Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:40

Azərbaycanda heyvandarlığın tək uğuru yumurtadır?


Yumurta
Yumurta

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qida normasında hər bir şəxsin ilboyu 405 kiloqram ağartı istehlak etməsi müəyyən edilib. Ötən il Azərbaycanda adambaşına ağartı, yəni süd və süd məhsulları istehlakı 11 kiloqram artıb. Ancaq bu göstəricini yetərli saymaq olmaz. Sonuncu rəsmi rəqəmlərə görə, ölkədə adambaşına ağartı istehlakı 257.6 kiloqramdır. Bu, ÜST-ün müəyyənləşdirdiyi normanın cəmi 65 faizə yaxını deməkdir.

Ötən il Azərbaycanda təxminən 192 min 500 ton, yəni adambaşına 218 kiloqram süd və süd məhsulu istehsal edilib. Müqayisə üçün deyilsə, MDB ölkələri arasında Belarusda bu göstəricisi 774 kiloqram, Özbəkistanda 318 kiloqram, Qazaxıstanda 309 kiloqram, Ermənistanda isə 235 kiloqram olmuşdu. 2020-ci ilin göstəricilərinə görə, ölkənin süd və süd məhsullarına olan ehtiyacının 17 faizdən çoxu, yəni 461 min tonu idxal hesabına qarşılanıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ölkəyə 10 min tona yaxın süd gətirilib. Bu qədər südün idxalı ölkəyə 15.3 milyon dollara başa gəlib. Ötən il ölkədə süd və süd məhsullarının pərakəndə ticarət dövriyyəsi 726 milyon manat olub.

Kərəyağının alışı azalıb

Süd və süd məhsulları ilə bağlı ən vacib məhsullardan biri kərəyağıdır. Ümumdünya Səhiyyə Təşkilatının kərəyağı ilə bağlı ayrıca norması var. Qurumun fikrincə, fərdin sağlam inkişafını təmin etmək üçün bir nəfər ilboyu 7.2 kiloqram kərəyağı tükətməlidir. Hazırda rəsmi rəqəmlərə görə, Azərbaycanda bu göstərici cəmi 3.6 kiloqram, yəni qurumun müəyyənləşdirdiyi normanın tən yarısı qədərdir. Ötən il ölkədə əhali 36 min 369 ton kərəyağı tükədib. Burada diqqətçəkən məqamlardan biri odur ki, 2015-ci ildə bu göstərici 41 min 454 ton olub. Anlaşılır ki, devalvasiyadan sonrakı illərdə ölkədə kərəyağı istehlakı təxminən 12 faiz azalıb. Ölkədə istifadə edilən kərəyağının təxminən 40 faizə yaxını idxal hesabına təmin edilib. Kərəyağı və süddən hazırlanmış digər yağların idxalı ölkəyə təxminən 83 milyon dollara başa gəlib. Son iki il ərzində kərəyağının idxalında 60 faizdən çox artım da gözə çarpır.

Ötən il əhali pərakəndə ticarətdə kərəyağının alışına 705 milyon manat, bitki yağlarına isə 343 milyon manat, toplam 1 milyard manatdan çox vəsait xərcləyib. Bitki yağları ilə bağlı diqqətçəkən daha bir məqam da odur ki, son bir il ərzində ən çox bahalaşma müşahidə edilən məhsullar arasında günəbaxan və qarğıdalı yağları da var. Statistika Komitəsinin açıqlamasına görə, əgər ötən il sentyabrın 1-də ölkədə 1 litr günəbaxan yağının orta qiyməti 2 manat 90 qəpik idisə, bu ilin eyni dövründə həmin rəqəm 4 manat 17 qəpiyə yüksəlib. Başqa deyimlə, bir il ərzində 1 litr günəbaxan yağının qiyməti 1 manat 27 qəpik və ya 44 faiz bahalaşıb. Qarğıdalı yağına gəlincə, bu məhsulun 1 litrinin qiyməti ötən il 4 manat 31 qəpik, bu ilsə 5 manat 47 qəpik olub. Bu baxımdan, qarğıdalı yağları son bir il ərzində 1 manat 16 qəpik və ya 27 faiz bahalaşıb. Hazırda ölkədə ötən illə müqayisədə ümumi ərzaq məhsullarındakı bahalaşma 8 faizə yaxın səviyyədədir.

"Yumurta müşavirəsi" keçirməyə ehtiyac var?

Azərbaycanın ərzaq balansından məlum olur ki, ölkə heyvandarlıq məhsulları arasında özünü tam şəkildə yalnız yumurtayla təmin edə bilir. Bütün növ ət məhsulları ilə təminetmə səviyyəsi 84.5 faiz, süd və süd məhsulları ilə təminat səviyyəsi 83.5 faizdir. Yalnız yumurtayla bağlı bu göstərici düz 100 faiz həddindədir. Ötən il ərzində ölkədə adambaşına 175 ədəd yumurta yeyilib. Maraqlıdır ki, 2020-ci ildə adambaşına yumurta istehlakı 2019-cu illə müqayisədə 10 ədəd artıb. Ötən il ölkədə yumurta istehsalı 80 milyona yaxın artaraq 1 milyard 906 milyona çatıb. Əvəzində ölkəyə gətirilən yumurta sayı 2 milyon 384 mindən 162 minə enib, yəni 10 dəfədən çox azalıb. 2020-ci il ərzində əhali yumurta alışına təxminən 346 milyon manat xərcləyib.

Normadan üç dəfə az balıq yeyilir

Balıq istehlakı ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi norma 19.6 kiloqramdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normasında balıq və balıq məhsullarının göstəricisi 7.7 kiloqram müəyyənləşdirilib. Maraqlıdır ki, ötən il Azərbaycanda adambaşına yeyilən balıq əti göstəricisi istər ÜST-ün, istərsə Nazirlər Kabinetinin müəyyən etdiyi normadan geri qalır. 2020-ci ildə ölkədə adambaşına balıq və balıq məhsulları istehlakı cəmi 7.3 kiloqram olub. Ölkənin özünü balıq məhsulları ilə təminat səviyyəsi təxminən 82 faiz civarındadır. Balıq və balıq məhsullarının illik pərakəndə satışına əhali yarım milyard manatdan çox vəsait sərf edib.

XS
SM
MD
LG