Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:35

Bir yerə yeddi-səkkiz iddiaçı var: 'Rəqabət var', 'yoxdu'…


Azərbaycanda 7 fevral prezident seçkisi
Azərbaycanda 7 fevral prezident seçkisi

Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi avqustun 2-də başa çatıb. Qnunverciliyə görə, müraciətlərə 7 gün ərzində baxılmalıdır.

Avqustun 9-da təşviqat mərhələsi başlayacaq. Bu isə o deməkdir ki, namizədlərin qeydiyyatı avqustun 8-nə kimi çəkəcək.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bildirməsinə görə, 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib. “İndiyə qədər 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, -- MSK sədri avqustun 4-də deyib.

YAP bütün dairələrə iddia edir, alternativləri varmi?

Yeni Azərbaycan Partiyası (YAP) 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb. Bu barədə hakim partiyadan "Turan" agentliyinə deyiblər. Ancaq əlavə ediblər ki, yalnız qarşıdakı 7 gün ərzində nə qədər namizədin qeydə alındığı məlum olacaq, ona görə indidən konkret rəqəm deyə bilməzlər.

ReAL Partiyası 13 namizəd irəli sürsə də, onlardan 9 nəfəri qeydə alınıb, 1 nəfərin sənədləri geri qaytarılıb.

Partiyadan AzadlıqRadiosuna bildiriblər ki, 99 saylı Bərdə seçki dairəsində partiya üzvü Zöhrab Əliyevin sənədləri geri qaytarıldığından hazırda mübahisələndirilir.

REAL Seçki Qərargahından vurğulayıblar ki, 3 nəfərin sənədləri isə yoxlama mərhələsindədir: "Hələ elə bir şikayətimiz yoxdur, hər şey qaydasında gedir. Yalnız Zöhrab Əliyevlə bağlı DSK-nin qərarından MSK-ya şikayət etmişdik, amma təmin olunmadığından Bakı Apelyasiya Məhkəməsinə müraciət ediləcək".

Müsavat Partiyasının Məclis başqanı Arif Hacılı isə AzadlıqRadiosuna deyib ki, 30 namizədlə seçki prosesinə qatılıblar, amma onlardan 21-i qeydiyyata alınıb. O, 9 müsavatçının sənədləri ilə bağlı DSK-lardan rəsmi cavab almadıqlarını əlavə edib.

“İmza vərəqələrinə imza atanlara təzyiq edildi”

Şikayətlərə gəldikdə, Arif Hacılı bildirib ki, qeydiyyat prosesi bitəndən sonra bu barədə münasibətlərini açıqlayacaqlar:

"Hələ 7 günlük müddət keçməlidir ki, dairələr üzrə suallara cavab verə bilək. Həmin dairələrdə namizədlərimiz iyulun 31-də sənədlərini veriblər, qanunvericiliyə görə, 7 günə cavab alacaqlar. Amma bəzi dairələr var ki, namizədlərimizə imtina edilməsi haqda məlumatlar var, sadəcə, qərarlar alınmayıb. Yaxud 101 saylı Samux-Şəmkir Seçki Dairəsində namizədimiz Etibar Əkbərliyə geri çəkilmək təklif olundu, həmçinin, imza vərəqələrinə imza atanlara təzyiq edildi. Bunu edənlərin bəziləri icra nümayəndələri, dairə seçki komissiyasının üzvləri idi. Bütün bu qanunsuzluqlara baxmayaraq, Etibar Əkbərlinin namizədliyi qeydə alındı".

Hələlik, Arif Hacılının dediklərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.

Başqa bir müxalif qüvvə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bəyan edərək seçkiləri boykot etdiyini açıqlayıb. Amma rəsmilər vurğulayırlar ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar yaradılıb.

Rəqabət olacaqmı?

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna açıqlamasında deyib ki, rəqabətli seçki olacağını düşünmür:

"Məsələ ondadır ki, seçkinin başlanğıcından prosesin çox sönük keçdiyi görünür. İstər namizədlərin irəli sürülməsi, istərsə də qeydiyyat mərhələsi haqda bunu demək olar. Ona görə seçkiqabağı təşviqat da formal olacaq. Bəlkə bir neçə dairədə rəqabətlilik olsun, məsələn, REAL funksioneri Natiq Cəfərli ilə deputat Zahid Oruc eyni dairədə yarışdığı üçün həmin dairədə bir qədər fərqlilik ola bilər. Amma ümumilikdə götürdükdə, əvvəlki seçkilərlə müqayisədə rəqabətsiz seçki olacaq. Çünki AXCP boykot edir, Müsavat Partiyasının rəhbərliyi isə seçkilərə qatılmır".

"Mənim Səsim Koalisiyası"nın sədri Novella Cəfəroğlu isə fərqli düşünür. Onun fikrincə, seçkilər rəqabətli keçəcək, çünki alternativlər yetərincədir: "Bizim koalisiyanın nümayəndələri hazırda Şəkidə və Sabirabadda monitorinq aparıblar, görünən odur ki, seçkilərdə rəqabət olacaq. O cümlədən, Bakıdakı dairələrdə də rəqabət gözlənilir".

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi.

Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

XS
SM
MD
LG