Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Növbədənkənar prezident seçkisinin karantində keçirilməsi düzgündürmü?


Prezident İlham Əliyev 2013-cü il prezident seçkisində səs verir.
Prezident İlham Əliyev 2013-cü il prezident seçkisində səs verir.

Azərbaycanda 2024-ci il fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. Bununla əlaqədar dekabrın 9-dan artıq namizədlərin irəli sürülməsi prosesinə başlanıb. Yanvarın 7-də sənədlərin qəbulu başa çatacaq.

Amma 2020-ci ilin martından ölkədə koronavirus pandemiyası ilə bağlı elan olunan karantin hələ də davam edir. Dekabrın 11-də Nazirlər Kabinetinin qərarı ilə ölkədə karantin rejimi (növbəti dəfə) aprelin 2-ə qədər uzadılıb. Hərçənd, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çoxdan pandemiyanın arxada qaldığını açıqlayıb.

Xüsusilə də ölkənin quru sərhədlərində xaricə gedib-gəlməkdə məhdudiyyət qalır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar seçki prosesinə mənfi təsir göstərə bilər.

M.İbrahimqızı
M.İbrahimqızı

Deputat: "500 nəfərlik toy keçirilirsə..."

Hərçənd, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a bildirib ki, karantin rejimi seçkilərə heç bir maneçilik yaratmayacaq: "Karantin rejimi o qədər yumşaldılıb ki, heç bir problemdən söhbət gedə bilməz. Əgər 500 nəfərlik toy keçirilirsə, deməli, karantin rejimi, demək olar ki, minimuma endirilib".

Deputatın sözlərinə görə, karantinin kiçik bir şərtləri qalıb: "Son vaxtlar görürsən ki, dünyada hansısa pandemiya ilə bağlı anonslar verilir. Məhz hansısa xəstəliyin önlənməsi məqsədilə karantin rejimini saxlayıblar”.

M.İbrahimqızı qeyd edib ki, karantin rejimi ilə bağlı sərbəst toplaşmaq qadağası yoxdur, iclasların, toplantıların hamısı keçirilir: "Ona görə də bunun seçki prosesinə, seçki kampaniyasının keçirilməsinə heç bir problemi yoxdur".

B.Süleymanlı
B.Süleymanlı

"İnsanların hərəkət azadlığını məhdudlaşdırır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının fikrincə, karantin vaxtını uzatmamaq lazım idi ki, insanlar seçki prosesində bir buxovdan azad olsunlar - quru sərhədlər açılsın. O hesab edir ki, bunun seçkiyə birbaşa hüquqi təsiri olmasa da, ümumilikdə sosial-iqtisadi gərginliyi artır və insanların hərəkət azadlığını məhdudlaşdırır.

"Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarının səs verməsi üçün konsulluqlarda və səfirliklərdə yerlər var. Amma bu, heç də hamı üçün əlçatan olmaya bilər. İnsanlara öz ölkəsinə gəlib səs vermək daha yaxşıdır. Çoxlu adam ölkəyə müvəqqəti və ya daima yaşamaq üçün qayıtmaq istəyir, amma quru sərhədlər bağlı olduğuna görə qayıtmaq imkanları məhduddur", - seçki eksperti AzadlıqRadiosu ilə fikirlərini bölüşür.

Onun sözlərinə görə, üstəlik, bu seçkilərdə fəaliyyət imkanları çox məhduddur: "Yəni, fundamental azadlıqlarla bağlı fəaliyyət imkanları çox məhduddur, vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılıb, azad media boğulur. Üstəlik də, seçkilər məhdud vaxt çərçivəsində təyin olunub. Əsas siyasi aktorların seçkidə iştirakı üçün vaxt qıtlığı yaranır. Bütün bunların fonunda sərhədlərin qapalı qalması gərginliyi daha da artırır".

11 aprel prezident seçkilərində olanlar [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:06:25 0:00

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Azərbaycan Konstitusiyasına 2016-cı ildə edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəl bu müddət 5 il olub.

Azərbaycanda son prezident və parlament seçkiləri vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib. Müxalifətə görə isə, hakimiyyət bu seçkiləri tez-tələsik, vaxtından əvvəl total saxtakarlıqlarla həyata keçirib. Mərkəzi Seçki Komissiyası (MSK) isə açıqlayıb ki, hər iki seçkidə xalqın iradəsi ifadə edilib.

XS
SM
MD
LG