Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Moldovada seçkidə qərbpərəst Maya Sandu qalib gəlir


Maya Sandu
Maya Sandu

Moldovanın vəzifədə olan qərbpərəst prezidenti Maya Sandu rusiyayönlü rəqibi Aleksandr Stoyanoqlo üzərində qələbəsini elan edib. Seçki Rusiyanın müdaxiləsi, nəticələrin saxtalaşdırılması iddiaları fonunda keçib.

Bülletenlərin 98.8 faizi sayılandan sonra Mərkəzi Seçki Komissiyası Sandunun 54.97, Stoyanoqlonun 45.03 faiz səs yığdığını açıqlayıb.

“Moldova, sən qalibsən!” – paytaxt Kişinaudan və diaspordan daha çox səs alan Sandu deyib. O, Moldovanın xilas olunduğunu, “tarix dərsliklərinə yazılacaq demokratiya dərsi keçdiyini” sözlərinə əlavə edib.

MSK seçici fəallığının 54 faizi keçdiyini açıqlayıb.

Stoyanoqlo əvvəlcə nəticələrdə önə çıxırdı, ancaq sonradan böyük şəhərlərdə bülletenlər sayıldıqca, Sandu ilə fərqi artmağa başlayıb.

Seçki günü Moldova hakimiyyəti Moskvanı seçkilərə müdaxilədə ittiham edib. Kreml indiyədək oxşar ittihamları rədd edib.

Promo-LEX insan haqları missiyasının müşahidəçiləri səsvermə günü azı 220 pozuntu xəbərini qeydə aldıqlarını bildiriblər.

“Seçki turizmi iddiaları”

Azərbaycandakı Moldova səfirliyinin də xaricdəki vətəndaşlar üçün təsis edilən seçki məntəqələrindən biri olduğu bildirilir. “Watchdog Moldova” təşkilatının prezidenti, aktivist Valeriu Paşa öz Facebook hesabında hazırda Rusiyada yaşayan işadamı İlon Şorun seçiciləri pulsuz avtobus və təyyarə reysləri ilə Moskva, Minsk, Bakı və İstanbula seçkilərdə iştirak üçün göndərdiyini iddia edib. İ.Şor daha öncə müdaxilə iddialarını rədd etsə də, son açıqlamaya münasibəti bəlli deyil.

Moldova Xarici İşlər Nazirliyi TV8 kanalına "Seçki turizminin bəzi əlamətlərinə diqqət yetirildiyini" deyib.

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) isə yaydığı bəyanatda Rusiya, Belarus, Azərbaycan və Türkiyədə bu cür nəqliyyatın təşkil olunmasına ciddi şübhələrin olduğunu bildirib.

Moldova Respublikasının qanunvericiliyinə əsasən, seçicilərin səsvermə günü seçki məntəqəsinə mütəşəkkil daşınması fiziki şəxslərin 3 mindən 6 min leyədək (təxminən 285 və 570 manat arası), hüquqi şəxslərin 15 min leyədək cərimələnməsi, eləcə də 6 aydan bir ilədək müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi ilə cəzalandırıla bilər.

+++

Noyabrın 3-də Moldovada prezident seçkisinin ikinci turu keçirilir.

Axşam saat 5-də Mərkəzi Seçki Komissiyası seçici fəallığının 47 faiz, yəni birinci turdan daha yuxarı olduğunu açıqlayıb.

Ölkənin vəzifədə olan qərbpərəst prezidenti Maya Sandu oktyabrın 20-də birinci turda səslərin 42, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26 faizini yığıb. Onu rusiyayönlü Moldova Sosialist Partiyası dəstəkləyir.

Seçki məntəqələri səhər 7-də açılıb, yerli vaxtla axşam 9-da bağlanır. İlkin nəticələr yerli vaxtla axşam 10-a gözlənilir.

Səsvermə həm prezident seçkisi, həm də Moldovanın Avropa İttifaqına (Aİ) mümkün inteqrasiyası üzrə referenduma Rusiyanın müdaxiləsi iddiaları fonunda keçirilir. Ölkənin Aİ-yə inteqrasiyasını Sandu və tərəfdarları dəstəkləyir.

Referendumda “hə” deyənlər 50.38 faiz səs yığıb. Sandu isə iddia edib ki, “kriminal qruplar xarici qüvvələrlə birlikdə 300 min səsi almağa” cəhd ediblər.

XS
SM
MD
LG