Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:52

Kamala Harrisin həyat yolu və onu gözləyən mübarizə


Kamala Harris
Kamala Harris

AzadlıqRadiosunun təhlilçisi Todd Prins yazır ki, prezident Co Bayden seçki yarışından çıxdıqdan sonra onun vitse-prezidenti Kamala Harris ABŞ-ın iki böyük partiyasından birindən prezidentliyə nominasiya ediləcək ilk qaradərili qadın ola bilər.

Hər şey avqustun 19-21-də Demokrat Partiyasının Çikaqoda keçiriləcək qurultayında 59 yaşlı Harrisin kifayət qədər nümayəndə tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılı olacaq.

Bunun özü ABŞ-ın müasir prezidentlik siyasətində misilsiz hadisə sayılır. Onun hazırda nominasiya edilmək ehtimalı var, lakin bir çox məsələlər qeyri-müəyyən qalır və o başqa namizədlərin rəqabəti ilə üzləşə bilər.

Prins yazır ki, Harrisin nominasiyası Bayden və respublikaçı Donald Tramp arasında rəqabətə köklənmiş yarışın təbiətini dəyişə bilər, hərçənd bir çox amerikalılar səhnədə ümumiyyətlə yeni sima görmək istərdilər.

Baydenin yarışdan gedişi ilə onun fiziki və psixi sağlamlığına dair suallar ortadan qalxsa da, indi Harrisin siyasi tərcümeyi-halı müzakirə mövzusuna çevrilə bilər.

Harris nominasiya olunarsa miqrasiya islahatı, abort hüquqları və Ukrayna müharibəsi kimi kəskin məsələlərlə üzləşməli olacaq. Bütün bu məsələlərə münasibət Pensilvaiya, Miçiqan və Viskonsin kimi tərəddüd edən ştatlarda elektoratın rəyini dəyişə bilər.

Şərhçilərin fikrincə Tramp özünün seçki kampaniyasında daha çox Harrisin miqrasiya sahəsində işini tənqid atəşinə tutacaq və onu “Demokratik Partiyanın radikal solçusu” kimi səciyyələndirməyə çalışacaq.

Harris isə öz növbəsində administrasiyasının son dörd ildəki nailiyyətlərini, o cümlədən iş yerlərinin kəskin artımını, dərman qiymətlərinin ixtisarını və tələbə borclarının silinməsi kimi addımları qabarda bilər.

Abortlar

Harrisin ən güclü keyfiyyətlərindən biri də onun səsvermə və abort hüquqlarının müdafiəsi sahəsində gördüyü işdir.

Tramp prezident olarkən, 2017-2021-ci illərdə Ali Məhkəmə üzvlərinin tərkibini sağa doğru dəyişə bilib.

Bunun üçün o 9 nəfərlik hakimlər heyətinə üç mühafizəkarı nominasiya edib və bu məhkəmə abortları konstitusiya hüququ edən 1973-cü il Roe v. Wade adlı qərarı ləğv edib.

Belə görünür ki, Harris bu yarışda daha çox Trampın kriminal tarixçəsini gündəmə qaytaracaq və onun ölkənin birinci vəzifəsini tutmağa layiq olmadığını isbata çalışacaq.

Tramp maliyyə göstəricilərini saxtalaşdırdığına görə ötən may ayında məhkum edilib, amma onun həbsxanaya salınacağı ağlabatan görünmür.

Buna baxmayaraq Trampı daha iki məhkəmə dinləməsi gözləyir ki, bunlardan biri də onun tərəfdarlarının 2021-ci ilin 6 yanvarında Vaşinqtonda Konqres binasına basqın etməsidir. Tramp bu hadisədən 2020-ci ilin seçki nəticələrini ləğv etmək üçün faydalanmağa çalışırdı.

Miqrasiya problemi

Bununla yanaşı demokratlar Trampı ümumiyyətlə demokratiya üçün təhlükə olmaqda və iğtişaşçıları qızışdırmaqda ittiham edirlər, amma respublikaçı namizədə sui-qəsd cəhdindən sonra bu ittihamları səsləndirməkdən çəkinə də bilərlər.

Harris və Tramp arasında hipotetik yarışı əks etdirən rəy sorğularının bəziləri Harrisin Trampı azacıq üstələdiyini və ya Trampın azacıq irəlidə olduğunu göstərir.

Bayden vitse-prezident kimi Harrisin üzərinə Latın Amerikası ölkələrindən ABŞ-ın cənub sərhədlərinə miqrant axınının azaldılması vəzifəsini qoymuşdu.

Baydenin Tramp dövründən qalma miqrasiya qaydalarını yumşaltması sərhədlərə miqrant axınını artırmışdı. Harris bu problemi kökündən həll etmək məqsədilə miqrantların gəldikləri ölkələrdə yoxsulluğun azaldılmasını və iş yerlərinin açılmasını təklif edirdi. Buna baxmayaraq o həftələrlə sərhəd bölgələrinə baş çəkmədiyinə görə həm sağçıların, həm də öz partiyadaşlarından bəzilərinin tənqidinə hədəf olmuşdu.

Harrisin iş portfelində habelə səsvermə və reproduktiv hüquqların qorunması da var. Ali Məhkəmənin məlum qərarından sonra, 2022-ci ilin Konqres seçkiləri dövründə Harris ölkə boyunca səfərlər edərək demokrat namizədləri dəstəkləmiş və diqqətini abortların leqallaşdırılmasına yönəldəcəyini vəd etmişdi. Demək lazımdır ki, bu kampaniya demokratların seçkidə gözlənildiyindən daha yaxşı nəticə göstərməsinə yol açmışdı.

Harris bir siyasətçi kimi

Harris bir vitse-prezidnet kimi xarici siyasətdə də fəal olub. O onlarca xarici səfərlər edib və 150-dən artıq dünya liderləri ilə görüşüb.

O İsveçrədə keçirilən Ukrayna sülh forumunda ABŞ-ı təmsil edib. Lakin siyasi təhlilçilərin fikrincə Harrisə hələ də beynəlxalq dövlət siyasətçisi kimi baxılmır.

Bu da qeyd olunur ki, Harris Trampla debatda üzləşərsə, seçki ilinin ən böyük məsələlərini - Ukrayna və Qəzzadakı müharibələri müzakirə mövzusu edə bilər. Bu mövzular seçici rəyini dəyişmək potensialına malikdir.

Şərhçilər qeyd edirlər ki, Bayden İsrailə dair özünün bəzi qərarları, o cümlədən İsrailin silahla təchizatı qərarı ilə bir çox gəncləri Demokratik Partiyanın mövqeyindən uzaqlaşdırıb. Bu, ölkə boyunca universitetlərdə tələbələrin anti-İsrail mitinqləri ilə nəticələnib.

Təhlilçilərin fikrincə İsrailə dair qərarlarla birbaşa əlaqəsi olmayan Harris indi Qəzza zolağına zərbələrin endirilməsi məsələsində daha tənqidi mövqe tuta bilər.

Valideynləri

Harrisin irq və cinsinin 2024-cü ilin seçki nəticələrini necə təsirləndirəcəyi hələ ki, məlum deyil.

Bəzi amerikalılar ölkənin qadın prezidentə hələlik hazır olmadığını düşünsələr də, Harris məyus olmuş qaradərili elektoratı partiyasına daha böyük dəstəyə cəlb edə bilər.

Kamala Devi Harris 1964-cü il, oktyabrın 20-də, ölkədə irqi zorakılıqların baş verdiyi bir vaxtda Kaliforniya ştatının Oklend şəhərində yaxşı təhsil almış ailədə doğulub.

Onun anası Şyamala Qopalan nüfuzlu Kaliforniya Universitetində təhsil almaq üçün Hindistandan ABŞ-a mühacirət etmiş bioloq idi.

Onun atası Donald Harris Kaliforniyaya 1961-ci ildə Yamaykadan mühacirət edib. O ABŞ-ın başqa bir nüfuzlu təhsil ocağında – Stanford Universitetinin professoru olub.

Valideynləri boşandıqdan sonra Kamala anası və bacısı ilə Monreala köçüb.

'Baydenin geri çəkilməsi təəccüblü deyil'-ABŞ prezidentinin seçkidən çəkilməsinə şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Baş prokurorluğa gedən yol

Harris ABŞ-a tarixən qaradərililərin təsisatı kimi tanınan Hovard Universitetində təhsil almaq üçün qayıdıb. Burada siyasət elmi və iqtisad ixtisaslarına yiyələnib. Bundan sonra Kamala Harris Kaliforniya Universitetinin hüquq fakültəsində təhsil alıb.

Harris Kaliforniyanın hüquqşünaslar icmasında tezliklə məşhurlaşıb və 2003-cü ildə öz rəhbərini məğlub edərək San Fransiskoda rayon prokuroru olub. Kamala Harris bundan bir il sonra polis nəfərinin qətlində ittiham olunan qanqsterə ölüm hökmü istəməməklə həmkarlarını hiddətləndirib.

Buna baxmayaraq o 2004-2011-ci illərdə rayon prokuroru kimi cinayətkarlığa qarşı sərtliyi ilə tanınıb. Onun prokurorluğu dövründə zorakı və narkotik cinayətlərinə görə ittihamlar artıb. Bu, müəyyən mənada onun 2010-cu il seçkisində qalib gələrək Kaliforniyanın baş prokuroru seçilməsinə yol açıb.

Onun 2020-ci ilin demokratik praymerizindəki bəzi opponentləri Harrisi Kaliforniya prokuroru kimi çox sayda adamı marixuanaya görə həbsxanalara göndərməkdə ittiham ediblər. Hərçənd Kamala Harrrisin özü narkotikin “dadına baxmasını” etiraf edib.

İrqi və incə məsələlər

Sonralar marixuana müalicə məqsədilə Kaliforniyada leqallaşdırılıb. Harris əvvəlcə buna qarşı çıxsa da, sonradan leqallaşdırmaya dəstək verib. Bu da qeyd olunur ki, ABŞ-da narkotiklərə görə daha çox qaradərililər məhkum edilir.

Harrisin 6 illik baş prokurorluğu bir sıra ştatlarda polisin atəş açmasına görə əhali arasında irqi narazılığın artdığı vaxta təsadüf edib.

Bu da qeyd olunur ki, Harris baş prokurorluğu polis cinayətlərinin araşdırılmasına təhkim edən qanun layihəsini dəstəkləməməklə mütərəqqi kütləni qəzəbləndirib.

2020-ci ildə Minnesotada qaradərili Corc Floyd polisin zorakılığı nəticəsində öləndə Harris balanslı mövqe tutmağa çalışıb.

Harris 2016-cı ildə ABŞ Senatına seçilməklə ABŞ tarixində ikinci qaradərili senator olub.

O Senat komitələrindən birinin sədri kimi Trampın kabinetinə daxil baş prokurorlar Cef Seşşnz (Jeff Sessions) və Uilyam Barı, habelə Ali Məhkəməyə nominasiya edilmiş Brett Kavananı (Brett Kavanaugh) sərt sorğu-suala tutması ilə tanınıb.

XS
SM
MD
LG