Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:59

Netanyahu İran xalqına müraciət etdi, alqışlayan da oldu, narahat olan da...


Benyamin Netanyahu iranlılara video ilə müraciət edib
Benyamin Netanyahu iranlılara video ilə müraciət edib

İsrail cənubi Livanda İranın dəstəklədiyi Hizbullah silahlılarının əməliyyatlarını pozmaq məqsədi güdən quru əməliyyatına başlamazdan qısa müddət əvvəl baş nazir Benyamin Netanyahu İran xalqına videomüraciətini açıqlayıb.

Netanyahu müraciətində deyir ki, “İsrail İran xalqının yanındadır, lakin öz xalqını və ölkəsini də müdafiəsiz qoya bilməz”.

Baş nazir vurğulayıb ki, “İran rejimi hər bir ötən anla nəcib İran xalqını uçuruma yaxınlaşdırır”.

Sentyabrın 30-da ingiliscə, fars alt titrləri ilə yayımlanmış videoda Netanyahu vurğulayır ki, “əgər İran hökuməti həqiqətən də öz xalqının qeydinə qalsaydı, Yaxın Şərq boyunca mənasız müharibələrə milyardlarla dollar xərcləməzdi”.

Lakin Netanyahunun müraciətindəki bir məqam iranlı tamaşaçıların diqqətini xüsusilə çəkib. Netanyahu deyib ki, “İran nəhayət azad olduqda – və bu an adamların düşündüyündən daha tez gələcək – hər şey fərqli olacaq”.

İlk dəfə deyil müraciət edir

İsrail baş naziri iranlılara video ilə ilk dəfə deyildir ki, müraciət edir. İsrail hökumətinin və İsrail Müdafiə Qüvvələrinin xüsusi farsdilli sosial media hesabları var və onlar iranlılara, xüsusilə də Tehran rejiminə qarşı olanlara təsir göstərmək üçün bu hesablarda müntəzəm paylaşımlar edirlər.

AzadlıqRadiosunun İran xidmətinin təhlilçisi Hanna Kafiani və Fərda radiosu yazırlar ki, farsdilli sosial media Netanyahunun çıxışını həm nigaranlıq, həm də dəstəklə qəbul edib.

Vaşinqtonda mənzillənən Demokratiyaların Müdafiəsi Fondundan Səid Qaseminejad inanır ki, iranlılar Netanyahunun belə müraciətini alqışlayırlar:

"İran milləti və İsrail milləti İslam Respublikasını devirməkdə ortaq maraqlara malikdirlər”.

Bir başqaları isə müraciəti İrana qarşı hərbi hərəkətin tezliklə başlanacağının siqnalı kimi qəbul edir və narahat olurlar. Bir qism sosial media istifadəçiləri isə deyirlər ki, Netanyahunun mürcaiəti sadə iranlılara ünvanlansa da, İslam Respublikasının hakimiyyətinə onun xalq tərəfindən dəstəklənməməsinin xəbərdarlığıdır.

“Netanyahu müqəddəs olmasa da...”

Fransada yaşayan siyasi fəal Kaveh Şirzad Netanyahunun müraciətini alqışlasa da, onun “müqəddəs” olmadığını unutmamağa çağırıb:

"Şəxsən mən gözləyirəm ki, İsrail praktik addımlar atsın və Netanyahunun nitqi söz yığını olaraq qalmasın”.

Şirzad inanır ki, Netanyahu “İran xalqına hökuməti devirməkdə və sabit iqtisadiyyat qurmaqda” kömək edəcək.

Fransada yaşayan yazıçı və şərhçi Ramin Pərham da Netayahunun mesajını alqışlayır, amma əlavə edir ki, mesaj sahibi ilə bağlı “problem” var.

Bəzi müşahidəçilər düşünürlər ki, İsraildən gələn belə müraciətlər İran xalqına dəstəkdənsə, İran dövlətinin işinə yarayır.

Parisdə yaşayan iranlı antropoloq və yazıçı Amin Bozorgian Telegram-da yazır ki, Netanyahunun müraciəti “iranlıların iradəsini fundamental şəkildə gözdən salır”.

Bozorgian Netanyahunun müraciətini İranın daxilindən alqışlayanları tənqid edir və bildirir ki, “İsrail əslində İranın daxildən dəyişməsi ideyasının” əhəmiyyətini azaldır.

“Hətta bərbərə gedəndə də əvvəlcə onun əl işini görmək istəyirsən”

Tehranda yaşayan siyasi fəal Həmid Asəfi AzadlıqRadiosuna deyib ki, “bədbəxtçilikdən bəziləri son onilliklərin mübarizəsindən son dərəcə yorulublar” və Netanyahudan belə bir müraciəti alqışlaya bilərlər.

Bu yaxınlarda İran hakimiyyəti tərəfindən qısa müddətdə saxlanmış Asəfi sual edir: “İsrail bu regionda avtoritar rejimlərin ağalıq etdikləri hansı xalqı azad edib?”

Fəal eyni zamanda İran üzərinə mümkün hərbi hücumun İranın infrastrukturu üçün “fəlakətli” ola biləcəyinə dair xəbərdarlıq edir:

“Nə qədər ki, ali rəhbər ayətüllah Xameneyi sərt xətt-hərəkət tərəfdarlarına qulaq asmır, belə görünür ki, o bunu indiyədək praqmatik qorxu üzündən etməyib, bu, bizim üçün məqbuldur”.

İranda yaşayan media təmsilçisi Rza Rəşidpur X platformasında yazır ki, o İsraildən adi sözlərdən daha çox şey gözləyir:

“Sən hətta bərbərə gedəndə də, onun saç düzümü nümunəsi göstərməsini xahiş edirsən. Biz eşitmişik i, Netanyahu ölkəmizə azadlıq və sülh gətirmək istəyir. Nümunəsini görmüşükmü?”

İsrailin İran üzərinə mümkün hücumundan narahatlıqlar barədə X platformasında yazan amerikalı jurnalist Məsumə Naseri xəbərdarlıq edir:

“Bombalar düşəndə sizin siyasi inanclarınızı sorğu-sual etmir”.

Hizbullah ABŞ-da terrorçu təşkilat kimi tanınır, lakin Avropa İttifaqında onun yalnız silahlı qolu terrorçu siyahısına salınıb. Hizbullahın siyasi qolu Livan parlamentində mandatlara malikdir.

XS
SM
MD
LG