Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:43

ABŞ rəsmisi: Söhbət Ermənistan və Azərbaycandan gedəndə, Rusiya barədə danışmaq istəmirəm


ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller

Vaşinqton sülh müqaviləsinin əldə olunması üçün Bakı və Yerevanla birgə işini davam etdirəcək.

Bunu avqustun 7-də keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

O bu bəyanatı “tələsik və çiy” sülh müqaviləsinin Bakı və Yerevan arasında davamlı sülh yaratmayacağına dair Moksvadan səslənən fikirlərə münasibət bildirirərkən verib.

ABŞ rəsmisi bir daha bəyan edib ki, “bu məsələnin tərəfi olmayan hər hansı üçüncü ölkədən səslənən şərhlərə baxmayaraq” Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunması mümkündür:

“Mən söhbət Ermənistan və Azərbaycandan gedəndə Rusiya barəsində danışmaq istəmirəm. Mən bu müzakirəyə birbaşa dəxli olan, bilavasitə tərəf olan iki ölkə barədə danışmaq istəyirəm. Biz bu iki ölkə ilə birbaşa əlaqədəyik. Xüsusi səfir Bono ötən həftə regiona baş çəkib və birbaşa onlarla danışıb. Biz hesab edirik ki, bu məsələdə tərəf olmayan başqa ölkələrdən səslənən istənilən şərhlərə baxmayaraq razılaşma mümkündür. Biz bu razılaşmanın əldə olunması üçün tərəflərlə işi davam etdirəcəyik”.

Moskvadan nə demişdilər?

Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB departamentinin direktoru Denis Qonçar TASS dövlət xəbər agentliyinə müsahibəsində demişdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini tələsik imzalamaq cəhdləri sənədin hazırlanmasına və keyfiyyətinə ziyan vura və gələcək münaqişələrə yol aça bilər:

“Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona dayanıqlı sülh gətirməyəcək. Bu, əksinə gələcəkdə yeni münaqişə və faciələrə yol aça bilər. Bu işdə prioritet sürətə yox, balanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlığına verilməlidir”.

Qonçar əlavə etmişdi ki, Qərb paytaxtlarından tez-tez Bakı və Yerevanın müqaviləni “az qala yaxın həftə və aylarda” imzalaya biləcəyinə dair bəyanatlar səslənir.

Qarabağ məsələsi

Rusiya rəsmisi vurğulamışdı ki, müqavilənin imzalanması vaxtını tərəflərin özləri müəyyən etməlidirlər.

Rusiya rəsmisi demişdi ki, tərəflər arasında bir sıra “mürəkkəb məsələlər qalır” və “bəzi mürəkkəb məsələlərdən” ən problemlisi Qarabağın erməni əhalisinin təhlükəsizlik və hüquqlarının Azərbaycanın hüquqi məkanında təmin edilməsidir.

Qonçar əlavə etmişdi ki, bu problemin həlli üçün beynəlxalq mexanizmə ehtiyac var.

Halbuki rəsmi Bakı Qarabağın onun daxili işi olduğunu və bu məsələni üçüncü bir tərəflə müzakirə etməyəcəyini dəfələrlə bəyan edib.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG