Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:03

İran ABŞ ərazisində Trampa qəsd edə bilərmi?


Donald Tramp iyulun 13-də sui-qəsd cəhdində güllənin sağ qulağına dəyməsi ilə sağ qalıb.
Donald Tramp iyulun 13-də sui-qəsd cəhdində güllənin sağ qulağına dəyməsi ilə sağ qalıb.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci ildə İran generalı Qasım Süleymaninin qətlinə əmr verdiyi üçün Tehran ona qəzəblidir.

"Radio Fərda" xidmətinin müxbirləri Reza Camali və Human Əskərinin materialları əsasında AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı yazıda deyilir ki, Tehran dəfələrlə Süleymaninin intiqamını alacağına söz verib. Ali dini lider Əli Xamenei də daxil, bir çox dövlət rəsmisi Tramp və administrasiyasının digər yüksəkvəzifəli üzvlərinin ABŞ ərazisində qətlinə eyham vurublar.

"Öz tərəfdaşlarından yararlanıb amerikalılardan onların öz evlərində qisas almaq üçün zəmin hazırlayacağıq", - İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qanadı olan "Qüds Gücü"nün komandanı vəzifəsində Süleymanini əvəzləyən İsmayıl Qaani 2022-ci ilin yanvarında belə deyib.

"Ciddi siqnala işarədir"

İyulun 16-da ABŞ mediası xəbər yayıb ki, Gizli Xidmət son həftələr ərzində İranın Trampı qətlə yetirməyi planlaşdırmasına dair kəşfiyyat bilgisi əldə edəndən sonra onun güvənliyini gücləndirib. Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədidir.

Verilən məlumatlarda deyilir ki, iddia olunan qətl planı iyulun 13-də Trampa atəş açılması ilə bağlı deyil.

"Xarici lideri, özəlliklə Amerika prezidentliyinə namizədi öldürməyi planlaşdırmaq klerikal rejimin dəlilik və riskə dözümlülüyündə ciddi sıçrayışa işarədir", - Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondu adlı beyin mərkəzinin baş araşdırmaçısı Behnam Ben Taleblunun sözləridir.

İran uzun zamandan bəri qətllər törətməkdə suçlanıb. Onun xarici dövlətlərin ərazisində qətə yetirdiyi insanlar arasında iranlı dissidentlər də olub. Ancaq İran rejimi bu qətllərə görə məsuliyyət daşıdığını daim inkar edib.

Bu qəbildən çox böyük əks-səda doğuran insidentlərdən biri 1991-ci ildə baş verib. Həmin il 1979-cu il İslam İnqilabından öncə İranın sonuncu baş naziri olmuş Şapur Bəxtiyar qətl edilib. O, Fransadakı evində güllə ilə vurulub. Çoxları bu qətlə görə Tehranı ittiham edir.

"Daha çox pozuculuq məqsədi güdür"

"Son illərdə İranın belə cəhdləri uğursuz olub. Onun fəaliyyəti keçmiş, yaxud potensial dövlət başçısının qətlindən daha çox pozuculuq məqsədi güdür", - ABŞ-də fəaliyyət göstərən "Eurasia Group" konsultant şirkətinin İran üzrə təhlilçisi Qreqori Bryu söyləyir.

Onun sözlərinə görə, "İran kəşfiyyat xidmətlərinin bu istiqamətdə çalışdığını dəqiq bilməsək də", iyulun 13-də Trampın ölümdən qurtulması Gizli Xidmətin onu tam qoruya bilməsinə hər hansı inamı sual altına alır.

Taleblu deyir ki, bu üzdən İranın hədələrini büsbütün kənara qoymaq yanlış olardı.

Pensilvaniya ştatında 20 yaşlı silahlı şəxsin Trampa atəş açmasından, nəticədə kütlədən bir nəfərin ölməsindən sonra Gizli Xidmət tənqid hədəfinə çevrilib.

Süleymaninin intiqamını Trampı öldürməklə almaq haqda İranın yüksəkvəzifəli şəxslərinin açıq bəyanatları olsa da, İran diplomatları Tehranın keçmiş prezidenti qətlə yetirmək planlarına dair xəbərləri ciddi qəbul etmirlər.

İyulun 16-da Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, "Tehran Trampı cəzalandırmaqda qərarlıdır". İranın BMT-dəki missiyası isə İslam Respublikasının onu məsuliyyətə çəkmək üçün qanuni yolu seçdiyini iddia edir.

Xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani isə deyib ki, İran yerli və beynəlxalq səviyyələrdə qanuni və məhkəmə prosedurlarına əl atacaq.

Taleblunun sözlərinə görə, İran rəsmilərinin şərhləri Tehranın güvənlik siyasətində "standart əmək bölgüsü"nə uyğundur: "Xarici İşlər Nazirliyi tərzini dəyişməklə kənar təhlükələri yox etməyə çalışır, İİKK və digərləri isə …eyni növ terror və sabitliyi pozma cəhdlərini yeridə bilir".

Dekabrda məhkəmə ABŞ hökumətinin Süleymanini qətlə yetirdiyi üçün 50 milyard dollara yaxın təzminat ödəməli olduğu haqda hökm çıxarıb. Tehrandakı bu məhkəmə Tramp və daha 41 ABŞ rəsmisini sözügedən qətli törətməkdə suçlayıb.

Tehranda nümayişçilər ABŞ əleyhinə mitinq zamanı Trampın müqəvvasını yandırırlar. 2017
Tehranda nümayişçilər ABŞ əleyhinə mitinq zamanı Trampın müqəvvasını yandırırlar. 2017

"Görüntü üçündür"

Stokholm Universitetinin beynəlxalq hüquq professoru Səid Mahmudi AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə deyib ki, İranda Trampa qarşı məhkəmə işləri yalnız görüntü üçündür və yetərincə inandırıcı deyil: "Xarici] ölkənin … Trampı təqib etməsi çox-çox qeyri-adidir. Yalnız beynəlxalq məhkəmələrin buna yetkisi var".

S.Mahmudi bildirib ki, beynəlxalq hüquq ölkədaxili məhkəmələrin indiki, yaxud keçmiş ölkə başçılarını yerli qanunlarla təqib etməsinə icazə vermir.

Bir çox seçkiöncəsi rəy sorğusunun sonuclarına görə, Tramp prezident Co Baydendən öndədir. Bəziləri qətl cəhdinin onun şansını, ötücü də olsa, artıra biləcəyini iddia edir.

Haaqa Tətbiqi Elmlər Universitetinin müəllimi Deymon Qolriz "Radio Fərda"ya deyib ki, Trampın həyatına İranın qəsd etmək planı ilə bağlı xəbərlər yeni prezident seçilmiş islahatçı Məsud Pezeşkianın İranın antiqərb ritorikasını yumşaltmaq cəhdlərini poza bilər.

Bryu deyir ki, Tramp seçilərsə, İrana daha düşməncə münasibət bəsləyə bilər, ancaq bu düşmənçilik qarşılıqlıdır.

"Noyabr seçkilərində Tramp seçilərsə, [İran] nüvə məsələsi sahəsində, yaxud hər hansı başqa siyasi sahədə irəliləyişlə bağlı gözləntilərini cilovlamalıdır", - D.Qolriz belə deyib.

XS
SM
MD
LG