Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

Netanyahu Haaqa Tribunalına gətirilməsə də…


 Benyamin Netanyahu və Yoav Qallant
Benyamin Netanyahu və Yoav Qallant

Beynəlxalq Cinayət Məhkəməsi (BCM), yaxud Haaqa Tribunalı İsrail baş naziri Benyamin Netanyahunun həbsinə qərar versə də, onun nə vaxtsa mühakimə olunacağı bəlli deyil. İttihamlara görə, Netanyahu hərbi və insanlığa qarşı cinayət törətməkdə təqsirli bilinir.

AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun yazdığına görə, həbs baş tutmasa belə, İsrailin baş naziri qərarın nəzərdə tutduğu suçlardan və vurduğu damğadan yaxa qurtara bilməyəcək.

Netanyahu Qəzzada apardığı müharibə üzündən ona qarşı irəli sürülən ittihamları, İsrailsə Niderlandda yerləşən məhkəmənin yurisdiksiyasını tanımır. Ancaq sözügedən qərardan sonra onun baş nazir yetkilərini gerçəkləşdirməsinin çətinləşəcəyi heç bir şübhə doğurmur.

Xarici əlaqələr üzrə Avropa Şurasının böyük əməkdaşı Entoni Dvorkin AzadlıqRadiosuna müsahibəsində deyib ki, İsrail BCM-in təməlində duran Roma statutuna qoşulmasa da, dünyanın 124 ölkəsi bu statuta qatılıb. Onun fikrincə, "Netanyahu bu ölkələrə səfər etsə, onların Netanyahunu həbs etməklə bağlı hüquqi öhdəliyi var. Netanyahunun gedəcəyi ölkələrin üzərinə fəsadlar doğura biləcək məhdudiyyətlər düşəcək".

Səfər planlarını dəyişməsi

Dvorkin Ukraynada iddia edilən hərbi cinayətlərə görə ötən ilin martında Rusiya prezidentinin həbsi ilə bağlı qərardan sonra Putinin üzləşdiyi çətinlikləri misal göstərir.

"O, səfər planlarını önəmli ölçüdə dəyişməli oldu", - Dvorkin qarşılıqlı razılıq əsasında Putinin ötən il Cənubi Afrika Respublikasında BRICS sammitinə qatılmamasını ayrıca vurğulayıb.

Bu ilin sentyabrında Putin BCM üzvü olan Monqolustana səfərə gedərkən, həmin ölkəyə onun həbsi ilə bağlı ciddi basqı göstərilib. BCM-in çağırışına Monqolustanın önəm verməməsi soyqırımı, insanlığa qarşı cinayət və təcavüzlə bağlı suçlananların mühakiməsinə cavabdeh olan Haaqa Tribunalının imkanca məhdudluğu kimi qiymətləndirilib.

Benyamin Netanyahu, Yoav Qallant, Məhəmməd Deyf
Benyamin Netanyahu, Yoav Qallant, Məhəmməd Deyf

BCM-in Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair 21 noyabr bəyanatı İsrailin iyul ayında öldüyü deyilən, ABŞ və Aİ-də terrorçu təşkilat kimi tanınan HƏMAS qruplaşmasının komandiri Məhəmməd Deyf haqqında həbs qərarından altı ay sonraya təsadüf edib.

Deyf ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı çoxu mülki şəxs olan 1200-dək insanın öldüyü cinayətlərdə ittiham edilirdi.

Netanyahu və Qallant isə, fələstinli rəsmilərin bilgilərinə görə, İsrailin 43 mindən çox insanın həlak olduğu Qəzzaya cavab müdaxiləsində suçlanırlar.

İsrailin etirazlarını rədd edən məhkəmə Deyfin sağ qalmasını düşünərək hər üç şəxsin həbsinə qərar verib.

BCM-in baş prokuroru, beynəlxalq əməkdaşlığa ümid bəsləyən Kərim Xan qurum üzvlərinin həbs qərarlarına uyğun addımlar atmasına, üzv olmayan ölkələrinsə beynəlxalq hüququn qorunmasına çalışmasına bel bağlayır.

Sonuncular arasında İsrailin əsas müttəfiqi ABŞ da var. Amerikalılar məhkəmənin bu məsələ ilə bağlı yurisdiksiyasını tanımır və həbslə bağlı qərarı "kökündən" rədd edib.

Di gəl, Avropa İttifaqının bütün üzvləri BCM-ə qatılıb. Dvorkin vurğulayıb ki, İsrailin bir il boyunca aramsiz hava və yerüstü əməliyyatlarından sonra xarabalığa çevirdiyi Qəzzadakı hərəkətlərinə Avropa ölkələri birmənalı reaksiya verməyib. Onların bəzisi İsraili daha çox tənqid edir, digərləri isə bütövlükdə İsraili dəstəkləsə də, bəlli aspektlərə tənqidi yanaşır.

İndi hətta İsrailin qatı tərəfdaşı Almaniya da hüququn aliliyini qorumaq öhdəliklərini əsas tutaraq İsrailə dəstəyini ölçüb-biçməli olacaq.

"Biz ölkələrin ona necə baxdığını, onun barədə necə danışacağını görəcəyik", - Dvorkinin sözləridir.

Niderland xarici işlər naziri Kaspar Veldkamp ölkəsinin BCM-in qərarını dəstəkləyəcəyini söyləyəndən sonra İsrail nazirin ölkəyə səfərini ləğv edib. Fransa BCM-in baş prokuroru Xanın addımlarını dəstəklədiyini, İtaliya isə Netanyahu ölkəyə gələrsə, həbs ediləcəyini bildirib.

Donald Tramp və Benyamin Netanyahu
Donald Tramp və Benyamin Netanyahu

Məhkəmənin qərarı görünməyən fəsadlara da yol aça bilər

Putinlə münasibət kimi məsələlərdə Aİ ilə mövqeyi üst-üstə düşməyən Macarıstan baş naziri Viktor Orban BCM-i siyasi məqsədlər naminə davam edən münaqişəyə müdaxilədə suçlayır. Onun fikrincə, Netanyahunun həbsinə dair qərar beynəlxalq hüququ sarsıdır. Qərarla razılaşmayan Orban Netanyahunu ölkəsinə dəvət edib.

BCM ABŞ-ın yeni administrasiyasının daha güclü reaksiyası ilə də üzləşə bilər. Prezident seçilmiş Donald Tramp vəzifədən gedən Co Baydendən fərqli olaraq özünü İsrailin böyük müttəfiqi sayır.

Trampın milli güvənlik müşaviri vəzifəsinə namizədi, respublikaçı konqresmen Mayk Uolts noyabrın 21-də xəbərdarlıq edib ki, Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlarkən, "BCM-in antisemit qərəzinə güclü cavab gözlənilə bilər".

Netanyahunun ofisi də BCM-in həbs qərarını "antisemit" adlandıraraq onu qınayıb. Bəzi ekspertlərin fikrincə, Netanyahu ölkədə siyasi dəstək qazanmaq üçün belə əhval-ruhiyyədən yararlana bilər. Ona və onun sağçı hökumətinə dəstək 7 oktyabr hücumundan sonra kəskin şəkildə azalsa da, rəy sorğularına görə, son vaxtlar durum yaxşılaşıb.

"İsraildə bütün siyasi qüvvələr qərarı qınayır. Bu üzdən həbs qərarı ölkə daxilində ona ziyan vurmayacaq", - Vaşinqtondakı Yaxın Şərq İnstitutunun təhlilçisi Xalid Elgindi AzadlıqRadiosunun müxbiri Todd Prinsə belə deyib və davam edib: "Bəlkə, bu, ona bir az da kömək edəcək, axı insanlar bayraq ətrafında toplaşacaq".

XS
SM
MD
LG