Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:54

Ekspert: 'Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün faydalıdır'


Yerevanda KTMT-nin sammiti
Yerevanda KTMT-nin sammiti

"Ermənistan-Rusiya münasibətləri çətin dövrdən keçir. Lakin bu münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir". Bunu Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə ölkə parlamentində çıxışı zamanı deyib.

Ermənistan Qərblə əməkdaşlığı gücləndirir. Bununla paralel olaraq Rusiyanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə getdikcə daha çox məsafəli davranır.

Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi regiona təhdidlər yaradırmı? Bunun Azərbaycanla Ermənistan arasında illərdir davam edən sülh danışıqlarına mümkün təsirləri nədir?

"Bu proses uzun illər davam edəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Paşinyanın Ermənistanı Rusiyanın təsir imkanlarından qurtarmaq istəyinin mürəkkəb məsələ olduğunu düşünür: "Bu proses uzun illər davam edəcək. Görünür, Paşinyan 5 aprel Brüssel görüşündə istədiyini ala bilmədiyindən bu açıqlamanı səsləndirir. Ermənistan baş naziri daha böyük dəstək arzulayırdı, Avropa İttifaqı və ABŞ-nin təhlükəsizlik təminatını istəyirdi. Amma onlar bir neçə layihəni maliyyələşdirə bildiklərini göstərdilər. Bu mənada Nikol Paşinyan hazırda Rusiya ilə bütün münasibətləri korlamaq istəmədiyindən həmin açıqlamanı verib".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Danışıqlarda Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd edilib. Bu yardım, elan olunduğuna görə, Ermənistanın dayanıqlığını artırmalı və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək etməlidir.

E.Şahinoğlu habelə hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün də faydalıdır: "Rusiyanın Ermənistanda hərbi bazası var, Türkiyə ilə sərhədlərini də şimal ölkənin hərbçiləri qoruyur. Əgər Ermənistan Azərbaycanla sülh imzalasa, Türkiyə ilə münasibətlərini nizamlasa, Rusiyanın hərbi bazasına ehtiyac qalmayacaq".

"Biz də Rusiyanın vasitəçiliyində maraqlı olmamalıyıq"

Politoloqun sözlərinə görə, hazırkı Moskva-Yerevan münasibətləri sülh danışıqlarına o mənada təsir edir ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyinə şübhə ilə yanaşır: "Ermənistan Moskvanın vasitəçiliyini istəmir. Azərbaycanın bu barədə rəsmi mövqeyi olmasa da, biz də Rusiyanın vasitəçiliyində maraqlı olmamalıyıq. Son vaxtlar vasitəçi kimi Almaniya fəallaşıb, bu ilin fevralında Münxendə Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə Əliyevlə Paşinyan görüşdü. Məncə, Berlindən yenə təşəbbüs gələcək. Bunu Şoltsun aprelin 9-da Paşinyan ilə telefon danışığı ilə əlaəqləndirirəm. Güman ki, Şolts Əliyev ilə də danışacaq. Yəni, Rusiya olmaqdansa, görüşlər Almaniyada və Gürcüstanda keçirilsin".

Onun fikrincə, amma ən optimal yol iki ölkə rəhbərinin birbaşa danışıqlarıdır.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Rusiya kənarda saxlanılmalıdır"

Politoloq Nəsimi Məmmədli də istənilən halda vacib sayır ki, Azərbaycan-Ermənistan münasibətləri Rusiyaya görə qurulmasın: "Rusiya regionda böyük güc olduğundan ölkələrin münasibətlərinə müəyyən təsir göstərə bilir. Bütün hallarda Rusiyanı tam mənada neytrallaşdırmaq üçün Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır və bu müqavilədə Rusiyanın üzərinə hansısa öhdəlik qoyulmamalıdır. Yəni, Rusiyanın iştirakı kənarda saxlanılmalıdır".

N.Məmmədlinin sözlərinə görə, Rusiya Ukrayna ilə münasibətlərdə Avropa üçün təhdid olduğunu göstərdiyi kimi, Cənubi Qafqazda da bir təhdiddir. "Bu nöqteyi-nəzərdən Rusiya ilə münasibətlərin mümkün qədər gərgin olmaması daha arzuolunandır. Amma Rusiya bəzən elə addımlar atır ki, gərginlikdən də qaçmaq olmur",- Məmmədli bildirib.

Rusiyadan deyilənlər...

Yazıda səslənən fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova dünən, aprelin 10-da deyib ki, Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərib.

"Sonra Qərb peyda oldu... Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Məsələ ondadır ki, bəzən Qərbin müdaxiləsi regionda artıq əldə edilmiş harmoniyanı pozur", - Rusiya XİN sözçüsü vurğulayıb.

Azərbaycan rəsmiləri isə Rusiya ilə münasibətlərdən məmnunluqla bəhs edirlər. İki ölkə arasında iki il əvvəl "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG