Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:53

Azərbaycanda ən yüksək və ən aşağı maaş hansı sektorlardadır?


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'

Dövlət Statistika Komitəsi (DSK) ölkədə ötən ilin sonuna muzdlu işçilərin sayı və əmək haqları barədə göstəriciləri açıqlayıb. Unudulmasın ki, bu halda "muzdlu işçi" deyərkən, işəgötürənlə müqavilə bağlayaraq işini əməkhaqqı qarşılığında yerinə yetirən şəxslər nəzərdə tutulur. Rəsmi göstəricilərə görə, bu ilin əvvəlinə ölkədə muzdlu işçilərin sayı 1 milyon 734 min nəfər olub. Bir il öncə bu rəqəm 1 milyon 709 min nəfər idi. Deməli, ötən il boyunca Azərbaycanda muzdlu işçilərin sayı cəmi 25 min nəfər artıb. Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfəri aşır. Bu isə o deməkdir ki, iqtisadi fəal insanların təxminən 30 faizə yaxını muzdlu işçidir. Müqayisə üçün: gəlişmiş ölkələrin çoxunda bu göstərici 70 faizi, region ölkələrində isə 50 faizi aşır. Bu baxımdan, Azərbaycanın əmək bazarında ən çox diqqət çəkən göstəricilərdən biri muzdlu işçi sayının azlığıdır. Buna təsir göstərən amillər həm ölkədə qanunsuz məşğulluq payının çox olması, həm də iş yerlərinin say azlığıdır. Digər diqqətçəkən məqam dövlət sektorunun payı ilə bağlıdır. Son bilgilərə görə, ölkədəki muzdlu işçilərin 52 faizi iqtisadiyyatın dövlət sektorunda, yerdə qalan 48 faizi özəl sektorda çalışır. Başqa deyimlə, Azərbaycanda dövlətdən maaş alanların sayı özəl sektordan maaş alanların sayını üstələyir. Son bir ilin göstəricilərinin analizindən aydın olur ki, ötən il dövlət sektorundakı işçi sayı azalıb və 906 min nəfərdən 903 min nəfərə enib. Özəl sektorda çalışanların sayı isə, əksinə, 803 min nəfərdən 830 min nəfərə yüksəlib.

Ölkədəki iş yerlərinin böyük əksəriyyətinin Bakıda yerləşməsini də unutmaq olmaz. Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1 milyon 734 min nəfər muzdlu işçinin 898 min nəfəri, yəni 52 faizi Bakıda çalışır. Yerdə qalan 836 min nəfər ölkənin bütün digər rayon və şəhərlərinin payına düşür. Regionlardakı muzdlu işçilərin böyük bölümü dövlət qurumunda çalışanlardır. Bu baxımdan aydın olur ki, ölkə iqtisadiyyatında enerji sektorundan kənar sahələrin zəif inkişafı özəlliklə regionlarda iş yerlərinin sayca azlığına ciddi təsir göstərir. Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin təxminən 60 faizi Bakıda çalışır.

Ən çox maaş hansı sektordadır?

İqtisadi fəaliyyət növləri üzrə Azərbaycanda ən yüksək əməkhaqqı ötən ildə də mədənçıxarma sektorunda qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşları 3 min 285 manatdır. Özəl sektorda çalışanlar üçün bu rəqəm daha yüksək – 3 min 960 manatdır. Dövlətə məxsus enerji şirkətlərində çalışanların orta maaşı 2 min 122 manat civarındadır. Ancaq bir məqamı unutmaq olmaz: Ölkənin ixracının 90 faizdən çoxunu təmin edən və əmək haqlarının ən yüksək olduğu enerji sektorunda çalışanların sayı muzdlu işçilərin, vur-tut, 2 faizə yaxınıdır. Ölkədə bu sahədə çalışanların toplam sayı 33 min 187 nəfərdir.

Mədənçıxarma sektorundan sonra ölkədə ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sektorundadır. Bu sahədə çalışanların orta aylıq əmək haqları bu ilin əvvəlinə 2 min 70 manat olub. Adıçəkilən sektorda çalışanlar da muzdlu işçilərin çox kiçik bir bölümüdür. Ötən ilin sonuna ölkədə həmin sahədə çalışanların toplam sayı cəmi 35 min nəfər olub.

Orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycanda üçüncü yeri peşə, elmi və texniki fəaliyyət istiqaməti üzrə çalışanlar tutur. Onların orta aylıq maaşı 1 min 417 manatdır. Bu fəaliyyət istiqaməti üzrə çalışanlara hüquqşünas və mühasiblər, mərkəzi ofislərin idarəetməsində çalışanlar, memarlar, elmi tədqiqatçılar, eləcə də reklam sahəsində çalışanlar və baytarlar daxildir. Fəaliyyət istiqaməti üzrə orta aylıq əməkhaqqı ölkə miqyasında yüksək sayılsa da, bu istiqamətə daxil peşələr üzrə maaşlar arasında ciddi fərqlər var. Məsələn, mərkəzi ofislərin idarəetməsi və reklam fəaliyyəti ilə bağlı çalışanların orta aylıq maaşları 2 min manatı ötdüyü halda, elmi tədqiqatçıların maaşı 798 manat, baytarlarınkı isə 570 manatdır. Qeyd edilən istiqamətlərdə çalışanların toplam sayı 60 min 556 nəfərdir.

İnformasiya və rabitə sahəsində çalışanlar da ölkədə ən yüksək orta aylıq əməkhaqqı alanlar sırasındadır. Onların orta aylıq maaşı 1 min 348 manatdır. Özəlliklə proqramlaşdırma yönündə fəaliyyət göstərənlərin maaşı yüksəkliyi ilə seçilir. Həmin sahədə çalışanların orta aylıq gəlirləri 1 min 759 manatdır.

Bu dörd istiqamət ötən illərdə də orta aylıq əməkhaqqının min manatdan çox olduğu sahələr arasında idi. 2022-ci ildən bəri daha üç fəaliyyət istiqamətində orta aylıq maaş min manatı ötüb. Bunlar dövlət idarəetməsi və müdafiə (1 min 250 manat), nəqliyyat (1 min 120) və tikinti (1 min manat) sahələridir.

Ən aşağı əməkhaqqı alanlar kimlərdir?

Ötən ilin yekunlarına görə, ölkədə ən aşağı əməkhaqqı alan işçilər inzibati və yardımçı xidmətlərdə çalışanlardır. Bu istiqamətdə çalışanların sayı 87 min nəfər, orta aylıq maaşları 489 manatdır. Orta aylıq əməkhaqqının ən aşağı olduğu ikinci fəaliyyət istiqaməti kənd təsərrüfatıdır. Bu istiqamətdə muzdla çalışan işçilərin orta maaşı cəmi 515 manatdır. Ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu üçüncü fəaliyyət istiqaməti ticarət sektorudur. Bu sahədə çalışan maaşlı işçilərin orta aylıq gəliri 575 manatdır.

Əməkhaqqının azlığı baxımından diqqətçəkən daha bir sahə təhsil sektorudur. Bir çox ölkədə təhsil sektoru gəlirlərin ən yüksək olduğu sahələr arasındadır. Azərbaycanda isə ötən il təhsil sektorundakı orta aylıq maaş cəmi 630 manat olub. Beləcə, təhsil sektoru 20 fəaliyyət istiqaməti arasında ən aşağı maaşın qeydə alındığı dördüncü istiqamətdir. Təhsil sektoru ilə bağlı daha bir məqam diqqət çəkir. Bu sahədə orta aylıq əməkhaqqı aşağı olsa da, say olaraq ən çox muzdlu işçi məhz təhsil sektorunda fəaliyyət göstərir. 2023-cü ilin əvvəlinə bu sektorda çalışanların sayı 335 min nəfərdir. Bu, ölkədəki muzdlu işçilərin 20 faizi deməkdir.

XS
SM
MD
LG