlarıyıq. Adi insanların evləri məhv edilməkdədir", – Keşişyan əlavə edir.

"Müharibənin dəhşəti"

Yessayi Havatyan düşünürdü ki, Beyrutdan 60 km məsafədə yerləşən Ancar şəhərində evində ona təhlükə yoxdur. Sakinlərin əksəriyyətini ermənilərin təşkil etdiyi kəndə ölkənin cənubundan qaçan yüzlərlə insan sığınıb.

Lakin 64 yaşlı Havatyan deyir ki, müharibə şəhərin astanasınadək gəlib çıxıb.

"Reallıqda vəziyyətin nə olduğunu qulaqlarımızla partlayışların səsini eşidəndə anladıq. Gözlədiyimizdən daha da yaxın. Bu bizə müharibənin dəhşətini xatırlatdı", – akademik söyləyir.

Turistlər arasında populyar olan bu şəhər Suriya ilə sərhəddəki keçid məntəqəsindən bir neçə kilometr məsafədə yerləşir.

Oktyabrın 4-də İsrailin "əl-Masna" sərhəd-keçid məntəqəsinə hava zərbəsi nəticəsində yolda nəqliyyatın hərəkəti mümkünsüz hala gəlib. İsrail "Hizbullah"ın bu yolla silah daşıdığını iddia edib.

Son üç həftə ərzində 500 minə yaxın insan sərhədi adlayıb. Uşaqlarını və şəxsi əşyalarını daşıyaraq Livandakı zorakılıqdan canlarını qurtarmaq üçün bir çoxu sərhədi piyada keçib.

Ancarda doğulan Havatyan 1975-90-cı illərdə Livandakı vətəndaş müharibəsi və 2006-çı ildəki İsrail-"Hizbullah" müharibəsindən sağ çıxıb. Lakin o deyir ki, indiki münaqişə fərqlidir.

"Livanda bir çox müharibə və silahlı toqquşmalar görmüşəm. Lakin heç vaxt belə böyük dağıntılar və mülki əhaliyə qarşı hücumlar görməmişəm", – Havatyan danışır.

"Livanın cənub bölgələri tamamilə viran qalıb. Görünən odur ki, Qəzzadakı səhnələr sanki təkrarlanır", – İsrailin Fələstin anklavında davam edən müharibəyə işarə edən Havatyan deyib.

İsrailin zərbəsindən sonra "əl-Masna" sərhəd keçidində insanlar dağıntıların yanında gedərkən əşyalarını daşıyırlar.
İsrailin zərbəsindən sonra "əl-Masna" sərhəd keçidində insanlar dağıntıların yanında gedərkən əşyalarını daşıyırlar.

"Daimi həyəcan halı"

Beyrutda yaşayan Kristin Tanielyan-Sarksyan "Cinişyan" Memorial Proqramın işlərini koordinasiya edir. Bu QHT Livanın erməni icmasının çətin vəziyyətdə olan üzvlərinə kömək edir.

"Son bir neçə həftə ərzində həssas ailələrdən bir çox ürəkağrıdıcı hekayələr eşitdim", – humanitar işçi bildirir.

"Kömək etdiyimiz bir neçə ana bizə danışdı ki, onların uşaqları travma, yuxusuzluq və stressin səbəb olduğu qusmalardan əziyyət çəkir", – o əlavə edib.

Kristin 47 yaşlı həyat yoldaşı və üç uşağı ilə Beyrutun şərqində yaşayır. Qaldıqları yer nisbətən təhlükəsiz sayılır, çünki şəhər onu əhatələyən dağın yamacında yerləşir.

Lakin İsrailin 2.5 milyonluq əhalinin sıx məskunlaşdığı Beyruta havadan hücumu hamıya təsir edib.

"Ola bilsin, müharibə birbaşa bizə (erməni icması) qarşı deyil, ola bilsin, biz əsas hədəf deyilik", – o deyir.

"Lakin son bir neçə həftəni daimi həyəcan halında keçirmişik. Şəhərimiz sanki iflic olub, bizi xaos əhatə edir", – o əlavə edib.

Tanielyan-Sarksyan qorxur ki, İsrailin Livandakı kəskinləşən müharibəsi onu və ailəsini ölkədən çıxmağa məcbur edəcək. Əgər ailə təxliyə olmağa məcbur olsa, gedəcəkləri yer Ermənistan olacaq.

"Livan mənim ölkəmdir və erməni icması buradakı həyatımızı qurmaq üçün çox əziyyətə qatlanıb. Dua edirik ki, bu başımıza gəlməsin", – o deyir.

XS
SM
MD
LG