Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:48

Taktiki nüvə silahı nə deməkdir


Rusiyanın Iskander taktiki raket sistemi
Rusiyanın Iskander taktiki raket sistemi

Rusiya Prezidenti Vladimir Putinin eyhamı o qədər də üstüörtülü deyildi.

"Ölkəmizin ərazi bütövlüyünə təhdid olarsa, sözsüz ki, biz Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdəki bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”, – deyə Putin sentyabrın 21-də səfərbərlik əmrini verərkən bəyan etmişdi.

Putinin "əlimizdəki bütün imkanlardan” deyərkən Rusiyanın nüvə arsenalını nəzərdə tutduğuna şübhə yoxdur.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Fərqli yozumlar

AzadlıqRadiosunun müxbiri Mayk Ekel yazır ki, fərqli təhlilçilər onun bu eyhamını fərqli cür yozurlar. ABŞ rəsmiləri oktyabrın 10-da və bundan öncə dəfələrlə bildiriblər ki, Rusiya ABŞ, yaxud NATO-nu “qamətini düzəltməyə”, yəni hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirməyə vadar edəcək heç nə etməyib.

Putin çıxışından doqquz gün sonra Kremldə Ukraynanın ərazilərinin ilhaqını elan edərkən həmin sözlərini bir daha təkrarlayıb və bununla kifayətlənməyərək ABŞ-ın 1945-ci ildə Yaponiyanı nüvə silahı ilə bombalaması presedentini yada salıb.

Putinin Qərb paytaxtlarını uzaqmənzilli strateji raketlərlə vurmağa hazır olduğunu göstərən dəlil azdır. Ancaq başqa imkanlar da var. Məsələn, taktiki silahlar kimi tanınan daha kiçik, daha səyyar, qeyri-strateji nüvə başlıqları.

ABŞ Prezidenti Co Bayden oktyabrın 11-də CNN-ə müsahibəsində Putini nüvə təhdidlərinə görə qınayıb. Ancaq o yanlışlıqla Putinin taktiki silahlardan istifadəylə bağlı açıq təhdid səsləndirdiyini deyib.

Taktiki nüvə silahları barədə nələri bilməli

İnsanların çoxu soyuq müharibə dövrünün qitələrarası və nüvə raketlərini əks etdirən qorxunc görüntülərini xatırlayır. Bunkerlərdən, sualtı qayıqlardan, təyyarələrdən və hətta ağır yük maşınlarından atılan və bir, yaxud daha çox nüvə başlığı daşıyan raketlər onlarla məntəqənin üzərinə yağış kimi yağaraq şəhərləri və əhalini, hətta Yer kürəsindəki bütün həyatı məhv edə bilər.

2011-ci ildən qüvvədə olan Yeni START müqaviləsi Rusiya və ABŞ-ın strateji silahların ölçüsü və yerləşdirilməsinə məhdudiyyətlərlə bağlı silsilə sazişlərin sonuncusudur. ABŞ Dövlət Departamentinin məlumatına görə, həm Moskva, həm də Vaşinqton müqavilə ilə icazə verilən saydan daha az nüvə başlığına malikdir. Bu saysa 1550-dir.

Ancaq Yeni START taktiki deyil, yalnız strateji nüvə silahlarını məhdudlaşdırır.

Bakının dar səkiləri - standarta əməl olunmur
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

“Təyyarədən atılan bombanı düşünün”

Eyni zamanda qeyri-strateji silahlar kimi tanınan taktiki nüvə silahları həm ölçü, həm də partlama gücü baxımından daha kiçikdir. Uzun zamandan bəri Rusiyanın nüvə arsenalı üzrə ixtisaslaşan ekspert, BMT-nin Cenevrədəki Tərksilah Araşdırmaları İnstitutunda çalışan Pavel Podviq deyir ki, bu silahlar döyüş meydanı, yaxud hərbi əməliyyatlarda istifadə üçün dizayn olunub. “Təyyarədən atılan bombanı düşünün”, – o deyir.

"Terminin özü problemlidir, çünki reallıqda nüvə silahlarından istənilən istifadə strateji olacaq – o münaqişənin nəticəsini dəyişəcək ki, niyyət də budur. Hətta onlardan döyüş meydanında istifadə edilsə belə … belə bir addımın əsas mesajı o olacaq ki, Rusiya nüvə silahlarından daha geniş miqyasda və son nəticədə əhaliyə qarşı istifadə etməyə hazırdır. “Taktiki” sözündən istifadə bu reallığa kölgə salır: nüvə silahları öz gücünü çox sayda insanı öldürmək qabiliyyətindən alır”, – Podviq deyir.

Uzun məsafələr üçün deyillər

Taktiki silahlar – bombalar, artilleriya mərmiləri, yaxınmənzilli raketlər – iri strateji raketlərə nisbətən daha az partlayıcı gücə malikdir.

Bu silahların ölçüsü də daha kiçikdir və onlar uzun məsafələr üçün dizayn olunmayıb. Onlar raketə qoşulduğu halda 500 kilometrdən uzağa getməyə bilər. Bu o deməkdir ki, kəşfiyyatın – peyklərin, məsafədən işləyən güclü sensorların və hətta binoklların onları görməsi çətinləşir. Bu isə öz növbəsində düşmənin öncədən hazırlaşıb özünü müdafiə etməsinin çətinləşməsi deməkdir.

Buna görə də bir çox ekspertlər taktiki nüvə silahlarını sabitliyi pozan, potensial olaraq daha təhlükəli silahlar kimi görürlər.

Həm ABŞ, həm də SSRİ Soyuq müharibənin ən qaranlıq günlərində kiçik nüvə silahları istehsal ediblər. SSRİ və onun Varşava Paktındakı tərəfdaşları NATO-dan daha çox tank və piyada qoşunlarına malik idilər. Buna görə də taktiki nüvə silahlarından istifadə NATO-nun Varşava Paktının Qərbi Avropaya hücumuna cavab planının əsas elementi sayılırdı. Bu həm də “çevik cavab” adlandırılırdı.

Daha dəqiq işləyən silahlar

Ancaq o zamandan bəri ABŞ taktiki silahlardan asılılığı azaldıb. Bunun əvəzində hərbi texnoloqlar eyni məqsədlərə çatmaq üçün daha dəqiq işləyən silahlara üstünlük verirlər. Mürəkkəb konvensional partlayıcılar nüvə başlıqları qədər dağıntı yaratmağa qadirdir.

Hazırda ABŞ-ın 200-dək taktiki silahı var. Onların yarısını B61 nüvə qravitasiya bombaları təşkil edir. Bunlar sadəcə təyyarədən atılan və sonra hədəfə yönləndirilən bombalardır. Bu silahlar Almaniya və Türkiyə də daxil olmaqla NATO müttəfiqlərinin ərazilərinə yerləşdirilib.

Donald Trampın prezidentliyi dövründə ABŞ rəsmiləri daha qısamənzilli və daha zəif qeyri-strateji silahların istehsalına çağırırdılar. Bura dənizdən atılan kruiz raketləri də daxildir. Ancaq bu planlar hələ də hazırlıq mərhələsindədir.

2 minədək taktiki nüvə başlığı

Rusiyaya gəlincə, hesablamalara görə, onun 1500 – 2000 civarında taktiki nüvə başlığı var. Buraya qravitasiya bombaları, hava-yer raketləri, kruiz raketləri və hətta torpedolar da daxildir.

Rusiya Ukraynaya qarşı müharibədə sualtı qayıqlardan və hava gəmilərindən kruiz raketləri də buraxıb. O eyni zamanda “İskander” kimi tanınan qısamənzilli ballistik raket sistemlərindən də istifadə edib. “İskander” raketinin başına yerləşdirilmiş taktiki nüvə başlığının ölçüsü konvensional raket başlığından fərqlənmir və deməli, onları bir-birindən ayırmaq mümkün olmayacaq.

“Yerləşdirilmiş” nüvə başlığı

Həm strateji, həm də taktiki nüvə başlıqları barədə yadda saxlamalı bir şey də var: Üzərinə nüvə başlığı taxılmış raket, yaxud qravitasiya bombası anqarda saxlanırsa və asanlıqla təyyarəyə yerləşdirilə bilərsə, o artıq həmin ərazidə “yerləşdirilmiş” nüvə başlığı sayılır.

Həm ABŞ, həm də Rusiyanın "quraşdırılmamış” nüvə başlığı ehtiyatları var. Onlar xüsusi anbarlarda saxlanır və bir hissəsinin demontaj olunaraq məhvi nəzərdə tutulub. Bu o deməkdir ki, onları anbardan çıxarıb təyyarəyə, yük maşınına, bunkerə daşıma vaxt alacaq. Ancaq nə qədər vaxt alacağı silahın növündən asılıdır.

"Bu taktiki silahların heç biri …yerləşdirilməyib. Onlar çatdırma sistemlərinə qoşulmayıb”, - Podviq deyir.

Bəs bu silahlardan nə zamansa istifadə olunubmu?

Hər hansı taktiki, qeyri-strateji nüvə silahından münaqişədə istifadə olunmayıb.

Keçmişdə Putin və başqa Rusiya rəsmiləri, habelə Dmitri Kiselyov kimi aqressiv TV aparıcıları Rusiyanın nüvə arsenalı və hərbi sənayenin istehsal etdiyi bəzi yeni silahlar haqda ağızdolusu danışıblar. Onların arasında raket zərbələrindən müdafiə sistemlərini yara bilən hipersonik raketlərin və “dron” torpedoların adı çəkilir.

Ukraynadakı müharibədə Putin taktiki nüvə silahlarından, yaxud ümumiyyətlə, hər hansı növ silahlardan istifadə edəcəyi hədəsini səsləndirməyib. Bu bir daha onun hədələrini hansı formada reallaşdıracağı (əgər reallaşdıracaqsa) barədə düşünməyə yer qoyur.

Göstəri effekti

Rusiya Ukrayna qüvvələrini taktiki başlıqlara vurmaqdan başqa müəyyən göstəri effekti yaratmağa da çalışa bilər. Məsələn, raket başlığını Qara dənizin üzərində partlatmaq heç kimi öldürməz, ancaq Qərbi, ilk növbədə ABŞ-ı Kremlin nüvə silahından istifadəyə hazır olduğuna inandıra bilər.

Yaxud da nüvə başlığını daha ucqar bir yerdə, məsələn, Barens dənizindəki Novaya Zemlya arxipelaqında partlada bilər. Moskva onsuz da on illərlə bu ərazidə nüvə sınaqları həyata keçirib.

Başqa bir variant sadəcə yeni eksperimental silahlardan birini sınaqdan keçirərək Qərbə nümayiş etdirmək ola bilər. Bu, məsələn, nüvə başlıqlı “Burevestnik” kruiz raketi və ya nüvə başlığı daşıya bilən avtonom sualtı dron ola bilər. Sonuncunu mütəxəssislər “qiyamət silahı” adlandırırlar.

Taktiki nüvə partlayışının effekti necə ola bilər?

Bu onun nə üçün, harada və necə istifadə edilməsindən asılıdır. Döyüş meydanında yüzlərlə Ukrayna əsgərini nüvə silahı ilə öldürməyin effekti, nüvə başlığını Qara dənizin üzərində, yaxud Barens dənizində partlatmaqdan çox fərqli olardı.

Belə bir addım Ukraynanı sülh danışıqlarına vadar edərmi, yaxud Qərb Ukraynaya danışıqlara getmək üçün təzyiq göstərərmi, Kiyevə dəstəyi kəsərmi – bütün bunlar isə açıq qalan suallardır.

Bir şey dəqiqdir ki, belə bir hərəkət nüvə silahlarından istifadə üzərindəki tabunu aradan qaldırardı. Bu tabu ABŞ-ın 1945-ci ildə Hiroşima və Naqasakini bombalamasından sonra heç vaxt pozulmayıb. Bu həm də Rusiyanın Çin kimi partnyorlarından təcridi demək olardı. Xatırladaq ki, Çinin özü də nüvə dövlətidir.

XS
SM
MD
LG