Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Reabilitasiya Mərkəzində daha bir ölüm: Gətiriləndən az sonra həyatını itirdi


Narkomaniya və alkoqol asılılığından əziyyət çəkənlərin müalicə olunduğu özəl reabilitasiya mərkəzlərindən daha birində ölüm hadisəsi baş verib. Novxanı qəsəbəsindəki “Uğur yolu” Reabilitasiya Mərkəzinə gətirilən Roma Fataxov bir neçə dəqiqə sonra orada yaşamını itirib.

27 yaşlı gəncin ölümünə görə üç nəfər – “Uğur yolu” MMC-nin direktoru Şamil Menyayev, ictimai əsaslarla orada işləyən könüllülər Turxan AllahverdiyevElman Mehdiyev həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham verilib.

R.Fataxovun reabilitasiya mərkəzinə könüllü gəlmədiyi iddia edilir. Mərkəzin reklamlarını görən və mərkəzə gəlib danışan anası və bacısı onun burada müalicə olunmasını, pis vərdişdən qurtulmasını istəyiblər. Reabilitasiya xərcindən başqa, onu saxlayıb gətirməkdən ötrü də ailədən əlavə pul alınıb.

Özünü qapalı hovuza atıb və boğulub?

R. Fataxovun necə gətirilməsinə gəlincə, təqsirləndirilən 3 nəfərin özü də təsdiqləyir ki, yaşadığı evin önündə saxlayıb, məcburi maşına mindirib gətiriblər. Roma onların polis olduğunu düşünüb, reabilitasiya mərkəzinə gətirildiyini oraya çatınca anlayıb.

Cinayət işinin materiallarında iddia edilir ki, o, mərkəzə gətirilməsindən qəzəblənib və bir qədər sonra özünü buradakı qapalı hovuza ataraq, boğulub.

Reabilitasiya Mərkəzinin direktoru olan 27 yaşlı Menyayev onun ölümünə görə özünü təqsirli bilmir. Deyir ki, onu ailə üzvlərinin istəyilə mərkəzə gətiriblər. O iddia edir ki, hovuzun dərinliyi Romanın boyundan daha az idi və bu üzdən düşünür ki, ölümün səbəbi mərkəzə gətirilməzdən öncə artıq dozada narkotik qəbulu ola bilərdi.

Amma Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onların üçünü də təqsirli bilib – Ş.Menyayevə 4 il, T.Allahverdiyevə isə 3 il həbs cəzası kəsilib. Üçüncü təqsirləndirilən E.Mehdiyevə şərti cəza verilib və o, hökmdən sonra məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin özlərini polis kimi qələmə verib, R.Fataxovu zorla Reabilitasiya Mərkəzinə gətirməsini səlahiyyət hədini aşma kimi qiymətləndirib. Üstəlik, “Uğur yolu” MMC-nin Əsasnaməsində də var ki, xəstə ilə mərkəz arasında könüllülük prinsipi əsasında reabilitasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə olmalıdır.

Zərərçəkmişin hüquqi varisi kimi tanınan bacısı Albina Fataxova təqsirləndirilən E.Mehdiyevdən şikayətçi olmayıb:

“Mən onu tanımamışam, amma o biri ikisindən şikayətçiyəm. Qardaşımın müalicəsi ilə bağlı məni aldadaraq, onun ölümünə səbəb olublar”.

Reabilitasiya Mərkəzinin direktoru Ş.Menyayevin atası Albert Menyayev Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında fiziki hazırlıq kafedrasının baş müəllimidir. O, illər öncə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi prezident tərəfindən “İgidliyə görə”, “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. Məhkəmə cəza təyin edərkən, bu məqamları onun oğluna münasibətdə yüngülləşdirici hal kimi nəzərə alıb.

Xatırlatma

Novxanı qəsəbəsində fəaliyyət göstərən “New Life” adlı başqa bir Reabilitasiya Mərkəzində də 3 il öncə ölüm halı yaşanmışdı.

Orada iki aya yaxın saxlanılan Hüseyn Məmmədov 2021-ci ilin sentyabrında ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Bu ölümə görə 5 nəfər həbs edilmişdi. İddia olunurdu ki, mərkəzdə onu döydüklərindən, yaşamını itiribmiş.

XS
SM
MD
LG