Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:34

Azərbaycanda ən çox qeyri-neft ixrac edən Dövlət Neft Şirkətidir


Neft Daşları
Neft Daşları

Hökumət rəsmiləri Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair vaxtaşırı açıqlamalar verirlər. Bugünlərdə Milli Məclisin deputatı, iqtidardakı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov da həmin mövzuya toxunub. Deputat mətbuata açıqlamasında bildirib ki, "Azərbaycan xalqı neft gəlirlərindən səmərəli istifadə etməklə güclü qeyri-neft iqtisadiyyatı formalaşdırıb". Bəs gerçək durum necədir? İndi ölkədə qeyri-neft sektorunun inkişafı hansı səviyyədədir? Yalnız qeyri-neft gəlirləri hesabına Azərbaycan iqtisadiyyatı ayaqda qala bilərmi?

Qeyri-neft gəlirləri idxalın yarısına belə yetmir

Azərbaycanda qeyri-neft sektorunun inkişafını qiymətləndirmək üçün əsas istiqamətlərdən biri ölkənin ixracıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, bu ilin ilk doqquz ayında Azərbaycan 26.5 milyard dollar ixrac gəliri qazanıb. Bu vəsaitin 24 milyard dolları - 91 faizi xam neft və təbii qaz ixracı hesabına təmin edilib. Doqquz ay ərzində ölkənin qeyri-neft sektoru üzrə ixrac gəliri cəmi 2.4 milyard dollardır. Başqa deyimlə, neft-qaz ixracı ilə müqayisədə 10 dəfə az. Onu da unutmaq olmaz ki, əslində ölkənin neftdənkənar neft-qaz ixracında da enerjidaşıyıcıların payı var. Axı qeyri-neft ixracında bəzi məhsulların xammalı kimi neft və qaz da iştirak edir. Deməli, ölkədə neft-qaz resursları olmasaydı, həmin sahələr də inkişaf etməyəcəkdi. Ancaq rəsmi statistikada bu məhsullar qeyri-neft sektoruna daxil edilir. Bu baxımdan, nə qədər qəribə səslənsə də, ötən il Azərbaycanda ən çox qeyri-neft ixracı gerçəkləşdirən şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR).

Qeyri-neft ixracının nə qədər aşağı olması idxalla müqayisədə daha aydın üzə çıxır. Belə ki, bu ilin ilk doqquz ayında Azərbaycan idxala toplam 12.6 milyard dollar xərcləyib. Bu baxımdan, rəsmi rəqəmlər göstərir ki, Azərbaycan təkcə qeyri-neft sektorundan ixrac gəliri qazansaydı, ölkənin ticarət dövriyyəsində 10 milyard dollar kəsir yaranardı. Bu da manatın dollar qarşısındakı məzənnəsinin indikindən bir neçə dəfə ucuz olmasına yol aça bilərdi. Eyni zamanda, bu qədər böyük mənfi ticarət balansı ölkənin xarici borclarını da artırardı. Ancaq indiki halda enerji gəlirləri hesabına nəinki ticarət dövriyyəsində mənfi saldo yaranmır, əksinə, ilk doqquz ayda 13.8 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu baxımdan, xarici ticarət bilgiləri götürülürsə, ölkədə güclü qeyri-neft sektorunun formalaşdığını demək olmaz. Axı qeyri-neft ixracından əldə edilən gəlirlər ölkənin idxala sərf etdiyi valyutanın cəmi 19 faizini qarşılamağa yetir.

Bəs büdcə gəlirləri?

Maliyyə Nazirliyinin 2023-cü ilinin ilk altı ayı ilə bağlı hesabatına görə, həmin müddət ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri toplam 15.5 milyard manat olub. Həmin vəsaitin 6.6 milyard manatı - 43 faizi neft-qaz gəlirləri hesabına təmin edilib. Neft-qaz sektorunun büdcəyə qazandırdığı həmin 6.6 milyard manatın 2.6 milyard manatı (40 faizi) birbaşa Dövlət Neft Fondundan büdcəyə transfert hesabına təmin edilib. Yerdə qalan 4 milyard manatsa enerji sektorundakı şirkətlərin ödədikləri vergi hesabına təmin edilib. Deməli, indiki halda Azərbaycanın dövlət büdcəsinə daxil olan hər iki manatdan, az qala, biri neft-qaz sektoru hesabınadır. Azərbaycanın büdcəsində yalnız qeyri-neft sektoru gəlirləri olsaydı, hökumət indiki büdcə öhdəliklərinin, ən yaxşı halda, yarısını icra edə bilərdi. Bu da ya ölkənin böyük həcmdə xarici borc almasına, ya da indiki büdcə öhdəliklərinin (maaş, pensiya, tikinti, təhsil, səhiyyə xərcləri və s.) azaldılmasına gətirib çıxarırdı. Qısası, təkcə qeyri-neft sektoru hesabına Azərbaycan büdcəsini icra etmək mümkün deyil. Bu baxımdan, ixrac göstəriciləri ilə yanaşı, büdcə göstəriciləri də deputat Azər Badamovun Azərbaycanda güclü qeyri-neft ixracı formalaşdırılması ilə bağlı fikrini təkzib edir.

Qeyri-neft ixracının problemləri

Azərbaycanın qeyri-neft ixracının coğrafi və məhsul strukturu da bu sahənin ölkədə məhdud inkişafını göstərir. Rəsmi rəqəmlərə görə, 2023-cü il ərzində Azərbaycanın əldə etdiyi qeyri-neft ixracı gəlirlərinin 40 faizə yaxını Azərbaycanla qonşu olan üç ölkə ilə - Rusiya (929 milyon dollar), Türkiyə (713 milyon dollar) və Gürcüstanla (228 milyon dollar) bağlıdır. Üstəlik, bu üç ölkə Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ilk üç ölkədir. Bu baxımdan, Azərbaycanın qeyri-neft ixracında coğrafi şaxələndirilmə çox aşağı səviyyədədir. Bunun əsas səbəbi ölkənin təklif etdiyi qeyri-neft məhsullarının çeşidcə azlığıdır bağlıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı və qeyri-neft ixracı ilə bağlı göstəricilərdən aydın olur ki, bu il ölkənin qeyri-neft ixracının mütləq əksəriyyəti kənd təsərrüfatı məhsullarının və neft-qaz xammalı hesabına hazırlanan məhsulların payına düşür.

Azərbaycanda qeyri-neft sektorunun məhdud inkişafı ölkənin iqtisadiyyatı ilə bağlı xronikləşmiş problemlərdən qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, daha çox məhsul ixracı ölkə daxilində rəqabətli və əlverişli iqtisadi ortamda mümkün olur. Azərbaycanda bir çox sahədə hökumət rəsmilərinə bağlı iri holdinqlərin hökmran mövqeyi orta və kiçik sahibkarlığın gəlişməsini əngəlləyir. Bu da gəlir və sərvət bərabərsizliyi ilə yanaşı, ölkə iqtisadiyyatında daha çox əlavə dəyər yaranmasının, dolayısıyla daha çox məhsul ixracının önünü kəsir. O biri yandan, ölkədə vergi və gömrük sistemi də sahibkarlığın inkişafına mənfi təsir göstərir. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatına görə, Azərbaycan regionda orta gömrük tarifinin ən yüksək olduğu ölkədir. İqtisadi amillərlə yanaşı, qanunun aliliyi və hüquq-məhkəmə sistemi ilə bağlı çağırışlar xarici investorların da ölkəyə marağını azaldır. Rəsmi rəqəmlərə görə, Azərbaycana yatırılan xarici birbaşa investisiyaların 80 faizi neft və qaz sektoru ilə bağlıdır. Xarici şirkətlərin Azərbaycan bazarında məhdud payı da ölkənin qeyri-neft sənayesinin inkişafını ləngidən amillər arasındadır. Bütün bunlar son nəticədə Azərbaycanın qeyri-neft sektorunun güclü inkişafının qarşısını alır. Bu baxımdan, rəsmi rəqəmlər göstərir ki, deputat Azər Badamovun iddiasından fərqli olaraq, ölkənin neftdənkənar sektoru heç də güclü inkişaf etməyib.

XS
SM
MD
LG