Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:00

Rusiyanın savaş iqtisadiyyatı: Xəbərdarlıq işıqları yanıb-sönməkdə


Sankt-Peterburqda ABŞ dollarının Rusiya rubluna olan məzənnəsini göstərən valyuta mübadilə məntəqəsi.
Sankt-Peterburqda ABŞ dollarının Rusiya rubluna olan məzənnəsini göstərən valyuta mübadilə məntəqəsi.

Rusiyada südün, kartofun və yağın qiyməti qalxır. Dükanlar oğurluğun önünü kəsmək üçün güvənlik tədbirlərini artırır. İpoteka faizləri kəskin yüksəlir, ev, mənzil satışları da azalır.

Moskvanın Ukraynada qarşı tammiqyaslı savaş başladandan bəri min gündən çox vaxt keçib. Rusiya öz iqtisadiyyatında dəyişiklik etməklə onu savaşı təmin edəcək və Qərbin sanksiyalarına tablaşacaq hala gətirməyə çalışıb.

Hökumətin tank, raket və hərbi uniforma istehsalı kimi sahələrə pul xərcləməsi ölkədə iqtisadiyyatı böyüdüb. Könüllü əsgərlərə ödənən qeyri-adi dərəcədə yüksək maaşlar, ölənlərin dul qalan arvadlarına ödənən bonus və güzəştlər ölkənin yoxsul bölgələrinə çoxlu pul axını doğurub.

Ancaq o biri yandan inflyasiya kəskin artır. İnflyasiyanı ram etməyə çalışan Mərkəzi Bank oktyabrda əsas faiz dərəcəsini 21 faizə qaldırıb. Bu, son 20 ilin ən yüksək göstəricisidir.

Ekspertlər deyirlər ki, xəbərdarlıq işıqları yanıb-sönməkdədir. Get-gedə kiçilən əmək bazarından işçilər toplamağa çətinlik çəkən şirkətlər əməkhaqqını artırır. Bu da çox sayda şirkətin müflis olacağı ilə bağlı narahatlığa səbəb olur. Mərkəzi Bankın yüksəltdiyi ipoteka faizləri isə get-gedə daha çox bölgədə ev almaq istəyənləri qorxudub fikrindən daşındırır.

"İqtisadiyyat həddən artıq yüklənib"

"Bazar ölüb. İndi donub bazar, yerli-dibli heç bir şey baş vermir", - hökumətin təqibindən çəkindiyi üçün adının gizli qalmasını istəyən bir daşınmaz əmlak agentinin sözləridir.

Finlandiya Bankının Keçid İqtisadiyyatı İnstitutunun baş məsləhətçisi Laura Solanko deyir ki, iqtisadi inkişafın yavaşıması danılmazdır: "İqtisadiyyat həddən artıq yüklənib. Artım sürəti yavaşımalıdır. Çox yavaş artım, yaxud artımın heç olmaması iqtisadiyyatın çökmək ərəfəsində olması demək deyil. Bu, yatırımların yavaşıması və qarşıdakı rüblərdə bəzi dövlət xərclərinin azalması deməkdir".

Rusiyada ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb.
Rusiyada ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb.

Qərbin genişmiqyaslı sanksiyalarına və Rusiya ilə ticarətin kəsilməsi istiqamətində atılan addımlara baxmayaraq, hökumətin savaş xərcləri ötən il ÜDM artımını 3.6 faizə yüksəldib. Proqnozlara görə, bu il iqtisadiyyatın 3.9 faiz artacağı gözlənilir.

Digər tərəfdən, işsizlik sentyabrda 2.4 faizə enib. Əmək qüvvəsinin çatışmazlığı maaşların artmasına səbəb olub.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin qələmə aldığı yazıda deyilir ki, yüksək faiz dərəcələri təkcə daşınmaz əmlak bazarına təsir göstərməyib. Korporativ borcların artması şirkətlərin öz əməliyyatlarını genişləndirməsindən ötrü kredit götürməsini, yaxud Ukraynada vuruşmağı seçən işçilərlə rəqabət apara bilmək üçün maaşları qaldırmasını xeyli çətinləşdirib. Bəzi bölgələrdə kişilər yalnız orduya yazıldıqlarından birillik əməkhaqqına bərabər məbləğdə pul ala bilirlər.

Artıq biznes rəhbərləri və şirkət direktorları arasında Mərkəzi Bankdan narazılıq halları üzə çıxmağa başlayır.

"Rostex" dövlət sənaye konqlomeratının rəhbəri, prezident Vladimir Putinin müttəfiqi Sergey Çemezov faiz dərəcələrinə gətirilən ən son artımdan öncə yüksək faiz dərəcələrinin sənayenin inkişafını ciddi ölçüdə əngəlləməsindən şikayətlənib və əlavə edib: "Konservativ maliyyə siyasəti durğunluğa gətirib çıxara bilər".

"İşləyib risklərlə üzləşməkdənsə…"

"İndiki faiz dərəcəsi ilə şirkətlərə inkişafı dayandırmaq, hətta biznesin həcmini azaltmaq və pullarını bankda əmanət kimi saxlamaq işləyib risklərlə üzləşməkdən daha çox sərfəlidir", - Rusiyanın ən iri polad şirkətinə rəhbərlik edən, Kremllə bağlı oliqarx Aleksey Mordaşov oktyabrda belə deyib.

Çemezov və digər biznes rəhbərləri iflas edən şirkətlərin sayca artacağı barədə də xəbərdarlıq ediblər.

Mərkəzi Bankın özü də faiz dərəcələri kəskin artdığından iqtisadi artımın yavaşımasını gözləyir. 2025-ci ildə artımın 0.5-1.5 faiz arasında azalacağı gözlənilir.

Ekspertlər deyirlər ki, Mərkəzi Bank siyasətinin iqtisadiyyatı staqflyasiya halına salacağı qorxusu var. Bu, artımın yavaşıması (staqnasiya) ilə öhdəsindən gəlinməsi çətin olan inflyasiyanın kombinasiyasıdır. Hökumətlə bağlı bir beyin mərkəzi də noyabrın 13-də dərc etdiyi hesabatında bu xəbərdarlığı dilə gətirib: "Əsas faiz dərəcəsinin indiki yüksək səviyyəsi və onun daha da artacağına dair ehtimallar yaxın gələcəkdə iqtisadiyyatın geriləməsi və investisiyaların çökməsi riskini yaradıb".

Moskvada müqaviləli ordu xidmətini təbliğ edən reklam lövhəsində "müqavilənin ilk ili üçün 5.2 milyon rubl" (57 min dollar) yazılıb.
Moskvada müqaviləli ordu xidmətini təbliğ edən reklam lövhəsində "müqavilənin ilk ili üçün 5.2 milyon rubl" (57 min dollar) yazılıb.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina qurumun fiskal siyasətindəki bəzi məqamları müdafiə edərək tənqidçiləri inandırmağa çalışıb. O, staqflyasiya qorxusunu da görməzdən gəlib: "Rusiya iqtisadiyyatı dönüş nöqtəsindədir və yaxın aylarda inflyasiyada yavaşıma gözlənilir".

"Durum xeyli mürəkkəbləşəcək"

Almaniyanın Beynəlxalq və Güvənlik Məsələləri İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Yanis Kluqe deyir ki, "bəzi iflas halları Moskvanı narahat etməyəcək", axı onlar "inflyasiyanı nəzarət altına almaq üçün lazımdır".

O bunu da bildirib ki, iflas halları kişilərin Ukraynada döyüşmək üçün cəlbinə də kömək etməlidir, "çünki borcunu ödəyə bilməyənlərin orduya yazılmağa razı olması ehtimalı daha çoxdur". Kluqe sözlərini belə bitirib: "Bütövlükdə, Rusiyada iqtisadi durum xeyli mürəkkəbləşəcək. Az qala üç il idi elə görünürdü ki, bu savaşda sanki hər kəs varlanır. Ancaq indi bunun baş verməyəcəyi və əvəzinin ödənilməli olduğu aydın görünməyə başlayır".

XS
SM
MD
LG