Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:52

Rayonlarda fərdi təsərrüfatlarda mal-qara azalır


Mikayıl Əhmədov
Mikayıl Əhmədov

Rəsmi etiraflara görə də, son illər Azərbaycanda əhaliyə məxsus fərdi təsərrüfatlarda mal-qaraların sayı azalır.

Astara rayon Seləkəran kənd sakini Mikayıl Əhmədov uzun illər fərdi təsərrüfatında camış, inək, qoyun saxlayıb. Ailəsini onlarla dolandırıb: "1991-ci ildə müstəqilliyimiz bərpa olanda ev təsərrüfatımda 30 başa qədər inək, camış, qoyun var idi. Qaz, ördək, toyuq saxlayırdım. 2015-ci ilədək problem olsa da, həll edə bilirdim. Sonra vəziyyət çətinləşdi".

"Örüş yerlərini satdılar"

M.Əhmədov fərdi təsərrüfatlarda mal-qaranın sayının azalmasının əsas iki səbəbini göstərir: "Torpaqlar əhaliyə verildi. Bələdiyyələr yaradıldı. Hərə öz torpağına nəzarət etməyə başladı. Örüş yerlərini satdılar. Torpaq islahatı keçirilməmişdən əvvəl mal-qara üçün geniş örüş yerləri var idi. Əkin sahələrindən məhsul yığılandan sonra mal-qaraya imkan verirdilər ki, həmin sahələrdə otlasın. İndi hərə öz torpağını mühafizə edir, mal-qaranın gedəsi yeri qalmayıb. Mənim dörd-beş baş inəyim və camışım qalıb. Hara ötürüm? İnəyi ayağıma bağlayım?!".

"İri təsərrüfatlar məmurlarındır"

O deyir ki, ikinci səbəb mal yeminin və quş dəninin əvvəlki illərə nisbətən bahalaşmasıdır: "Yem bahadır. Buğdanın, arpanın kiloqramı 50-60 qəpikdir. 18 kiloqramlıq kəpəyin bir kisəsi 6 manata qalxıb, 1 manat bahalaşdı. Burada çiyidin 30 kiloqramını 16 manat 50 qəpiyə alıram. Cəlilabadda ucuzdur. Gündəlik çörəkpulunu güclə çıxardan fərdi təsərrüfat sahibi Cəlilabada getmək üçün maşın pulunu haradan tapsın? Heyvandarlıqda olan iri təsərrüfatlar məmurlarındır, kiçik təsərrüfatlar sıradan çıxmaqdadır. Kəndlərdə sürətlə mal-qaraların sayı azalır".

Örüş yerləri yoxdur
Örüş yerləri yoxdur

Kənd sakini mal-qarası əlindən çıxmış qonşuların adını bir -bir çəkir: "Siz adlarını yazıda verməyin. Əvvəllər hərəsinin üç-dörd inəyi, qoyunu var idi. İndi saxlaya bilmir. Nəticədə ət, ağartı bahalaşır. İdxaldan asılı vəziyyətə düşürük. Yumurta nə üçün bahalaşır? Özümdən götürürəm: Ev təsərrüfatımda 100-120 ədəd toyuq saxlayırdım. Toyuq yumurtası və əti öz xərcini çıxardırdı. İndi çıxartmır. Yalvarırdılar ki, yumurta alın. İndi yumurtanın ədədi 40 qəpikdir".

Son illər rayonlarda kənd yumurtasının iki dəfəyə yaxın, mal, qoyun ətinin 40 faiz civarında bahalaşdığı bildirilir.

M.Əhmədov da düşünür ki, kənd təsərrüfatı məhsullarının bahalaşması davam edəcək: "Yəqin, yadınızda olar, quş ətinin kiloqramı 3 manata yaxın idi. İndi quş ətinin kiloqramı 5-7 manatdır. Mal ətinin kiloqramı rayon yerində 14 manat, quyun əti 18 manatdır. Hinduşka ətində bahalaşma sürətlə gedir. Ağartı məhsulları da bahalaşır. Ev şəraitində kərə yağının kiloqramı 15 manata olub. Onu əridəndə yarım kiloqram yağ çıxır. Belə çıxır ki, kərə yağının kiloqramı 30 manata yaxındır".

"Güzəştlərdən kiçik təsərrüfatlar yararlana bilmir"

Onun sözlərinə görə, kənd təsərrüfatına edilən güzəştlərdən kiçik fərdi təsərrüfatlar yararlana bilmir: "Eşidirəm ki, kənd təsərrüfatına milyardlarla manat subsidiya verilir, güzəştli kredit ayrılır. Amma mən, hələlik, 1 qəpik görməmişəm. Dörd ay bundan əvvəl gəlib baxıblar, çəkiliş ediblər. Dedilər ki, sənə güzəştli kənd təsərrüfatı krediti düşür. Yaxınlarda mənə xəbər etdilər ki, güzəştli kreditlə bağlı müraciətim həllini tapıb. O krediti necə alacağam, sonra məlum olar. Demək istəyirəm ki, güzəştlər kənd təsərrüfatında işləyənlərin hamısına nəsib olmur. Söz yox, güzəştli kreditlər alanlar var".

Qabar əllər
Qabar əllər

"Əlimə baxın, qabar-qabardır..."

Adının çəkilməsini istəməyən digər fərdi təsərrüfat sahibi də mal-qaranın saxlanmasına sərf olunan xərcin gündən-günə artmasından gileylənir: "İşsiz idim, iş tapa bilmədim. Özümü oda-közə vurub bir cins inək aldım. İnəklərin sayını dördə çatdırdım. İnəklərdən aldığım balalarını böyüdüb satırdım, xərci çıxırdı. Örüş yerləri ləğv olundu. İndi icarəyə torpaq sahəsi götürmüşəm, inəkləri ora ötürürəm. Həmin yerin pulunu illik ödəyirəm. İnəklər gündə dörd-beş bağlama ot yeyir. Bir ot bağlamasını 2-3 manata almışam. Digər yemlər, dərmanlar, illik xərc bir dəfə artıb. Gecə-gündüz çəkdiyim zəhməti hesaba almıram. Əlimə baxın, qabar-qabardır...".

Onun deməsinə görə, saxladığı maldan ona ancaq ağartı qalır: "Mənə ağartı qalır. Bir kiloqram kərə yağı 15 manata, bir litr süd 1 manata, bir kiloqram şor 1 manat 50 qəpikdir. 20 litr süddən bir kiloqram kərə yağı alınır. Ona görə südü satmaq mənə sərf edir. İki uşağım var. Böyüyə-böyüyə tələbatları da artır, çatdırmaq olmur. İş ondadır ki, ərzaq da hər dəfə bahalaşır. Evim Astara şəhərindədir, mərkəzdə deyilik. Mal-qaranı təsadüfən küçəyə buraxsan, tutub cərimə edirlər".

Astara rayonunda fərdi təsərrüfatlarda inək və camışların sayı bu ilin doqquz ayında 17 min 691 baş olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 879 baş azdır.

Mövzu ilə bağlı yerli hakimiyyət orqanları ilə danışmaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, vurğulayırlar ki, hökumət ölkədə fərdi təsərrüfatların inkişafında, fermerlərə güzəştlərin artırılmasında maraqlıdır.

XS
SM
MD
LG