Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:34

Həbsdəki MTN generalının müsadirə olunan milyonluq əmlakı onu satın alan oğluna qaytarıldı


Mövlam Şıxəliyev
Mövlam Şıxəliyev

Uzun illər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyevin həbsindən sonra müsadirə olunmuş əmlakı yenidən onun öz oğluna satılıb. Söhbət Novxanı kəndi, 685B ünvanında yerləşən, toplam sahəsi 1087 kvadratmetr olan bağ evindən gedir.

M.Şıxəliyevin həbsindən sonra özünün və ailə üzvlərinin adına olan xeyli daşınmaz əmlakın üzərinə həbs qoyulmuşdu. Onların arasında metronun "Sahil" stansiyasının üstündəki binada beş mənzil, şəhərin mərkəzində - Nizami küçəsində evlər, obyektlər, torpaq sahələri və çoxsaylı başqa əmlaklar vardı.

2022-ci ilin sentyabrında M.Şıxəliyevə hökm oxunarkən üzərində həbs olan əksər əmlakın da müsadirəsinə qərar verildi. Keçmiş MTN generalı və onun ailə üzvləri hökmdən yuxarı instansiya məhkəmələrinə şikayət etsələr də, nəticə dəyişmədi.

Əmlakın hərracda satılmasından narazılıq

İki ay öncə – mayın 8-də Ali Məhkəmədə M.Şıxəliyevin kassasiya şikayətinə baxılanda həm onun vəkili, həm də zərərçəkmişlər əmlaklarla bağlı narazılıqlarını dilə gətirdilər. Vəkil Ali Məhkəmənin yekun qərarı bilinmədən müsadirəsinə qərar verilmiş əmlakların hərracda satılmasından narazı qalmışdı: "Bəlkə, elə Ali Məhkəmə müsadirə qərarını ləğv edəcəkdi?".

Zərərçəkmişlərsə etiraz edirdilər ki, əmlaklar satılsa da, onlara dəymiş ziyan – vaxtilə qanunsuz tutulub azadlığa çıxmaqdan ötrü alınan külli miqdarda pulları ödənilməyib. Hərracdakı satışdan əldə olunan vəsaitin hara yönləndirildiyi məlum deyil.

İndi məlum olur ki, satılan əmlakların alıcısı arasında M.Şıxəliyevin öz oğlu da var. Elvin Şıxəliyev Novxanı qəsəbəsində yerləşən bağ evlərini hərracda 1 milyon 174 min manata alıb.

2021-ci ildə sözügedən əmlakın üzərinə həbs qoyularkən bağ evi 1 milyon 305 min manat qiymətində dəyərləndirilmişdi.

Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

E.Şıxəliyev əmlakı hərracda geri alandan sonra onun üzərindəki həbs qərarının ləğvi üçün məhkəməyə üz tutub. Onun ərizəsinə iyulun 10-da Binəqədi rayon Məhkəməsində baxılıb. Hakim Fərid Əmirəliyev əmlakın üzərindən həbsin götürülməsinə qərar verib.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan üç keçmiş MTN polkovniki 2022-ci il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən məhkəmə zalındaca həbs edilmişdi. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər. Onlar müxtəlif sahibkarlar haqqında qanunsuz cinayət işi başladaraq onları həbsdə saxlamaqda, külli miqdarda pullarını alandan sonra azadlığa buraxmaqda təqsirli biliniblər.

Məhkəmə M.Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Ötən il iyulun 24-də prezidentin sərəncamı ilə onların rütbələri, bir sıra orden və medalları ("Vətənə xidmətə görə", "Vətən uğrunda" və s.) alınıb.

Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, adamların 5 milyon 77 min manatının hədə-qorxu ilə ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir. Onlar MTN-də bu işləri özbaşına edə bilmədiklərini, istintaqa prosessual nəzarət orqanının – prokurorluğun olduğunu əsas gətirirlər. M.Şıxəliyev və digərləri bildiriblər ki, hazırda zərərçəkmiş qismində tanınan şəxslər haqqında cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirmiş. Cinayət işi başlatmağa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçməkdən ötrü məhkəməyə təqdimat verməyə yalnız prokurorluğun yetkisi var.

Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs-qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

XS
SM
MD
LG