Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Tacik müxalifətçilərin deportasiya olunmaması üçün Avropa və Türkiyəyə çağırış edilir


Aprelin 8-də mühacir tacik müxalifətçisi və Qrup 24-ün keçmiş üzvü Sulayman Davlatov Litvada məhkəmədən qabaq iki ay müddətinə təcridxanaya göndərilib
Aprelin 8-də mühacir tacik müxalifətçisi və Qrup 24-ün keçmiş üzvü Sulayman Davlatov Litvada məhkəmədən qabaq iki ay müddətinə təcridxanaya göndərilib

Human Rights Watch (HRW) insan haqları təşkilatı Avropa İttifaqı ölkələrinə və Türkiyəyə onlardan sığınacaq istəyən tacik dissidentləri Tacikistana deportasiya etməməyə çağırıb.

Xəbər verilir ki, Tacikistanın qadağan olunmuş Qrup 24 müxalifət hərəkatına bağlı olan və Aİ üzvü olan Litva və Polşada, habelə Türkiyədə yaşayan bir neçə şəxs son aylarda yoxa çıxıb və ya Tacikistana deportasiya olunacaqları ilə hədələnib.

Aprelin 8-də mühacir tacik müxalifətçisi və Qrup 24-ün keçmiş üzvü Sulayman Davlatov Litvada məhkəmədən qabaq iki ay müddətinə təcridxanaya göndərilib.

O Litvanın milli təhlükəsizliyini pozmaqda ittiham olunur.

Litvada 9 ildir ki, yaşayan 40 yaşlı Davlatov Tacikistan hakimiyyətini internetdə tənqid etməsi ilə tanınır.

2015-ci ildə Qrup 24 və Konstruktiv Qüvvələr Konqresi müxalifət qruplarının bir keçmiş üzvü Tacikistan hakimiyyətinin orderi ilə Finlandiyada saxlanmış, lakin sonradan sərbəst buraxılmışdı.

Oğurlanacağı ilə hədələndiyi deyilir

Varşava məhkəməsi başqa bir keçmiş Qrup 24 üzvü Şabnam Xudodoydodovanın qardaşı Komron Xudodoydodovun Polşadan çıxmalı olduğuna dair qərar verib.

O 2018-ci ildə siyasi sığınacaq ərizəsi rədd edildikdən sonra humanitar viza ilə Polşada yaşamaqda davam edirdi.

Onun bacısı Tacikistan hökuməti tərəfindən ekstremizmdə ittiham olunaraq Interpolun “qırmızı siyahısı”na salınıb.

Qrup 24-ün iki lideri Nasimjon ŞarifovSuhrob Zafar fevral və mart aylarında Türkiyədə yoxa çıxıblar.

Türkiyədə 2014-cü ildən yaşayan Zafar oğurlanacağı və Tacikistana qaytarılacağı ilə hədələnirdi.

Şarifov və Zafar 2018-ci ildə Düşənbənin sorğusu ilə Türkiyə hakimiyyət orqanları tərəfindən saxlanmış, amma sonra sərbəst buraxılmışdılar.

Qrup 24-ün təsisçisi, biznesmen Umarali Quvatov 2015-ci ilin martında İstanbulda sui-qəsdlə qətlə yetirilib.

“Transmilli repressiyalar”

Tacikistanda demokratik islahatlar uğrunda mübarizə aparan bu qrup 2014-cü ildə Tacikistan hakimiyyəti tərəfindən terrorçu təşkilat kimi qadağan olunub.

HRW-nin nümayəndəsi Zinət Sultanaliyeva bu barədə deyib:

“Tacikistan birmənalı şəkildə xaricdə tənqidçiləri kimi gördüyü şəxslərin, xüsusilə də Qrup 24 və başqa qadağan olunmuş təşkilatların üzvlərinin on ildir davam edən ovuna son qoymalıdır. Aİ və Türkiyə müxalifət fəallarını müdafiə etməli və onların Tacikistana qaytarılmasından çəkinməlidirlər”.

Sultanaliyevanın sözlərinə görə bu şəxsləri Tacikistanda aşkar işgəncə gözləyir.

HRW-nin bəyanatında deyilir ki, Aİ-nin iki üzvü və Türkiyə “transmilli repressiyaları pisləməli və xaricdəki tənqidçilərini hədəfləyən ölkələrlə hər hansı əməkdaşlığa yenidən baxmalıdırlar”.

XS
SM
MD
LG