Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:04

Müdafiə Nazirliyilə bağlı 143 milyonluq yeyinti: təkcə ‘Azersun’la 20 milyonluq şişirtmə iddiası


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi sistemində 5 il boyunca (2017-2022-ci illərdə) 143 milyon manat yeyintiyə yol verildiyi iddia olunur.

Söhbət hərbi hissələrə, hospitala, hərbi liseyə, ali hərbi məktəbə və başqa qurumlara ərzaq və avadanlıq alınarkən yol verilən yeyintilərdən gedir. Bu, Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov haqqında ittiham aktında öz əksini tapıb.

General Məmmədov daha 3 nəfərlə birgə Bakı Hərbi Məhkəməsində mühakimə olunur. Bunlar Hərbi Hava Qüvvələri maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadədir.

Sentyabrın 22-də məhkəmə prokuror ittiham aktını açıqlayıb

Bilinib ki, Müdafiə Nazirliyinin tabeliyindəki qurumlar üçün ərzaq və avadanlıqların alınmasından ötrü şirkətlərlə öncədən qiymət şişirtməsilə bağlı razılaşma olub. Başqa deyimlə, alınan məhsulların qiyməti müqavilələrdə şişirdilib, şirkətlərin hesabına da ona uyğun vəsait köçürülüb. Şirkət sonradan artıq məbləği razılaşmaya uyğun şəkildə nağdlaşdıraraq geri qaytarıb.

İttihama görə, təkcə Müdafiə Nazirliyinə daxil qurumların azuqə ehtiyaclarının ödənilməsindən ötrü “Azersun Holding”dən ərzaq alışı zamanı qiymət şişirdilməsi nəticəsində 20 milyon manatlıq yeyinti olub. Ali Hərbi Məktəbə ərzaq və başqa avadanlıqlar alınarkən, qiymət şişirdilməsiylə 8 milyon manatlıq mənimsəməyə yol verildiyi iddia edilir.

İttihamda Mərkəzi Hərbi Hospital, 20-dən çox hərbi hissə və başqa qurumlara ərzaq, avtomobil ehtiyat hissələri, kompüter və s. alışında qiymətlərin artıq göstərilməsindən bəhs olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, şirkətlərlə müqavilə bağlanarkən məbləğlərin yuxarı göstərilməsi, sonradan artıq pulların geri alınması və o vəsaitlərin mənimsənilməsi prosesi ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovun göstərişiylə baş verib.

“İşlədiyim dövrdə 12 milyon manat mənimsəməyə yol verilib”

General Nizami Məmmədov və digər 3 nəfər ittihama münasibət bildirərkən, özlərini qismən təqsirli bildiklərini deyiblər.

“Mən satınalmalar məsələsində özümü təqsirli bilmirəm. O məsələyə mənim aidiyyətim olmayıb. İşlədiyim dövrdə 12 milyon mənimsəməyə yol verilib, bu məsələdə özümü təqsirli bilirəm, onu da ödəmişəm”, - generalın sözləridir.

Cəlal Kazımov da deyir ki, baş verənlərin dolayısıyla iştirakçısı olub. O, cinayəti birbaşa törədənin kənarda qaldığı halda, məsuliyyətə cəlb edilməsindən narazılığını dilə gətirib.

Təqsirləndirilən Vüsal Əlizadənin vəkili işdə dövlət sirri sayılacaq bilgilər ola biləcəyini əsas gətirərək, məhkəmənin qapalı keçirilməsini istəyib. Müdafiəçi mümkün dövlət sirrinin sosial şəbəkələrdə yayılmaması üçün təqsirləndirilən şəxslərin ifadə verdiyi məhkəmə iclaslarının qapalı keçirilməsini məqsədəuyğunluğunu diqqətə yetirib.

Hakim Fikrət Əliyev hazırlıq iclasında bu fikrin səsləndiyini söyləyərək, vəsatəti müzakirəyə çıxarmadan məhkəmənin qapalı keçirilməsinə qərar verib.

Xatırlatma

General Nizami Məmmədov da daxil, Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsi ötən ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlarda həbs edilib. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəhbəri Məlikməmməd Qurbanov, ondan əvvəl bu qurumun rəisi olmuş Mahir Şirvanov da var. Onların da məhkəməsi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, o, şirkətlərdən qaytarılan pulları aparıb Nəcməddin Sadıxova verib. General Sadıxov ünvanına səslənən bu ittihamlara heç bir cavab verməyib.

Cinayət işinin materiallarında da N. Sadıxovla bağlı ittihamlar yer alıb, ancaq onu çağırıb dindirməyiblər.

XS
SM
MD
LG