Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Astarada kəndlilər mal-qarada dabaq xəstəliyinin yayıldığını deyir, rəsmilər isə...


Raman Cəfərov
Raman Cəfərov

Astara rayonunun İranla sərhəd Rudəkənar, Suparibağ, Məscitməhəllə, Qapıçıməhəllə, Artupa, Səncərədi, Alaşa və Züngüləş kəndlərində dabaq xəstəliyinin yayıldığı iddia edilir. Artupa kəndində adının çəkilməsini istəməyən sakinlərdən birinin sözlərinə görə, həmin xəstəliyin yayıldığı Qapıçıməhəllə sərhədin yaxınlığında yerləşir: "Xəstəlik də oradan gəldi. Dörd-beş il bundan əvvəl xəstəlik eyni qaydada belə yayılmışdı. Nə qədər mal-qara tələf oldu. Özümün beş inəyim var. Ağızlarından su gəlirdi. Bağladım. Malları öz cibimdən müalicə etdim. İndi yaxşıdırlar. Təhlükəli xəstəlikdir. Kənddə dabaq xəstəliyinə tutulmuş mal çoxdur. Gündən-günə də sayları artır".

Kəndin digər sakini Raman Cəfərov da dabaq xəstəliyinin yayıldığını deyir: "Baytar həkimə müraciət edəndə gəlib baxırlar. Mənim də iki baş inəyim xəstələnmişdi. Vaxtında qarşısı alındı. İndi, Allaha şükür, sağalmağa doğru gedir".

Kənd sakinlərinin sözlərin görə, mal-qaranı qapalı şəraitdə saxlamağa üstünlük verirlər. Amma demələrinə görə, xəstəliyə ciddi yanaşmayan adamlar da var.

"Öz pulumla müalicə edirəm"

Kəndin sonunda inəklərin ağacın altında toplaşdığını gördük. Kənd sakinlərindən biri bizə yaxınlaşıb bildirdi ki, inəklərin arasında xəstə olanı da var: "Mən malımı bağlamışam. Hamısı xəstədir. Dərmanları almışam. Öz pulumla müalicə edirəm. Bilmirəm, sonu nə olacaq. Məsləhət görərdim ki, xəstə mala yaxın durmayasız".

Aralarında xəstə inəklər də var
Aralarında xəstə inəklər də var

İranla sərhəd xətti Züngüləş kəndinin ərazisindən keçir. Kənd dağ yamacında yerləşir. Kənd sakinlərindən birinin deməsinə görə, mal-qaralarını meşəyə ötürürlər: "Dallarınca getməsək, gəlmirlər. Ona görə dabaq xəstəliyinə tutulmalar barədə məlumatımız yoxdur".

Qapıçıməhəllə kəndində isə bildirdilər ki, xəstəliyə tutulmuş inəklərin sayı artır. İranla sərhəd xətti boyunca uzanan yolun əks tərəfində, ağacların kölgəsində duran inəklər gözə dəyir. Onların arasında xəstəhal inəklər də gördük.

"Çox sürətlə yayılan xəstəlikdir"

Suparibağ və Rudəkənar kəndlərində də xəstə inəklərin olduğunu dedilər. Mal-qara saxlamaqla məşğul olan Seləkəran kənd sakini Mikayıl Əhmədov da dabaq xəstəliyinin yayıldığından gileylənir: "Dabaq xəstəliyi yaman yayılıb, bizim malları da tutub. Anamgildə inək xəstədir. 10-15 il əvvəl bu ərazilərdə geniş yayılmışdı. Deyirdilər ki, İrandan keçib. Dabaq xəstəliyinə tutulmuş mala yaxınlaşarkən əlcək geyinilməlidir. Özünü gözləməlisən. Bu xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulur. Peyvənd edirlər. Mənim mallarıma bununla bağlı heç bir iş görülməyib. Vurulan vaksinin keyfiyyəti də yaxşı olmalıdır. Vaksinin vaxtı keçəndə təsiri olmur".

Onun sözlərinə görə, xəstəliyin qarşısı alınmasa, qısa müddətdə əraziyə yayılacaq: "Çox sürətlə yayılan xəstəlikdir. Xəstəlik malın ən çox ayağından tutur. Yanında duran sağlam mala dərhal keçir. Kəndlər həyəcan təbli çalırlar, bunlar deyir ki, dabaq xəstəliyi yoxdur. Əlamətlər bu xəstəliyə işarədir. Heç olmasa, dərman versinlər".

Səncərədi kəndi
Səncərədi kəndi

Rəsmi: "Bizdə belə bir xəstəlik yoxdur"

Astara rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundov isə rayonun ərazisində dabaq xəstəliyin olmadığını söyləyir: "Bizdə belə bir xəstəlik yoxdur. İlin bu vaxtında Qazayağı otunun inkişaf etmə dövrüdür. Onlar zəhərli otlardır. Heyvan bu otu yeyəndən sonra ağzından su gəlir. Elə bilirlər, dabaq xəstəliyidir. Quraqlıq dövrüdür, dırnağı zədələyir, deyirlər, dabaqdır. Çağırışlar olur. Təsərrüfat sahibi dabaq xəstəliyinin olduğunu deyir ki, baytar həkmi tez gəlib baxsın. Qapıçıməhəllə kəndi İranla sərhəddə yerləşir. Məkan balacadır. Adətən dabaq xəstəliyi o tərəfdən keçir. Hazırda bu xəstəlik aşkarlanmayıb".

Məsələyə İranın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG