Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:22

Xədicə İsmayıl: “Qadın həbsxanasında xəbərçilik ayıb sayılmır”


Xədicə İsmayılla geniş müsahibə
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xədicə İsmayılla geniş müsahibə

►"Özümü AzadlıqRadiosunun “Qaynar Xətt”inin aparıcısı kimi hiss edirdim"

Jurnalist həbsxana müşahidələrindən, planlarından danışır

“Orda kitab oxumaq elə də asan deyil, işıq zəifdir. Gün işığı olanda oxuya bilirdim daha çox. Çünki kitabı uzanıb oxumağı sevirəm”.

AzadlıqRadiosunun həbsdən yenicə çıxan araşdırmaçı jurnalisti Xədicə İsmayılla söhbətimiz məhbəsdə kitab oxumaqdan başladı.

– Xədicə, 1 il 5 ay... Çoxmu uzun çəkdi?

– Nə deyim, elə bilirəm dünən olub hər şey. Həbsxanada günlər sanki sürətlə keçdi. Tez-tez proseslər olurdu, nəsə yazırdım, kitab tərcümə edirdim. Məncə, hər şey sənin vaxta münasibətindən daha çox asılıdır, nəinki vaxtın sənə münasibətindən.

– Həbsdən qabaq qaynar bir həyatın vardı: iş, səfərlər, boş vaxtlarında dostlarında vaxt keçirirdin. Hətta adama elə gəlirdi ki, sənə 24 saat azlıq edir. Və birdən-birə səni belə bir həyatdan təcrid edib 4 divar arasına salırlar... Bunun ağırlığını duydunmu?

– Əlbəttə, ağırlığı vardı, eşidirdin ki, kimisə həbs ediblər, heç bir şey edə bilmirdin, ya hansısa hadisə olub, sən kənardasan, ya elə Qarabağda sonuncu savaşda... hər şeyi kənardan izləyirsən. Fikirləşirsən ki, əlim çatsaydı, mən də nəsə edərdim. Bu adamı məyus edir ki, sənin əlin heç yerə çatmır. Amma çalışırdım ki, işim çox olsun, vaxtı hiss etməyim. Həbsxanada dərdli adam çoxdur, hamısı sənə dərdini danışmaq istəyir. Həbsxanada vaxt bolluğu idi, deyə bilmərəm. Hətta belə bir zarafatım vardı, deyirdim ki, “vaxtım nə gəzir, hökumət mənə 7 il yarım iş verib, işlərimsə çoxdur”.

“Özümə kobud münasibət görmədim”

– Səni necə qarşıladılar həbsxanada?

Xədicə İsmayıl: "Özümə qarşı kobud münasibət görmədim"
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

– Qarşıladılar deyəndə, özümə qarşı kobud münasibət görmədim, nə təcridxanada, nə də həbsxanada. Mən də kiməsə qarşı kobudluq eləmədim, çalışırdım ki, həmişə pozitiv olum, gülümsəyim. Bəlkə kimsə mənə kobud davranmaq istəyib, amma gülümsədiyimi görüb fikrindən daşınıb. İşçi heyətini nəzərdə tuturam. Məhbuslara gəlincə, onlar dərdli insanlardı, istəyirlər ki, onları dinləyən olsun, sən sadəcə, dinləyəndə, sənə çox minnətdar olurlar. Bizim də işimizin adı nədir, peşəmiz də budur, adamları dinləmək, dərdlərini eşitmək... Bir az özümü AzadlıqRadiosunun “Qaynar Xətt”inin aparıcısı kimi hiss edirdim, təsəvvür edirdim ki, onun işi necə çətinmiş. Orda maraqlı bir tendensiya gördüm. Məhbusların ən böyük zümrəsi narkotika üstündə tutulanlardır. Əksəriyyəti də narkotika satanlardır. Danışanda etiraf edirdilər ki, narkotika satıblar, amma deyirdilər ki, “cibimə narkotika atıb tutublar”. İşi oxuyanda görürdüm ki, doğrudan da, qurama yolla həbs olunublar. Ancaq adam da etiraf edir ki, bunun satışı ilə məşğul olub, deyirdi ki, əlimdə tuta bilmirdilər, axırda cibimə atdılar. Dinləyirdin, qalırdın belə, bir tərəfdən qanunsuzluq baş verib, adamın cibinə narkotik atıblar, digər tərəfdən də axı, etiraf edir ki, satır, tutmasaydılar, narkotik satmaqda davam edəcəkdi.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

“Az qala, polisi haqlı sayırdım...”

– Bu zaman cibə narkotik atmağa haqq qazandırmağın oldumu? Bilirsən, narkotik ictimai sektor üçün həssas məsələdir.

– Özümü bir də orda tapırdım ki, polisin, prokurorluğun əməlinə haqq qazandırıram. Sonra öz-özümə qadağa edirdim bu haqq qazandırmağı. Qanun-qaydalar nəyə görə lazımdır? Ona görə ki, buna əməl edəsən, burda isə söhbət adama qarşı ədalətsizliyin, qanunsuzluğun baş verməsindən daha çox, polisin, prokurorluğun peşəkarlığının azlığından gedir. Ölkədə ədalətsizliyin olması, polisə kiminsə cibinə nəsə atıb tutmağına imkan yaradılması həm də ona şərait yaradır ki, polis peşəkarlığını inkişaf etdirməsin. İkincisi, narkotik istifadəçiləridir. Əslində, dünyada bu mübahisə gedir, narkotik istifadəçiləri həbs edilsin, ya yox. Böyük tədbirlər qabağı da nə qədər adamı tutub salıblar içəri. Onlar da deyirlər ki, narkotik istifadəçisidir, amma cibinə atıb tutublar. İkinci böyük zümrə dələduzluqla tutulanlardır. Düzünü deyim ki, ünsiyyətdə də ən çox çətinlik çəkilən onlardır. Onların arasında bəziləri götürdükləri sələmin girovları olublar, ancaq bəziləri də həqiqətən dələduz idi, elə həbsxanada da dələduz idilər.

“Qadın həbsxanasında xəbərçilik ayıb sayılmır”

– Kişi həbsxanasındakı kimi orda da yazılmamış qanunlar varmı?

– Yox, məsələn, orda bir-birindən şikayət etmək ayıb sayılmırdı. Məsələn, bir dəfə məndən şikayət eləmişdilər ki, hökuməti pisləyirəm. Bununla bağlı akt da almışam. Kimin kimlə düşmənçiliyi var, onun üzünə dura bilər. Mənəvi cəhətdən asan yer deyil, mürəkkəb mühitdir. Keçmiş kişi məhbusların söhbətlərindən bilirəm ki, orda xəbərçiliyin cəzası var. Qadın həbsxanasında xəbərçilik ayıb sayılmır. Bir az adamın feminist hisslərini öldürən mühit var orda.

– Xədicə, səhər yuxusunu sevdiyini bilirəm, amma görüşümüzü səhər saatlarına təyin edəndə etiraz eləmədin, “saat 7-də dururam” dedin. Deyəsən, rejimin dəyişib...

– Hə, orda rejimə alışmışam. İndi evdə səhər 7-nin yarısı dururam, hamı yatır. Deyirəm, “niyə yatırsız, durun”. Amma hələ ki, axşam saat 11-də rejimə uyğun yatmaq imkanım yoxdur. Həbsxanada tezdən durmağa məcbursan, məişət problemləri var idi. Rejimə görə səhər saat 7-də oyanmalısan, biz 6-da, 7-nin yarısı oyanırdıq ki, əl-üzümüzü yumaq üçün çox növbə gözləməyək. Hökumətin standartlarına görə hər 10 məhbusa bir sanitar qovşağı düşməli idi, bizdə hər 47 məhkuma biri düşürdü. Cəmi 10 sanitar qovşağı vardı.

– Bunun üstündə dava düşürdü?

– Yox. Deyim ki, 4 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi çox sərt qaydalar qoymuşdu ki, məhbuslar arasında bir-birinə zorakılıq olmasın. Məhkum məhkuma səsini ucaltmazdı.

“İndi eşitdiklərimə daha çox şübhə edəcəm”

– Həbsxanada öyrəndiyin nə oldu?

– Əvvəllər avtobusda əli göyərmiş qadın görəndə ona yazığım gəlirdi ki, yəqin çoxlu işləyib, paltar yuyub. Amma indi düşünəcəm ki, narkotik istifadəçisidir. Bir də bəzi məhbuslar çoxlu yalan danışırdılar. Onsuz da peşədən irəli gələn eşitdiklərinə şübhəli yanaşma vərdişi var, indi də.. məsələn, biri gəlirdi, danışırdı, aglayırdı, şərləndiyini deyirdi. Eləsi olub ki, 3 gün onun danışdıqlarının təsirindən çıxa bilməmişəm, sonra araşdıranda məlum olub ki, yalan danışır. İndi adamlara daha çox şübhəliyəm, aldatmır ki?..

– Xədicə, amerikalı senator John McCain səni və ukraynalı pilot, uzun müddətdir Rusiyada həbsdə olan Nadejda Savchenkonu “qəhrəman” adlandırıb. Bir gündə azadlığı buraxıldınız, məşhur telekanallar bu xəbəri bir yerdə verdi. Belə paralelliyi necə qiymətləndirirsən?

Xədicə İsmayıl: "Savçenko da çox mübariz qadındır"
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

– Yəqin ona görə ki, hər ikimiz qadınıq. O da mübariz idi, məhkəmə zalında göstərdiyi performans möhtəşəm idi. Düzdü, mən həbsdən çıxandan sonra izlədim onunla bağlı olanları. İkimizlə də bağlı beynəlxalq kampaniya aparılırdı. Ancaq fəaliyyət dairəmiz fərqlidir, fikrimcə, Nadejda Savchenko-nun həbs motivinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin (Kəlbəcərdə erməni hərbçilərinə əsir düşən azərbaycanlılar nəzərdə tutulur-red) motivləri ilə oxşarlığı var. Bizim aramızdakı oxşarlıq isə yəqin ruh yüksəkliyində olub, ikimiz də üstümüzə düşən çətinliyi ruh yüksəkliyi ilə qarşılamışıq.

– Gələcək planların? Jurnalist araşdırmalarına davam edəcəyini söyləmisən.

– İstənilən halda öz fəaliyyətimə davam edəcəm. Həbsə düşməzdən əvvəl yarımçıq qalan materiallarım vardı, onları tamamlayacam. Həm də mən həbsdə ikən yeni sənədlər üzə çıxıb, “Panama sənədləri”ni deyirəm. Həbsdə ispan dilini öyrənirdim ki, Panama sənədlərini orjinaldan oxuyum.

“Düşünürdüm ki, 40-a çatanda depressiyaya düşəcəm”

– Xədicə, gün sənin günün. Bu gün 40 yaşın tamam olur.

– 36 yaşımdan sonra körpülərin üstündə 40 yazılan işarələri görəndə həyəcan keçirirdim ki, 40-a az qalıb. Fikirləşirdim ki, 40-a çatanda depressiyaya düşəcəm, ad günlərimi qeyd etməməyə başladım. Həbsdə olanda başladım ad günümü qeyd etməyə. Özümə söz vermişdim ki, həbsdən gənc çıxacam, qocalmayacam, deyirdim ki, “burda il ömürdən yox, həbs müddətindən gedir”. İndi hələ ki, 40-ın depressiyasına girməmişəm, sadəcə, vaxtım yoxdur. Təbii, bu, zarafatdır, heç bir depressiya yoxdur. Və mənə ad günü hədiyyəsi etmək istəyən dostlarıma, uzaq-yaxın tanışlara demək istərdim ki, həbsdən çıxan qadınlara şans tanıyın, onlara əl uzadın. Qadın təbiətçə cinayətkar deyil, məsələn, həsbxanadakı bütün qaydalara belə əməl edirdilər. Bəziləri ona görə geri qayıdır ki, cəmiyyətdə normal həyata qayıda bilmirlər, ailələri onlardan üz döndərir, dostları olmur. Mən bu qadınlara əl uzatmağa çağırıram.

Buna da bax: Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib

Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

XS
SM
MD
LG