Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:32

'Bizim hiss etdiyimizi hiss edin' - Sırski deyir ki, Kurska müdaxilə Rusiyanın hücumlarını önlədi


Oleksandr Sırski
Oleksandr Sırski

Ukrayna ötən ay Rusiya ilə sərhədi keçməzdən öncə Moskva bu ölkəyə Kursk vilayətindən hücum etməyi planlaşdırırdı. Bunu Ukrayna silahlı qüvvələrinin baş komandanı Oleksandr Sırski deyib. O, sentyabrın 5-də müsahibəsində bu haqda danışıb. Ondan öncə isə Rusiya prezidenti Vladimir Putin iddia edib ki, Kurska müdaxilə Moskvanın xüsusi hərbi əməliyyatına təsir göstərməyib.

Sırski CNN-ə müsahibəsində deyib ki, Kursk əməliyyatını uğurlu sayır, çünki bu, düşmən hücumunun təhdidi riskini azaldıb.

"Onların hərəkətə keçməsinin qarşısını aldıq. Biz savaşı düşmənin ərazisinə keçirdik ki, bizim hər gün hiss etdiyimizi hiss etsinlər", – o deyib.

Sırski onu da bildirib ki, Moskva Kursk vilayətinə on minlərlə əsgər transfer edib, onların içində ən yaxşı hava desantları da var.

General Ukraynanın Pokrovskda ciddi təzyiq altında olduğunu da etiraf edib. Amma deyib ki, Ukrayna qüvvələri orada Rusiyanın irəliləməsini dayandıra biliblər.

"Son altı gün ərzində düşmən Pokrovskda bircə metr də irəliləyə bilməyib. Başqa sözlə, strategiyamız işləyir", – o söyləyib.

Sırski əlavə edib ki, Rusiya qüvvələrinin digər istiqamətlərdə manevr etmək, yeni qüvvələr yerləşdirmək qabiliyyəti də məhdudlaşdırılıb, "bu zəifləmə digər ərazilərdə də, şübhəsiz, hiss olunur".

Vladimir Putin
Vladimir Putin

Putin deyir ki, Ukraynanın Kurska müdaxiləsi müharibəni təsirləndirməyib

Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də iddia edib ki, Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəni təsirləndirməyib.

Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində keçirilən Şərqi Avrasiya Forumunda Putin bunu da iddia edib ki, Ukrayna öz qoşunlarını Rusiyanın Kursk vilayətinə göndərməklə, şərqi Donbas regionundakı qüvvələrini zəiflədib.

Donbasın bu hissəsində Rusiya ordusu son həftələrdə əhəmiyyətli irəliləyişə nail olub. Putin deyib:

"Düşmənin məqsədi bizi əsəbiləşdirmək, aranı qarışdırmaq və bizi qoşunlarımızı bir istiqamətdən başqa istiqamətə atmağa məcbur etmək, bizim əsas istiqamətlərdəki, ilk növbədə Donbasdakı hücumumuzu dayandırmaqdır. Düşmən bunu edə bilibmi? Yox, o heç nəyə nail olmayıb”.

Putin bunu da iddia edib ki, Rusiya qoşunları “vəziyyəti stabilləşdirə və Ukrayna qoşunlarını müdaxilə etdikləri ərazidən sərhədə doğru sıxışdırmağa başlayıblar”:

"Əksinə, özünün əhəmiyyətli dərəcədə böyük və yaxşı təlim görmüş qüvvələrini sərhədə göndərməklə düşmən özünün əsas cəbhələrdə zəif salıb...”

Zelenski: Ukraynaya Rusiyanın torpağı lazım deyil

Kiyev iddia edir ki, hazırda onun qoşunları Rusiyada Kursk vilayətinin 1200 kvadrat kilometrlik sahəsinə nəzarət edir.

Bu, II Dünya Müharibəsindən bəri Rusiya ərazisinə ilk xarici müdaxilədir. Eyni zamanda Rusiya qüvvələri Donbasdakı Pokrovsk şəhəri istiqamətində ciddi irəliləyişə nail olublar.

Ukrayna prezidenti Volodomir Zelenski ABŞ-ın NBC TV kanalına müsahibəsində deyib ki, Kurskda onun qoşunlarının nəzarətində olan ərazi tədricən böyüyəcək və bu ərazi Kiyevə Moskva ilə mübadilə üçün lazımdır.

Onun sözlərinə görə Ukraynanın Rusiya torpaqlarına ehtiyacı yoxdur.

"Bizim əməliyyatımızdan məqsəd ərazi bütövlüyümüzü bərpa etməkdir. Biz Rusiya hərbçilərini əsir götürürük ki, onları öz əsirlərimizə dəyişək. Bunu əraziyə də şamil etmək olar. Onların torpağı bizə lazım deyil”.

Putin işğal etdiyini qaytarmayacağını deyir

Putin bundan əvvəl Ukrayna qoşunlarının müdaxiləsini “təxribat” adlandırmış və demişdi ki, indi Moskvanın Kiyevlə danıqşılar aparması üçün heç bir əsas qalmır.

Putin sentyabrın 5-də danışıqlarla bağlı əvvəlki mövqeyindən geri çəkilib. O deyib ki, “biz danışıqlardan heç vaxt imtina etməmişik”.

Lakin Rusiya prezidenti Vladivostokda bəyan edib ki, hər hansı mümkün danışıqlarda Moskvanın tələbləri qəbul edilməli, Rusiya Ukraynada işğal etdiyi əraziləri qaytarmamalıdır.

Rusiya Ukraynanın Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini 2022-ci ildə qanunsuz olaraq ilhaq edib. BMT və beynəlxalq icma bu əraziləri Ukrayna hesab etməkdə davamç edir.

Ukrayna, hələ 2014-cü ildə ilhaq olunmuş Krım da daxil, bütün ərazilərinin işğaldan azad olunmasını tələb edir.

Putinin iştahası azalmır

Putin isə Vladivostokda çıxış edərkən hazırda Ukraynanın nəzarətində olan torpaqlara da iddia səsləndirib:

"Bəzən mənə belə gəlir ki, hazırda Ukraynaya rəhbərlik edənlər ya göydən gəliblər, ya da əcnəbidirlər. Onlar sadəcə olaraq itkilərinin nəhəng olacağı barədə düşünmürlər. Onlar gələcəkdə nə edə bilərlər. Mən bunu bilmirəm”.

Putinin bəyanatları Ukrayna paytaxtının ötən gecə güclü dron hücuma məuz qalması ilə eyni vaxta düşüb. Ukrayna hərbiyyəsi bildirir ki, Rusiya dronlarla habelə ölkənin Çerniqov və Sumı vilayətləri də daxil bir neçə ərazilərinə hücum edib.

Kiyev sakinlərinə sığınacaqlarda qalmaq göstərişi verilib.

Ukraynanın hərbi təhlilçilərindən Vladislav Seleznyov sentaybrın 4-də AzadlqıRadiosuna demişdi ki, Rusiya Ukrayna şəhərlərinə hücum edəndə təkcə enerji və dəmir yolu infrastrukturunu deyil, həm də Ukrayna cəmiyyətində vahimə və xaos yaratmaq məqsədilə yaşayış obyektlərini hədəfləyir.

XS
SM
MD
LG