Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:15

Qarabağdakı separatçı qurum Rusiyadan təhlükəsizliyə təminat istəyir


Xankəndində mitinq, 30 oktyabr, 2022-ci il
Xankəndində mitinq, 30 oktyabr, 2022-ci il

Oktyabrın 30-da Azərbaycanın Xankəndi şəhərinin mərkəzində kütləvi aksiya keçirilib. Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının mitinqə qatıldığı bildirilir.

Elə həmin gün separatçı qurumun "parlamenti" Rusiyadan "Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi" xahiş edib.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti "Azatutyun" məlumat yayıb.

Separatçı rejim Rusiyaya müraciətində Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub. Ancaq bəyanatda konkret hansı mexanizmlərin nəzərdə tutulduğu göstərilmir.

Amma müraciətdə Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb. O da vurğulanıb ki, "Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur...".

Sabahkı görüş öncəsi verilən bəyanatlar

Qarabağdakı kütləvi tədbir Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də gözlənilən görüşündən bir gün öncə keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki (29 oktyabr)açıqlamasında Qarabağdakı Rusiya hərbçilərinin mandatının 10-20 ilədək uzadılması haqda sənədə imza atmağa hazır olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin isə ötən həftə Valday Forumunda çıxışında deyirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Ancaq Putin onu da qeyd edirdi ki, Ermənistana nəyisə diktə etməyə hazırlaşmırlar.

Azərbaycan rəsmiləri susur

Azərbaycan hələlik, nə Putinin, nə də Paşinyanın son bəyanatlarına münasibət bildirib. Ancaq Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu, orada yaşayan erməni əhalisinin həyatını necə qaydaya salacağlarını heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəklərini deyib.

Prezident Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını da bildirir. Əliyevin sözlərinə görə, kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, peşman olmayacaq. Bunu özünə münasib saymayanlar isə başqa yaşayış yeri seçə bilərlər.

Ermənistan rəhbərliyi Azərbaycanı Xankəndindəki qondarma rejimlə birbaşa danışıqlara çağırıb. Prezident Əliyev isə Qarabağın erməni əhalisinin nümayəndələri ilə bir müddətdir qeyri-formal əlaqələrin aparıldığını söyləyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG