Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:23

ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsinə icazə verdi - Reuters


F-16 qırıcısı
F-16 qırıcısı

Birləşmiş Ştatlar Ukraynaya ABŞ istehsallı F-16 qırıcı təyyarələrinin verilməsi üçün Danimarka və Niderlandın müraciətinə müsbət cavab verib.

Bu barədə xəbəri Reuters agentliyi dövlət katibi Antoni Blinkenin məktubuna və bir amerikalı rəsmiyə istinadla yayıb.

Vaşinqtonun sözü gedən iki ölkənin hökumətlərinə göndərdiyi məktubda deyilir ki, Ukrayna pilotları bu təyyarələrdə təlimlərini başa vurduqdan sonra ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsinə icazə verəcək:

"Bu məktubumla mən Birləşmiş Ştatların Ukraynaya F-16 qırıcılarının verilməsinə, habelə Ukrayna pilotlarının bu təyyarələrdə ixtisaslı instruktorlar tərəfindən təlim verilməsinə Birləşmiş Ştatların tam dəstəyini ifadə edirəm”.

Təlim bazaları

Blinkenin sözlərinə görə bununla da pilotların ilk dəstəsi təlimi başa çatdırdıqdan sonra Ukrayna özünün “yeni döyüş imkanlarından” istifadə edə biləcək:

"Ukraynanın özünü Rusiya təcavüzündən və suverenliyinə qəsddən qoruya bilməsi son dərəcə mühüm məsələ olaraq qalır”.

Reuters xəbər verir ki, bu ay Danimarkada 11 ölkədən ibarət koalisiya Ukrayna pilotlarına F-16 qırıcılarında təlim verməyə başlayacaq.

Bu məqsədlə Danimarkadan başqa həm də Rumıniyada təlim mərkəzi yaradılmalıdır.

İyul ayında Danimarkanın müdafiə naziri əvəzi Troels Poulsen demişdi ki, onun ölkəsi təlimin ilk nəticələrini 2024-cü ilin əvvəllərində görəcəyinə ümid edir.

Kiyev məyus idi

Ukrayna hərbi hava qüvvələrinin sözçüsü Yuri İqnat bir neçə gün bundan əvvəl bildirmişdi ki, Ukrayna müttəfiqlərdən F-16 qırıcılarının ilk dəstlərini 2024-cü ilin yazınadək ala bilməyəcək:

"Artıq aydındır ki, biz bu payız və bu qışda Ukrayna səmasını F-16 qırıcıları ilə qoruya bilməyəcəyik”.

İqnatın sözlərinə görə bu qırıcılara ümidlər böyük idi, çünki onlarla Ukrayna səmasını Rusiya raketlərindən daha səmərəli müdafiə etmək olardı.

Amma o əlavə etmişdi ki, Ukrayna pilotlarına F-16 təlimlərinin verilməsi məsələsi artıq “yerindən tərpənib”.

Niderlandın xarici işlər naziri Vopke Hukstra X mesajlaşma platformasında bu barədə yazıb:

"Biz Vaşinqtonun Ukraynaya F-16 qırıcılarının göndərilməsinə yol açmasını alqışlayırıq. Biz indi Avropa partnyorlarımızla bu məsələnin müzakirəsini davam etdirə bilərik”.

Danimarkanın müdafiə naziri Yakob Elleman-Yensen də xəbərə reaksiya verib.

O deyib ki, təlimdən sonra Kiyevə F-16 qırıcılarının verilməsi təbii olaraq növbəti addımdır.

Niderlandın baş naziri Mark Rutte may ayında demişdi ki, onun hökuməti Ukraynaya F-16 qırıcılarının verilməsini ciddi şəkildə nəzərdən keçirir.

Niderland Müdafiə Nazirliyinin məlumatına görə ölkənin döyüş aviasiyası parkında hazırda 24 işlək F-16 var. Bu təyyarələr 2024-cü ilin ortalarınadək istismardan çıxarılacaq.

Bundan başqa Niderland indinin özündə 18 ədəd F-16 qırıcısını satmağa hazırdır.

ABŞ rəsmiləri bundan əvvəl şəxsi söhbətlərində bildirirdilər ki, F-16 təyyarələri Ukraynanın indiki əks-hücumunda çətin ki əhəmiyyətli rol oynasın.

Onların sözlərinə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri F-16-dan tam gücü ilə istifadə olunmasına mane ola bilər.

XS
SM
MD
LG