Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:40

Putinin Monqolustana səfəri Beynəlxalq Cinayət Məhkəməsinin hüdudlarını göstərir


Rusiya prezidenti Vladimir Putin Monqolustanda səfərdə olarkən fəxri qarovul dəstəsinin önündən keçir.
Rusiya prezidenti Vladimir Putin Monqolustanda səfərdə olarkən fəxri qarovul dəstəsinin önündən keçir.

Sentyabrın 2-də Monqolustan rəsmiləri Rusiya prezidenti Vladimir Putini qırmızı xalıda qarşıladılar. Xəbərlərə görə, səfər zamanı Putin Monqolustanın aviasiya yanacağı ilə təmin edilməsinə dair saziş imzalayıb və iki ölkə arasında dəmir yollarının yaxşılaşdırılması təklifini irəli sürüb.

Di gəl, Putinin səfəri tam başqa səbəbdən dünyanın xəbər başlıqlarına çıxıb: bu, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti haqqında həbs qərarı verəndən sonra o məhkəmənin üzvü olan ölkəyə ilk səfəri idi. BCM ötən ilin martında Putinin həbsi barədə qərar çıxarıb.

Məhkəmənin qərarı Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərindən uşaqların qanunsuz repatriasiyası və köçürülməsi ilə bağlıdır.

BCM üzvü olan ölkələr məhkəmənin həbsinə qərar verdiyi şübhəli şəxsləri həbs etmək öhdəliyi götürsə də, Putin sentyabrın 3-də Monqolustanı sərbəst şəkildə tərk edib.

BCM nədir və nədən önəmlidir?

Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci ildə imzalanan və 2002-ci ildə qüvvəyə minən Roma Statutu ilə təməli qoyulub. Bu daimi beynəlxalq məhkəmənin şəxsləri soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinə görə mühakimə etmək yetkisi var.

Beynəlxalq ədalət tərəfdarları BCM-in yaradılmasını önəmli addım sayırlar, axı BCM fərdləri milli sərhədləri aşan cinayətlərə görə məsuliyyətə cəlb edə bilən qanuni mexanizmdir.

BCM son məhkəmə instansiyası sayılır. Bu o deməkdir ki, tamamlayıcılıq prinsipinə görə, BCM yalnız milli məhkəmə (dövlətin öz məhkəməsi) ağır cinayətləri mühakimə etmək iradəsinə, yaxud qabiliyyətinə malik olmadığı halda öz yurisdiksiyasını işə sala bilər.

2002-ci ildən bəri BCM 50-dən çox fərdi mühakimə edib. Onların çoxu Afrika ölkələrindəndir. 21 nəfər məhkəmənin yerləşdiyi Haaqada saxlanıb, 10 nəfərə ittiham hökmü oxunub, dörd nəfərsə azad edilib.

BCM üzvləri kimlərdir?

Məhkəməyə qoşulan 124 ölkə arasında bəzi önəmli dövlətlərin, o sıradan ABŞ, Çin, Rusiya, Hindistan və İsrailin adı yoxdur. Bu ölkələr BCM-lə bağlı müxtəlif arqumentləri əsas gətiriblər. Bu arqumentlər arasında dövlət suverenliyi, siyasiləşmə və həmin dövlətlərin öz ordularının hədəf alınması da var.

2016-cı ildə - BCM Krımın ilhaqını "işğal" adlandırandan sonra Rusiya Roma Statutundan öz imzasını geri çəkib.

Haaqada BCM-nin binası
Haaqada BCM-nin binası

Monqol rəsmiləri nə üçün Putini həbs etmədilər?

Monqolustan 2003-cü ildə BCM-ə üzv olub. Ötən ilsə monqolustanlı hakim Erdenebalsuren Damdin BCM-in cari hakimlər panelinə qoşulub.

BCM-in sözçüsü Fadi Əl-Abdallah avqustun 30-da verdiyi bəyanatda BCM Roma Statutuna qatılan dövlət kimi Monqolustanın məhkəmə ilə əməkdaşlıq etməli olduğunu və bura həbs qərarlarının da daxil olduğunu bildirib.

Ukrayna, Avropa İttifaqı və BCM də daxil, Putinin ölkəyə buraxılmaması, ya da həbs edilməsi ilə bağlı bir çox aktorun çağırışlarının ardınca Monqolustan hökumətinin sözçüsü "Politico"ya bildirib ki, ölkə Rusiya enerjisindən asılıdır və bu üzdən Rusiya prezidentini həbs etməyə hazır deyil: "Monqolustan neft məhsullarının 95 faizini, elektrik enerjisinin 20 faizdən çoxunu bizim birbaşa qonşumuzdan alır… Bu təchizat bizim və insanlarımızın mövcudluğu baxımından son dərəcə vacibdir".

BCM-in hər hansı məcburetmə mexanizmi yoxdur.

Monqolustan hansı cəzalarla üzləşə bilər?

Bir neçə beynəlxalq insan haqları qurumu Putini həbs etməməyin mənfi nəticələri barədə Monqolustanı xəbərdar edib. "Əgər Monqolustan prezident Putinə ötəri də olsa, güvənli ortam yaradarsa, faktiki olaraq, beynəlxalq hüquqa görə ən ağır cinayətlərdən sayılan bəzi əməllərə görə cəzasızlığın təmin edilməsində iştirak etmiş olacaq", - "Amnesty International Monqolustan" təşkilatının icraçı direktoru Altantuya Batdorj belə deyib.

Nyu-Yorkda yerləşən "Human Rights Watch" təşkilatının beynəlxalq ədalət məsləhətçisi Mariya Elena Vinyolinin fikrincə, "BCM-dən qaçan Putini salamlamaq təkcə Rusiya ordusunun cinayətlərinin çoxsaylı qurbanlarının təhqir edilməsi deyil, eyni zamanda nə qədər güclü olmasından asılı olmayaraq, heç kimin qanundan üstün olmaması prinsipinin pozulması anlamına gələcək".

"Məhkəmə ilə əməkdaşlıq edilməzsə, BCM hakimləri …Üzv Dövlətlər Assambleyasını (məhkəməni yönəldən orqan) bu haqda bilgiləndirə bilər. Bundan sonra hər hansı uyğun tədbir görmək assambleyanın üzərinə düşür", - Əl-Abdallah Putinin səfərindən öncə BCM-in yaydığı açıqlamada belə deyib.

Di gəl, Monqolustanın Rusiya prezidentini həbs etməməyə görə məhz necə cəzalandırılacağı aydın deyil.

Bir versiya həm Monqolustandan olan hakimin BCM-dən uzaqlaşdırılması, həm də ölkənin özünün Roma Statutunu imzalayan ölkələr siyahısından çıxarılması ola bilər.

Rusiya prezidenti Vladimir Putini və Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Ulan-Batorun Suxbatar meydanında keçirilən qarşılanma mərasimində.
Rusiya prezidenti Vladimir Putini və Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Ulan-Batorun Suxbatar meydanında keçirilən qarşılanma mərasimində.

Rusiya Putinin səfərindən nə əldə etmək istəyirdi?

Kreml sözçüsü Dmitri Peskova görə, "prezidentin səfərinin bütün aspektləri ciddi hazırlanıb". Putinin səfərindən öncə "Bloomberg"in yaydığı xəbərdə deyilirdi ki, Rusiya onun səfər zamanı həbs edilməyəcəyinə dair təminat alıb.

Vaşinqtonda yerləşən Avropa Siyasəti Təhlili Mərkəzinin təqaüdçüsü Yelena Davlikanova yazıb ki, Rusiya bu səfərdən "BCM-i məsxərəyə qoymaq üçün" yararlanıb.

Davlikanova qeyd edir ki, bu səfər Rusiyanın gözündə təkcə diqqəti Ukraynanın Kursk bölgəsinə hücumundan yayındırmaq imkanı yox, həm də Putinin ölkədə və xaricdə güclü lider imicinin qorunub saxlanmasına kömək edən üsul oldu.

O yazır ki, Putinin səfəri BCM-i və gələcəkdə müharibə cinayətlərinin mühakimə edilməsi ilə bağlı hər hansı perspektivi sarsıdıb. Müxtəlif ölkə və beynəlxalq qurum Rusiya ordusunun Ukraynaya qarşı törətdiyi aqressiya cinayətlərinin mühakimə edilməsindən ötrü ayrıca tribunalın yaradılmasını dartışır.

Ancaq "Human Rights Watch" təşkilatının keçmiş direktoru Kennet Rot deyib ki, Putinin Monqolustana səfəri zəiflik əlamətidir. Rot özünün X paylaşımında bildirib ki, Putin "yalnız 3.4 milyon nəfərlik az sayda əhalisi olan və Rusiyanın kölgəsində yaşayan ölkəyə səfər edə bilər".

Daha öncə belə bir şey baş veribmi?

Ötən il Putin BRICS-in Cənubi Afrikada keçirilən sammitinə getməkdən yayınmışdı. Daha öncə Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa ölkəyə gələrsə, onun həbsini tələb edirdi.

CAR 2015-ci ildə ozamankı Sudan prezidenti Omar əl-Bəşiri ölkəyə səfəri zamanı həbs etmədiyi üçün tənqidə tutulub. Əl-Bəşir də BCM-dən yayınan şəxs sayılır.

Üstəlik, Monqolustanın özü məhkəmənin baş prokuroru Kərim Xana qarşı tənqidlərin ardınca iyun ayında birgə bəyanatla BCM-ə qətiyyətli dəstəyini dilə gətirən 94 ölkənin arasında olub. Prokuror baş nazir Benyamin Netanyahu da daxil, iki İsrail rəsmisi və HƏMAS-ın üç lideri haqqında həbs qərarı verilməsinə çalışırdı.

XS
SM
MD
LG