Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Kremllə sözü çəp gələn və... ölən rusiyalılar: siyahı uzanır


Boris Nemtsov Moskvada Putinin Ukrayna siyasətinə qarşı aksiyada, 15 mart, 2014-cü il
Boris Nemtsov Moskvada Putinin Ukrayna siyasətinə qarşı aksiyada, 15 mart, 2014-cü il

Biri korrupsiya, vəzifə cinayətləri və sui-istifadə hallarını ifşa etməkdə qərarlı reportyor, digəri dinc aksiya zamanı Vladimir Putin, seçki saxtakarlığı və Rusiyanın Ukraynaya qarşı aqressiyasını tənqid edən şüarlar səsləndirmiş siyasətçi idi.

Daha üçünün günahı 1999-cu ildə Çeçenistanda yeni müharibəyə başlamağa bəhanə verən yaşayış binası partlayışlarından şübhələnmələri idi. Bu müharibə o zaman hələ az tanınan Putinin Boris Yeltsinin hakimiyyətdən getməsindən öncə populyarlaşmasına kömək etmişdi.

Putini, Kremli və dövləti tənqid etdikdən sonra öldürülən, yaxud müəmmalı şəraitdə ölən rusiyalıların siyahısı uzundur. Ola bilsin ki, bu siyahı hələ uzanacaq.

Hələlik, bu siyahıdakı sonuncu adam "troll fabriki" və “Vaqner” muzdlu ordusu ilə ad çıxaran Yevgeni Priqojindir.

Yevgeni Priqojin
Yevgeni Priqojin

Ölümündən düz iki ay öncə qaldırdığı qiyamın ölkənin hərbi rəhbərlərini hədəfə aldığını desə də, nəticə etibarilə Putini – xalqın güclü və etibarlı himayədarını utancverici duruma salmışdı.

Aşağıdakı siyahıda Putinin 24 il öncə baş nazir təyin olunduğu 1999-cu ilin avqustundan bəri şübhəli və müəmmalı şəkildə ölən tanınmış şəxslərdən bəzilərinin adları çəkilir.

Bu siyahıya keçmiş hərbi kəşfiyyat zabiti Sergey Skripal və hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı kimi son anda qurtulub həyatda qalanların adları salınmayıb.

Sergei Yuşenkov
Sergei Yuşenkov

Sergey Yuşenkov

17 aprel, 2003-cü il: veteran siyasətçi, müxalif Liberal Rusiya partiyasının lideri Sergey Yuşenkov Moskvadakı evinin qarşısında güllə ilə vurulub.

Liberal millət vəkilləri 1999-cu ildə yaşayış binalarında törədilən silsilə partlayışlarda FSB-nin mümkün iştirakının araşdırılmasını tələb edirdilər. Yuşenkov bu təşəbbüsün önündə idi. Hökumət 300 nəfərin ölümü ilə nəticələnən bu partlayışlarda çeçen silahlılarını günahlandırmış və onlardan İkinci Çeçen müharibəsini başlamaq üçün bəhanə kimi istifadə etmişdi.

Anna Politkovskaya
Anna Politkovskaya

Anna Politkovskaya

7 oktyabr, 2006: Rusiyanın ən tanınmış jurnalistlərindən biri, Çeçenistanda hüquq pozuntularının davamlı xronikasını hazırlayan Politkovskaya yaşadığı binada edamı xatırladan ssenari ilə öldürülüb.

2014-cü ildə qətllə bağlı iki nəfər ömürlük həbs edilib, daha 3 nəfərə isə uzunmüddətli həbs cəzaları verilib. Ancaq jurnalistin yaxınları, həmkarları və Qərb hökumətləri Rusiya rəsmilərinin heç vaxt bu qətlin əsl təşkilatçılarını üzə çıxararaq cəzalandırmayacağından şübhələnirlər. Çünki ciddi araşdırma aparılarsa, nəticələr Putin hökuməti və ya Kremlin dəstəklədiyi çeçen rəhbərliyini ələ verər.

Aleksandr Litvinenko
Aleksandr Litvinenko

Aleksandr Litvinenko

​23 noyabr, 2006-cı il: Rusiyanın keçmiş təhlükəsizlik agenti radioaktiv polonium-210 maddəsi ilə zəhərləndikdən sonra Londonda həyatını itirir. Litvinenko 2000-ci ildə FSB-ni oliqarx Boris Berezovskinin qətlini təşkil rtməkdə günahlandırdıqdan sonra Britaniyaya qaçmışdı. O sonradan FSB-ni 1999-cu ildə törədilmiş yaşayış binaları partlayışlarına görə ittiham edən kitabın həmmüəllifi olmuşdu.

Britaniyada aparılan araşdırma Litvinenkonun bir neçə həftə öncə Londonda bir oteldə görüş zamanı poloniumla zəhərlənmiş çay içdiyini üzə çıxarıb. Moskva onun görüşdüyü adamları – Rusiya vətəndaşları Andrey Luqovoy Dmitri Kovtunun ekstradisiyasından imtina edib. 2017-ci ildə isə ABŞ Magnitski Aktı çərçivəsində onların adını qara siyahıya salıb.

Natalya Estemirova
Natalya Estemirova

Natalya Estemirova

16 iyul, 2009-cu il: Tanınmış insan haqları fəalı Çeçenistanın paytaxtı Qroznıda oğurlanmasından bir neçə saat sonra onun başında və sinəsində güllə yaraları olan cansız bədəni İnquşetiyada tapılıb.

Natalya Estemirova Çeçenistanda törədilən yüzlərlə insan haqları pozuntusunu, o cümlədən insan oğurluğu və qətl hadisələrini araşdırmışdı. Onun çalışdığı “Memorial” insan haqları qrupu ilkin araşdırmanın yerli hüquq mühafizə orqanlarının iştirakı ehtimalına yer verdiyini bildirmişdi.

“Memorial”ın rəhbəri Oleq Orlov sonradan bu qətldə Çeçenistan lideri Ramzan Kadırovu ittiham etdiyi üçün defamasiya maddəsi ilə həbs edilib, ancaq sonradan onun işinə xitam verilib.

Sergey Maqnitski
Sergey Maqnitski

Sergei Maqnitski

16 noyabr, 2009-cu il: Rusiya rəsmilərini 230 milyon dollarlıq vergi dələduzluğunda ittiham edən hüquqşünas həbsindən bir il sonra həyatını itirir. Pankreatitdən əziyyət çəkən Sergey Maqnitskiyə məhkəməöncəsi təcridxanada tibbi yardım göstərilmir. Hüquq müdafiəçiləri onun məruz qoyulduğu şəraitin işgəncəyə bərabər olduğunu deyirlər. Kremlin öz insan haqları şurasının məlumatına görə, Maqnitski ölümündən öncə möhkəm döyülübmüş.

2012-ci ildə ABŞ insan haqları pozuntularında əli olan Rusiya vətəndaşlarını hədəfləyən Maqnitski Aktını qəbul edib. Bu siyahıdakı şəxslərə viza qadağalarının tətbiqi və hesablarının dondurulması nəzərdə tutulub. Digər Qərb ölkələri də bu xətti davam etdiriblər. 2013-cü ilin iyulunda Rusiyada məhkəmə Maqnitskini ölümündən sonra vergidən yayınmada təqsirli bilib.

Boris Nemtsovun öldürüldüyü yer
Boris Nemtsovun öldürüldüyü yer

Boris Nemtsov

27 fevral, 2015-ci il: Keçmiş region qubernatoru və baş nazir, islahatçı siyasətçi Boris Nemtsov 1990-ci illərdə Rusiya siyasətinin yüksələn ulduzu idi. Sonradan Putinin ən sərt opponentlərindən birinə çevrilən Nemtsov 55 yaşında Kreml yaxınlığındakı körpünün üzərində qətlə yetirildi.

Putinin prezidentliyinin ilk illərində liberal millət vəkili olan Nemtsov saxtalaşdırılmış parlament seçkilərinə və Putinin 2012-ci ildə hakimiyyətə qayıdışına qarşı etirazlara rəhbərlik edənlər arasında idi. O 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı aqressiyasına etiraz edir, onu "Rusiya üçün ziyanlı” adlandırırdı.

Nemtsov qətlindən öncə həmkarları ilə birlikdə Moskvanın Ukraynaya müdaxiləsinin miqyasını detallı dəlillərlə göstərən hesabat üzərində işləyirdi.

XS
SM
MD
LG