Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:50

Putinin yeni ideyası: milli 'ölümsüzlük' layihəsi


Rusiya prezidenti Vladimir Putin Moskvada Diaqnostika və Teletibb Texnologiyaları Elmi-Praktik Mərkəzində.
Rusiya prezidenti Vladimir Putin Moskvada Diaqnostika və Teletibb Texnologiyaları Elmi-Praktik Mərkəzində.

Fevralda Rusiya prezidenti Vladimir Putin "Müasir tibb texnologiyaları: sabahın sınaqları vaxtından əvvəl" adlı təmtəraqlı konfransda açılış çıxışı edib.

"Biz bu forumu yalnız meydana gələn və sınaqdan keçirilən həllərin deyil, eyni zamanda çox tezliklə insanların həyatını kökündən dəyişəcək həllərin müzakirəsi üçün yaratmışıq", – 71 yaşlı Putin deyib.

Putinin nitqinin mərkəzi hissəsini Rusiyanın "Yeni sağlamlığı qoruma texnologiyaları" adlı 14-cü milli layihəsinin elanı təşkil edib. Putinin 2005-ci ildə başladığı milli layihələr hökumətin demoqrafiya, təhsil, kənd təsərrüfatı və səhiyyə kimi əsas sahələri yaxşılaşdırmaq yönündəki təşəbbüslərindən ibarətdir. Putin bu təşəbbüsləri özünün rəqabətsiz seçki kampaniyalarında da müntəzəm istifadə edir.

Putinin prezident kimi beşinci andiçməsindən doqquz gün sonra, mayın 16-da baş nazirin müavini Tatyana Qolikova yeni layihəni rəsmən təqdim edib və onun 2025-ci ildə başlanacağını elan edib.

O, hüceyrələrin yaşlanmasını yavaşladan və həyat müddətini uzatmaq istiqamətində digər sahələrə yönəlmiş texnologiyaları xüsusi vurğulayıb. "RIA Novosti" agentliyinin xəbərində deyilir ki, yeni təşəbbüsün əsas aspektini "aktiv və sağlam yaşlanma üçün biotibbi texnologiyalar" üzərində iş təşkil edəcək.

Yaşlanma sürətinin azaldılması və ömrün uzadılmasının önə çəkilməsi tibb sahəsində çalışanların diqqətini cəlb edib.

"Politbüronun şıltaqlıqları"

Moskva xəstəxanalarından birində çalışan bir mütəxəssis deyib ki, bu yeni milli layihə "yaşlanan Politbüronun şıltaqlıqları"nı əks etdirir. AzadlıqRadiosu Rusiyada "arzuolunmaz təşkilat" elan edildiyindən bir çox hallarda müsahibə verən şəxslərin təhlükəsizliyini qorumaq məqsədilə məqalələrdə onların adları çəkilmir.

"Hər kəs yaşlanır, o cümlədən siyasətçilər. Yaşlanma əleyhinə terapiyalar çox populyardır və yeni texnologiyaların təqdim edilməsi üçün şərait münbitdir", – həmin mütəxəssis deyib.

AzadlıqRadiosunun rus xidmətinin araşdırma qrupu olan "Sistema" və mühacirətdə fəaliyyət göstərən rusdilli media qurumu "Meduza" Putinin bu yeni milli prioritet layihəsini, onun mərkəzində duran bəzi fikir və oyunçuları təhlil edib.

Yeni milli layihənin büdcəsi elan edilməyib. "RIA Novosti"nin xəbərində deyilir ki, layihənin məqsədi 2030-cu ilədək 175 min həyatı xilas etməkdir.

2023-cü ildə Moskvanın Burdenko xəstəxanasında həkimlər stasionar bioçap vasitəsilə ilk dəfə əməliyyat keçiriblər.
2023-cü ildə Moskvanın Burdenko xəstəxanasında həkimlər stasionar bioçap vasitəsilə ilk dəfə əməliyyat keçiriblər.

"Onlar cavabı dünənə istəyirdilər"

İyunun əvvəlində Səhiyyə Nazirliyinin Elm və Səhiyyə İnnovasiyaları Departamenti Rusiyanın aparıcı tədqiqat institutlarına məktub göndərərək onları aşağıdakı sahələr üzrə qrant layihələri təqdim etməyə çağırıb: Hüceyrə yaşlanması yükünün azaldılmasına yönəlmiş tibbi məhsulların inkişafı; koqnitiv və hissiyyat pozğunluqlarının müəyyən edilməsi və müalicəsinə yönəlmiş yeni neyrotexnologiyaların, əlaqəli tibbi məhsulların inkişafı; qocalma prosesindəki roluna əsaslanaraq immunitet sisteminə nəzarət üsullarının işlənib hazırlanması; bioçap əsasında yeni tibbi texnologiyaların inkişafı.

Bioçap zədə və xəstəliklərin müalicəsi üçün lazım olan insan toxumasının istehsalı üçün canlı hüceyrələrdən, zülallardan və digər xammallardan istifadə edir.

"Sistema" və "Meduza"nın surətini əldə etdiyi məktubu tibbi-tədqiqat mərkəzlərində çalışan iki həkim və akademik institutun əməkdaşı təsdiqləyib. Məktubdakı tələbin "təcili" tonu onları təəccübləndirib.

"Bizə dedilər ki, dərhal öz ideyalarımızı göndərək. Məktub bu gün gəlibsə, onlar cavabı dünənə istəyirdilər. Düzünü desəm, həyatımda ilk dəfə belə şey görürəm. Adətən milli layihə, yaxud federal proqramlar üçün müxtəlif mütəxəssislərlə silsilə görüşlər olur və hər şey ictimai şəkildə müzakirə olunur", – həkimlərdən biri deyir.

Digər həkimsə məktubun onu heyrətə gətirdiyini söyləyir: "Elə bil, bizim bu qoca kaftarlardan başqa müalicə etməyə adamımız yoxdur", – yaşlanan ölkə rəhbərliyini nəzərdə tutan həkim deyib. "İlin-günün bu vaxtı qalan bütün iş-gücümüzü atmalıyıq. Bu həyasızlığı başa düşmək mümkün deyil".

"Sistema" və "Meduza"nın danışdığı mənbələr, hələlik, Səhiyyə Nazirliyinin çağırışına cavab vermədiklərini bildiriblər.

"Onların bu milli layihədə qeyd etdiyi məsələlər kimi müasir tədqiqatlar çox bahalıdır. Onlar çoxlu pul və resurs tələb edir. Yeni terapiyaların işlənib hazırlanması milyardlarla dollara başa gəlir. Bunu isə hal-hazırda heç bir milli layihə ödəyə bilməz", – Kremlə bağlı bir mənbə deyib.

"Onların bu qədər tez zamanda yaxşı düşünülmüş bir layihə əldə edəcəyini düşünmürəm", - əczaçılıq sektorunda çalışan başqa bir mənbə vurğulayıb.

Mixail Kovalçuk
Mixail Kovalçuk

Mixail Kovalçuk kimdir

Kremlə bağlı bir mənbə "Sistema" və "Meduza"ya deyib ki, bu yeni milli layihənin mənşəyi "lobbiçiliyin böyütdüyü maniyadır": "Əbədi həyat və "rus genomu" barədə sayıqlayan Mixail Kovalçukdur. O, prezidentin yanına qaçıb".

77 yaşlı fizik Kovalçuk milyarder biznesmen Yuri Kovalçukun böyük qardaşıdır. Yuri Kovalçuku "Putinin şəxsi bankiri" adlandırırlar. O, Putin hələ 1990-cı illərin əvvəllərində Sankt-Peterburq merinin müavini olduğu zamanlardan bəri onunla yaxın bağlara malikdir. M.Kovalçuk isə Moskvada yerləşən və nüvə tədqiqatları ilə məşğul olan Kurçatov İnstitutunun prezidentidir. 2000-ci ildən bəri Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan Kovalçuk ötən il prezidentin fərmanı ilə Moskva Politexnik Muzeyinin prezidenti təyin edilib.

Milli layihənin meydana gəlməsi prosesi haqda məlumatlı olan daha üç mənbə də layihənin mümkün təşəbbüskarı kimi Kovalçukun adını çəkib. Kovalçuk artıq federal genetika proqramının başında durur. Putin öz qızı, endokrinoloq Mariya Vorontsovanın bu layihədə mühüm rol oynadığını etiraf edib.

Kovalçuk özünün 2015-ci ildə etdiyi qəribə çıxışında xarici elitaları "nökər insan" yetişdirmək məqsədilə təkamül prosesini ələ keçirməkdə ittiham edib. O deyib ki, həmin adamların şüuru məhdud, reproduktivliyi isə idarəolunan olacaq; onlara "genetik modifikasiya edilmiş orqanizmlərdən alınan… ucuz yem" yediriləcək. O özünün bu əcaib iddialarını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib.

Rusiya mediası tez-tez Putinin bu cür ideyalara inanması haqda xəbərlər yayıb.

2017-ci ilin oktyabrında Putin xaricilərin "sistematik və peşəkarcasına" Rusiya vətəndaşlarının biomaterialını topladığını iddia edib. "Onlar bunu nə üçün edirlər?", –o, sual edib.

2009-cu ildə Kovalçukun rəhbərlik etdiyi institut "rus genomunun deşifrə edilməsi" üçün layihə gerçəkləşdirib.

O, dəfələrlə uzun və məhsuldar ömür yaşamağın arzuolunan olması haqda danışıb. Onun bu məsələyə dair fikirləri Kurçatov İnstitutunda "rus genomu" layihəsində öz rəhbərliyi atında çalışan Konstantin Skryabinin təsiri altında formalaşıb.

Bir neçə mütəxəssis "Sistema" və "Meduza"nın suallarına cavab olaraq, Putinin "Sağlamlıq əmanəti texnologiyaları" ilə bağlı son milli layihəsinin bu cür müzakirələrdən qaynaqlandığını deyib.

"Başbilən tapşırığı verib, bürokratlar da, nə olur-olsun, onu həyata keçirməyə girişiblər", - Moskvada fəaliyyət göstərən bir tədqiqat mərkəzinin tədqiqatçısı söyləyib.

XS
SM
MD
LG