Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:58

TIR sürücüləri xaricə yük daşımağa icazə ala bilmir, səbəblər...


İranla sərhəddə TIR-lar
İranla sərhəddə TIR-lar

Bir çox yükdaşıyan sürücülər (TIR sürücüləri) malları digər ölkələrə aparmaq üçün tələb olunan icazə vərəqəsini ala bilmədiklərini deyirlər. Hazırda Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Terminalında gözlədiklərini bildirən sürücülərin AzadlıqRadiosuna demələrinə görə, bu problem artıq aylardır davam edir və onlara süni maneələr yaradılır.

"İrana yaş yük aparmalıyam, amma icazə vərəqəsini ala bilmirəm. Artıq 16 gündür gözləyirəm. Bu yaş yükün saxlama müddəti beş-10 gündür. Belə çıxır ki, yük xarab olacaqsa, pulu mən ödəməli olacam", - adının çəkilməsini istəməyən sürücülərdən biri vurğulayıb.

Sürücülər deyir ki, bu problem ötən ildən yaranıb: "İndi bir aydır ki, ümumiyyətlə, icazə vərəqələrinin verilməsi dayanıb".

Sürücülərin iddiasına görə, onlar müvafiq blankı almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur. Nəticədə bundan özləri, ailələri ciddi maddi ziyan çəkirlər.

Sürücülər bu tipli problemlərlə artıq uzun müddətdir rastlaşdıqlarını vurğulayırlar. Hətta bununla bağlı ayrı-ayrı vaxtlarda etiraz aksiyaları da keçirdiklərini bildirirlər.

Tələb yüksək, icazə blankı az

Mövcud qanunvericiliyə görə, bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları üçün "İcazə blankları" sistemi mövcuddur. İcazə blankları Azərbaycanın tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun kvotalar üzrə mübadilə edilməklə, Beynəlxalq Nəqliyyat Forumunun icazələri isə çoxtərəfli sazişlərə əsasən operatorlara verilir. Onlar növbəlilik, operatorun bazar payı və ya operatorun malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür.

Sahibkar: '20 dollarlıq 'dozvol'u bəzən 1000 dollara alırıq'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Bəzi ekspertlər isə hesab edir ki, bu sistem təkmilləşdirilməlidir.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından belə hallar tələbin yüksək, icazə blanklarının sayının az olması ilə izah edilib.

"Rusiya tərəfinin razılığı olmadan..."

AYNA-dən isə "Turan"a bildirilib ki, hazırda üçüncü ölkəyə icazə blanklarının Rusiya tərəfindən verilməsi üçün bu ölkənin Nəqliyyat Nazirliyi ilə danışıqlar davam edir.

Qurumdan qeyd olunub ki, bu il ərzində icazə blankları daşıyıcılara verilib və avqustun 7-də bitib: "İcazə blanklarının qalıq sayı barədə hər gün, bitməsi barədə dərhal daşıyıcılara rəsmi səhifələrdə və elektron qruplarda məlumat verilib. Daşıyıcılardan fəaliyyətlərində çətinlik yaranmaması üçün yeni icazə blanklarının ölkəyə gətirilməsinə qədər icazə olmadan nəqliyyat vasitələrinin yüklənməməsi xahiş olunub".

Vurğulanıb ki, xəbərdarlıqlara baxmayaraq, bəzi daşıyıcılar tərəfindən yükləmələr davam edilib: "Rusiya tərəfinin razılığı olmadan icazələrin mübadiləsi və ölkəyə gətirilməsi mümkün olmayıb. Blankların Azərbaycana gətirilərək daşıyıcılara verilməsi təmin ediləcək".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Bölgü şəffaf olmalıdır"

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da deyir ki, beynəlxalq yükdaşımalara icazələr dövlətlər arasında qarşılıqlı razılaşmalar əsasında verilir: "Azərbaycanı bu məsələdə təmsil edən AYNA-dır. AYNA çalışmalıdır ki, yük daşıdığı dövlətlərlə qarşılıqlı əlaqələr çərçivəsində lazım olan miqdarda icazələrin alınmasını təmin etsin. Bu, digər ölkələrlə qarşılıqlı olmalıdır".

Ekspertin fikrincə, burada da Azərbaycanın və daşıyıcıların maraqlarını həmişə qorumaq lazımdır: "Bundan ötrü də Azərbaycan daşıyıcılarının da avtomobil parkı, sürücülərin peşəkarlığı yerində olmalıdır ki, beynəlxalq partnyorlar görsün ki, bütün standartlar qorunur".

Ə.Hüseynov qeyd edib ki, icazə blankları ölkə daxilində sürücülər arasında ədalətli şəkildə bölünməlidir: "Həmin bölgü şəffaf olmalıdır. Elə olmalıdır ki, daşıyıcılar arasında suallar çıxmasın".

Ötən il "Avtomobil nəqliyyatı haqqında" Qanuna dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları lisenziyalaşdırılmır, icazə əsasında təşkil olunur. Bu, əsasən, haqsız rəqabət və inhisarçılığın qarşısının alınması ilə izah edilib.

XS
SM
MD
LG