Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:34

2022-ci ildə izləməli olduğumuz beş texnoloji trend


Metavers-virtual reallıq
Metavers-virtual reallıq

2021-ci il dünyanın COVID-19 şoku ilə üzləşərək onu idarə etməyə çalışdığı il oldu. AzadlıqRadiosunun müxbiri Rid Stendiş 2022-ci ildə dünyanın pandemiyanın işə saldığı "yeni standartları" inkişaf etdirəcəyini yazır.

Koronavirusla keçən iki il dünyanın hər yerində insanların yaşayışını, işini səyahətini, rəqəmsal kommunikasiyalardan istifadəsini dəyişdirib.

Cəmi bir neçə həftə ərzində COVID-19 dünyanı tamamilə fərqli bir gələcəyə köklədi. "McKinsey" beynəlxalq konsultasiya şirkəti bildirir ki, pandemiyanın ilk üç ayı ərzində dünya istehlakçı və bizneslərin rəqəmsal adoptasiyası baxımından beş il irəli sıçrayıb.

10 ilə yüzillik inkişaf

Sahibkar və futuroloq Piter Diamandis hesab edir ki, insanlar yaxın 10 ildə son 100 ildəkindən daha böyük inkişafın şahidi olacaqlar. Texnologiya tibb, materiallar, enerji, nəqliyyat və bir çox başqa sahəni ciddi dəyişdirəcək.

"Yaxın 10 ildə biz hər sahəni yenidən kəşf edəcəyik", – Diamandis 2020-ci ildə "The Guardian"a müsahibəsində deyib.

Bu dəyişikliklərin təsiri nəhəng ola bilər. Onlar dünyanın hər yerində korporasiyalar, hökumətlər və insanlara təsir edə bilər.

Dünya get-gedə daha da virtuallaşır və proses gedişində modadan maliyyəyə qədər hər şey dəyişir.

Təmiz enerji texnologiyaları və biomühəndislik də aktualdır. Onlar iqlim dəyişikliyi ilə üzləşməyə və xəstəlikləri müalicə etməyə kömək edəcək.

Artıq özəl oyunçulara qapısını açan kosmos ölkələr arasında hərbi rəqabətin yeni məkanına çevrilməyə başlayır. Bu xüsusilə də ABŞ və Çinə aiddir. Pekinlə Vaşinqton arasında siyasi gərginlik yarımkeçiricilərin qıtlığını yaradıb. Yarımkeçiricilər çox sayda məhsulun çalışması üçün zəruri olduğundan bu qıtlıq qlobal təchizat zəncirində ciddi problemlərə yol aça bilər.

Mark Zukerberq özünün avatarı ilə danışır
Mark Zukerberq özünün avatarı ilə danışır

Gələn il izlənilməli olan beş böyük texnologiya xəbəri bunlardır:

Metaversin əsasının qoyulması

Mark Zukerberq oktyabrda Facebook-un ana şirkətinin adını dəyişdirərək "Meta" qoydu və qurumun diqqətini metaversin yaradılması işinə cəmləyəcəyini elan etdi. Metavers konsepti on illərdən bəri mövcud imiş.

Metavers internetin həm adi kompüter, həm də VR-qarniturlar vasitəsilə onlayn 3D virtual mühitləri dəstəkləyən hipotetik imitasiyasıdır. Metaversin elementləri və həyatın get-gedə virtuallaşması artıq mövcuddur.

NFT-nin özü yaranmaqda olan metaversin pul vahidi kimi meydana çıxıb. Bu trayektoriya növbəti və ondan sonrakı illərdə əsas mövzulardan biri olacaq.

Bir ildən az müddət ərzində NFT-yə 400 milyon dollardan çox pul xərclənib və sürət get-gedə artır. "Forbes" yazır ki, hər ay tokenlərə təqribən 40 milyon dollar qoyulur və hər ay fərdi tokenlər rekord həcmdə gəlir gətirir.

İnsanların fiziki və virtual kimliyinin yaxınlaşması da get-gedə artır və bu da iri şirkətlər tərəfindən gəlirə çevrilir.

Artıq oktyabrda "Nike" virtual idman ayaqqabıları və geyim satan ticarət markası almaq üçün sənədləşmə işlərinə başlayıb. Şirkət bu yaxınlarda öz rəqəmsal transformasiyasını genişləndirmək üçün bir startapı satın alıb.

Digər iri moda şirkətləri də metaversə uyğunlaşmağa çalışırlar. Artıq 4115 dollara bir rəqəmsal ən çantası və 341 min dollara bir rəqəmsal tiara satılıb.

Son bir neçə həftə ərzində rəqəmsal daşınmaz əmlak qiymətləri yeni rekordlar qırır. Rəqəmsal memarlıq şirkətləri isə virtual dizaynlarına 300 min dollara qədər qiymət qoyurlar.

"Metavers artıq buradadır. Bir çox texnologiya şirkətlərinin uzunmüddətli artım perspektivləri haqda düşünəndə bu, başa düşülməsi vacib olan bir konseptdir", –"Alliance Berstein" broker şirkətinin baş təhlilçisi Mark Şmulik deyir.

CAR-da külək enerjisi ferması
CAR-da külək enerjisi ferması

Təmiz texnologiyanın inkişafı

BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Paneli (IPCC) builki hesabatında bildirib ki, qazıntı yanacaqlarından davamlı asılılıq dünyanın son iki min ildə görünməmiş sürətlə istiləşməsinə səbəb olur. Bunun təsirləri rekord dərəcədə dünyanın müxtəlif yerlərində icmaları məhv edən quraqlıqlar, meşə yanğınları və sellər şəklində üzə çıxır.

Hesabatda deyilir ki, istixana qazlarının ayrılması davam edərsə, işlər daha da pisləşəcək; qarşıdakı illər ərzində enerji qərarları isə baş verənlərin planetə təsirinin dərinliyini müəyyən edən əsas amil olacaq.

Yenilənə bilən enerji, daha yaşıl nəqliyyat, enerjini səmərəli işlədən binalar və sudan dayanıqlı istifadə 2022-ci ildə genişlənməsi gözlənilən təmiz texnologiya trendlərinin mərkəzində durur.

"McKinsey" şirkətinin il sonu hesabatına görə, 2050-ci ildə qlobal enerjinin 75 faizi dayanıqlı materiallardan əldə ediləcək. Üstəlik, təmiz texnologiya ilə bağlı xərclər azalmağa, bu növ texnologiyalardan bir çox sahələrdə istifadə isə artmağa başlayıb.

Təmiz enerji inqilabı irəli getdikcə, bir çox təhlilçilər bunun yan effektləri barədə xəbərdarlıq edirlər. Məsələn, iri avtomobil şirkətləri benzinlə işləyən avtomobillərdən batareya ilə işləyən maşın istehsalına keçdikcə, dünyadakı kobaltın 2/3-dən çoxunu istehsal edən Konqonun rolu artmağa başlayacaq. Çünki kobalt batareyaların istehsalı üçün zəruri materialdır.

"The New York Times"ın bu yaxınlarda apardığı bir araşdırma bir çox təmiz enerji əldə etmə üsullarının bəzi etik problemlərlə müşayiət olunduğunu və hələ də mədən sənayesindən asılı olduğunu üzə çıxarıb. Xüsusilə də dünyaya çoxdan tanış olan "istismar, tamah və oyun" kimi amillərin at oynatdığı mədən sənayesindən söhbət gedir. Konqo kimi bir ölkə isə belə oyunlar qarşısında həssas vəziyyətdədir.

Vaksin istehsalı
Vaksin istehsalı

Biotexnologiya inqilabı?

COVID-19-a qarşı işlək vaksinin qısa zamanda əldə edilməsi və yeni variantların sürətlə aşkarlanaraq qarşılarının alınması biotexnologiya sahəsindəki mühüm inkişaf nəticəsində mümkün olur. Bu sahənin 2022-ci ildə daha da inkişaf edəcəyi gözlənilir.

"Deloitte" şirkətinin məlumatına görə, son 10 ildə insan genomunun sıralanması (sekvensinq) xərcləri 45 dəfə azalıb. Genetik məlumatların bu sürətli təhlili yeni vaksinlərin əldə edilməsindən tutmuş, gen terapiyasınadək bir çox sahələrdə yeni imkanlar açır.

"Deloitte"un proqnozuna görə, biologiya elmindəki bu nailiyyətlər artıq gələn il ölkələrin iqtisadiyyatlarına və bizim həyatımıza, səhiyyə və kənd təsərrüfatından tutmuş, istehlak malları, enerji və materiallaradək bir çox sahələrə ciddi təsir edə bilər.

Mikroçip
Mikroçip

Yarımkeçirici qıtlığı

ABŞ-Çin ticarət və texnoloji qarşıdurması 2017-ci ildən etibarən ictimaiyyətin diqqət mərkəzindədir. Əsas diqqət ABŞ-ın Çinin 5G lideri və ən mühüm qlobal texnologiya şirkəti olan "Huawei"ə qarşı kampaniyası ətrafında cəmlənib. Ancaq ABŞ-ın yarımkeçirici istehsalı üçün zəruri materiallara çıxışı bloklaması və sanksiyalaşdırması həm Çin, həm də dünya təchizat zənciri üçün daha fundamental problemdir.

ABŞ-ın Çin şirkətlərinin yarımkeçirici təchizatına çıxışını kəsmək cəhdləri və ABŞ ərazisində ən müasir çip zavodlarının tikintisinə çalışması yarımkeçirici sənayesini geosiyasi müqavimət sahəsinə çevirib. Üstəlik, bunun nəticəsində bu qədər artmış tələbat fonunda ciddi təchizat tıxacına səbəb olub.

Avtomobillərdən elektrikli motosikletlərə, paltaryuyan maşınlardan diş fırmalarına qədər bir çox məhsulun istehsalı yarımkeçiricilərdən asılıdır. Bu qıtlığın birbaşa nəticəsi inflyasiya və bəzi məhsulların müvəqqəti defisiti ola bilər. Ancaq uzunmüddətli perspektivdə bu, həm də özünü təmin edə bilən, kənardan asılı olmayan bir təchizat zəncirinin yaranmasına gətirib çıxara bilər.

Dünyada çiplərin çoxu Çində istehsal olunur. ABŞ ikinci ən böyük çip istehsalçısıdır. Ancaq hər iki ölkə bir-birindən və digər bazarlardan gələn komponentlərdən asılıdır. Hər iki ölkə özünün daxili təchizat zəncirini formalaşdırmağa çalışır. Çin bu sahəyə milyardlarla dollar investisiya qoyur.

Avropa Birliyinin icraçı qolu olan Avropa Komissiyası da Avropada çip istehsalı qurmaq niyyətini ifadə edib. Bu da Avropanın bu sahədə heç kimdən asılı olmamasını təmin etmək planının bir hissəsidir.

Yeni antibalistik raketin sınağı
Yeni antibalistik raketin sınağı

Kosmosun hərbiləşdirilməsi

Rusiyanın Amerika astronavtlarını təhlükəyə ataraq köhnəlmiş kommunikasiya peykini heç bir xəbərdarlıq etmədən Yerə endirməsindən cəmi bir neçə həftə sonra, dekabrın 13-də ABŞ Çin və Rusiyadan gələn təhlükələrə qarşı peyk çevikliyini sınamaq qərarına gəlib. Üstəlik, Yer səthindən yüzlərlə kilometr hündürlükdə.

ABŞ-ın sınaqları kompüterlərin köməyi ilə həyata keçirilən simulyasiya olsa da, bu sınaqlara ABŞ-ın raket izləyən peyklərinin potensial vurulması, peyk tıxacı və kosmosda mümkün olan başqa elektron taktikalar daxil idi.

ABŞ Kosmik Qüvvələrinin kosmik əməliyyatlar proqramının vitse-rəisi General Devid Tompson noyabrda "The Washington Post"a müsahibəsində deyib ki, kosmosda münaqişənin gedişi intensivləşməkdədir. O, həmçinin bildirib ki, Çin bu onilliyin sonunadək kosmosda aparıcı qüvvə olmaq baxımından ABŞ-ı üstələyə bilər.

Çin hərbçilərinin kosmik mübarizə üçün yerüstü sistemləri işə saldığı deyilir. Bura ABŞ kəşfiyyat peyklərini zədələyə biləcək lazerlər də daxildir. Bundan başqa, çinlilərin başqa bir peyki uda biləcək, yaxud xüsusi robotik qol və ya qarmaqla çəkə bilən peyk üzəridə çalışdığı da deyilir.

BMT-nin Cenevrədə yerləşən Tərksilah Tədqiqatları İnstitutunun kosmik təhlükəsizlik mütəxəssisi Daniel Porras deyir ki, məsələnin ən çox narahatlıq doğuran tərəfi kosmosda münaqişə ilə bağlı müqavilə, doktrina və normaların az olmasıdır. Yəni insanların bir-birinin kosmik sistemlərinə müdaxiləsi ilə bağlı hər hansı baryerlər mövcud deyil. Kosmosda silahlanma yarışının gücləndiyi vaxtda hələ də üfüqdə hər hansı diplomatik təşəbbüslər gözə dəymir.

XS
SM
MD
LG