Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:19

Trampın qələbəsi Ukraynada sülhə təkan verə bilər, amma kimin şərtləriylə?


Tramp Kiyevlə Moskvanı danışıqlar masasına oturdacağını desə də, savaşı necə dayandıracağına dair çox şey söyləməyib.
Tramp Kiyevlə Moskvanı danışıqlar masasına oturdacağını desə də, savaşı necə dayandıracağına dair çox şey söyləməyib.

Stiv Quttermanın yazdığı məqalədə deyilir ki, Rusiyanın Ukraynadakı savaşının sonu görünməsə də, Donald Trampın seçilməsi sülh razılaşması istiqamətində hərəkətlilik doğura bilər.

Noyabrın 5-də keçirilən prezident seçkilərində Trampın qələbə qazanması, bir çoxlarının fikrincə, savaş müddətinin qısalması anlamına gəlir. Niyə? O üzdən ki Tramp prezident seçilərsə, hətta öz inauqurasiyasını gözləmədən savaşa son qoyacağını söyləyib və bunu dəfələrlə təkrarlayıb.

Rusiya prezidenti Vladimir Putin noyabrın 7-də ABŞ-da keçirilən seçkilərə münasibət bildirərək deyib ki, Trampın Rusiya ilə münasibətləri dirçəltmək və müharibəni bitirməyə yardımla bağlı bəyanatları "ən azı, diqqətəlayiqdir".

Trampı tərifləyən Putin onun iyulda gülləylə vurulan zaman cəsarət göstərdiyini və "kişi kimi" davrandığını deyib. O, 2017-2021-ci illərdəki prezidentlik dönəmində Trampın əl-qolu bağlandığından məqsədlərinə nail olmasına imkan verilmədiyini də dilə gətirib.

Vladimir Putin
Vladimir Putin

Putin sözlərini bədahətən, adi gündəlik söhbətin bir bölümü kimi deyib. Ancaq gözlənilir ki, Kreml ABŞ-dakı hakimiyyət dəyişikliyindən və Trampın sülhə nail olmaqla bağlı ümidlərindən özünün Ukraynadakı məqsədləri üçün faydalanmağa çalışsın.

Özünün açıqladığı məqsədlərindən geri çəkilməsinə dair Moskvadan hər hansı işarə yoxdur. Moskva Ukraynanın beş regionuna nəzarəti tam ələ keçirmək və Ukraynanın NATO-ya üzv olmasına daimi qadağa qoyulmasını istəyir.

Putinin açıqlamasının ertəsi səhəri Kremlin sözçüsü Dmitri Peskov Putinin dəfələrlə Rusiyanın dialoqa açıq olduğunu söylədiyini, ancaq prezidentin heç vaxt hücumun məqsədlərinin dəyişdiyini demədiyini vurğulayıb.

Moskva güzəştlərə həvəsli görünmür

2022-ci ildə - tammiqyaslı müharibə başlanandan bir neçə ay sonra Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsi yavaşımışdı. Amma indi - irəliləyişinin sürətlənməsi fonunda Moskva güzəştə getməyə həvəsli görünmür.

Sergey Şoyqu
Sergey Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Moskvanın danışıqlara açıq olduğunu, ancaq danışıqlara yalnız öz şərtləriylə gedəcəyini deyib.

"Hərbi əməliyyatlar meydanında durumun Kiyev rejiminin xeyrinə olmadığı indiki zamanda Qərb seçimlə üz-üzədir – onu maliyyələşdirməyi və Ukrayna əhalisini məhv etməyi sürdürmək, yoxsa mövcud reallıqları qəbul edərək danışıqlara başlamaq", - Şoyqu noyabrın 7-də belə deyib.

Bu, Trampın müharibəyə son qoymaqla bağlı üzləşəcəyi ən böyük çətinliklərdən biri olacaq. Moskvanı təmin edəcək şərtlər daxilində atəşkəs, yaxud sülh razılaşması Kiyev üçün məğlubiyyət demək olacaq və Rusiyanın mövqeyini gücləndirərək onu Ukraynanı və hətta Qərbin özünü təhdid edəcək hala gətirəcək. Bunu geosiyasi qələbə kimi qələmə vermək Ağ ev üçün çətin olacaq.

Volodimir Zelenski
Volodimir Zelenski

Trampın andiçmə mərasiminə 10 həftə qalmış Ukrayna prezidenti Volodimir Zelenski bunun baş verməməsinə çalışır. O, Ukraynanın döyüş meydanında mövqeyini gücləndirməsi üçün Qərbi daha çox silah verməyə və "ədalətli" sülhə yol açmağa çağırır. O, Rusiyaya istədiyini verməyin çox baha başa gələcəyi barədə xəbərdarlıq da edir.

"Putinə təslim olmağın, geri çəkilməyin, güzəştə getməyin gərəkdiyi barədə çox danışılır. Bu, Ukrayna üçün qəbuledilməzdir, bütövlükdə Avropa üçünsə intihara bərabərdir", - Zelenski noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyindəki çıxışında belə deyib. Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra yaradılmış, Azərbaycanın da qatıldığı hökumətlərarası forumdur.

Qərbdəki parçalanmanın Rusiyanın işinə yarayacağına dair narahatlıq var. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 8-də Budapeştdə Zelenskinin dediklərini təkrarlayıb: "Biz Ukraynanı gücləndirməliyik, Ukraynanı dəstəkləməliyik, axı Ukraynanı dəstəkləməsək, bu, Putinə, eyni zamanda dünyadakı bəzi başqa avtoritar rejimlərə göndərdiyimiz yanlış siqnal olacaq".

Ağır Rusiya bombardmanlarının və döyüşlərin yeri olan Ukraynanın Uqledar şəhərinin havadan görünüşü.
Ağır Rusiya bombardmanlarının və döyüşlərin yeri olan Ukraynanın Uqledar şəhərinin havadan görünüşü.

"Cəbhədəki durum ortadadır"

Ancaq Trampın müttəfiqi, həm də Putinə yaxınlığı ilə tanınan Macarıstan baş naziri Viktor Orban bu fikrə əks mövqe dilə gətirib: "Cəbhədəki durum ortadadır. Ukrayna hərbi baxımdan məğlub olub. Amerikalılar bu müharibədən geri çəkiləcəklər".

Ancaq Tramp müharibənin bitməli olduğunu dəfələrlə desə də, prezident Co Bayden administrasiyası dövründə ABŞ-ın Ukraynaya hərbi və digər növ yardımlara on milyardlarla dollar ayırmasını tənqid etsə də, Orbanın dediklərinin gerçəyə çevrilib-çevrilməyəcəyi hələ dəqiq bilinmir.

Tramp Ukraynaya yardımın həcmindən rıçaq kimi yararlanıb Kiyevlə Moskvanı danışıqlar masasına oturdacağını desə də, savaşı necə dayandıracağına dair çox şey söyləməyib. Bu baxımdan, onun seçəcəyi yanaşma hələ də son dərəcə önəmli göstərici olaraq qalır.

Trampın müşavirləri bəlli fikirlər dilə gətiriblər. Bəzi fikirlər ictimaiyyət önündə açıq səslənib. Ancaq "The Wall Street Journal"ın noyabrın 6-da dərc etdiyi və Trampın adı çəkilməyən müttəfiqlərinə istinad edildiyi bir məqalədə deyilir ki, o, hər hansı spesifik bir sülh planını təsdiqləməyib, yaxud Putinlə Zelenskini danışmaq üçün eyni masa arxasına oturtmaqla bağlı hər hansı plan seçməyib.

XS
SM
MD
LG