Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:59

'Amelie'ni çəkən rejissor 'Netflix'lə işləyəcək


Jan-Pyer Jöne
Jan-Pyer Jöne

Bəlkə də, dünyada ən populyar fransız filmi olan "Amelie"ni çəkən rejissor Jan-Pyer Jöne "Netflix"lə birlikdə yeni film çəkəcəyini deyir. Ənənəvi sponsorlar tapmaq cəhdləri baş tutmayan rejissor son nəticədə "Netflix"lə işləməli olub.

ABŞ striminq nəhəngi "Netflix" başqa yerdən maliyyə tapmaqda get-gedə daha çox çətinlik çəkən uğurlu və tanınmış rejissorlarla işləməyə gözəl fürsət tapıb. Şirkət artıq Martin Skorseze (The Irishman), Alfonso Kuaron (Roma) və Ceyn Kempionla (The Power of the Dog) birlikdə çalışıb.

Jöne də özünün "BigBug" adlı filmi üçün studiya dəstəyi almaqda çətinlik çəkib. "France 24" kanalı bildirir ki, antiutopik komediya olan "BigBug" filmində hadisələr insanlarla robotlar arasında müharibədə cərəyan edir. Film fevralın 11-də ekrana çıxıb.

"24 saat içində layihəyə "hə" dedilər"

"Fransada, demək olar, heç kim mənim yeni filmimi istəmədi. Mən az qala tam depressiya həddinə gəlmişdim. Mən "Delicatessen" və "Amerlie" barədə eşitdiyim söz və ifadələri eşitdim: "bu, çox əcaibdir, çox qopuq və buna görə də risklidir"", – Jöne "France-Presse" agentliyinə müsahibəsində deyib. "Delicatessen" Jönenin 1991-ci ildə çəkdiyi debüt filmidir.

Ancaq "Netflix" çox çevik tərpənərək layihəni qısa zamanda qəbul edib. "Onlar 24 saat içində layihəyə "hə" dedilər", – Jöne deyir.

Striminq platforması Fransada qarşısına çıxan ən böyük maneələrlə üzləşib. Fransa filmlərin kinoteatrlarda nümayişi ilə striminqi arasında ən uzun gözləmə müddəti tələb edən ölkə imiş.

"France 24" yazır ki, "Netflix" bu sahədə güzəşt əldə edə bilmək üçün Fransa kino industriyasına çoxlu pul xərcləyib. Bu isə son nəticədə Jöne kimi riskli layihələr təklif edən rejissorların işinə yarayıb.

Riyakarlıq

Jönenin 2004-cü ildə çəkdiyi "A Very Long Engagement" və 2013-cü ildə çəkdiyi "The Young and Prodigious T.S. Spivet" filmləri onun daha əvvəlki işləri olan "Amelie" və "Delicatessen" qədər böyük marağa səbəb olmayıb.

Jöne də deyir ki, bu, fransız kino industriyasının riyakarlığını göstərir; o, xarici striminq platformalarının maliyyə təsirindən gileyləndiyi halda, özü də pul düşkünü kimi davranır.

"Bütün güc marketinqin əlindədir. Qərar qəbul edənlərsə biznes məktəbindən çıxan adamlardır. Onlar sənə filmi necə çəkəcəyini diktə etmək istəyirlər. Film çıxan kimi isə onların gözü satılan biletlərin sayındadır. Cəmi 200 bilet satılıbsa, bu, fəlakətdir. İndi isə ("Netflix"lə) bizim bir milyard potensial tamaşaçımız var. Onların cəmi bir faizi filmə baxsa, bu, həqiqətən çox adam deməkdir. Mən "Netflix"lə müqavilə imzalayanda adamlar məni lağa qoydular, dedilər ki, bunu etməməliyəm. İndi isə zəng vurub özlərinin də bunu etmək istədiklərini deyirlər", - Jöne deyir.

İki cür rejissor

Jöne striminq platformalarının kinoteatrları öldürməsi fikri ilə razı deyil: "Hər şey bir-birini əvəz edir. Platformalar kinoteatrları əvəz etməyib. Onlarsa teatrları əvəz etməyib. Böyük filmlər həmişə kinoteatrlarda göstəriləcək. Dünya dəyişir, biz də uyğunlaşmalıyıq".

Studiya fərqli olmuş ola bilər. Ancaq "BigBug" elə əsl Jöne filmidir. "Mənim yaradıcılığımı bəyənən insanlar onu sevəcəklər; bəyənməyənlərsə ona nifrət etməyi sevəcəklər", – o deyib.

"İki cür rejissor var: daim özünü yeniləyən, ancaq heç bir tərzi olmayanlar və müəyyən mənada hər zaman eyni filmi çəkənlər. Məsələn, Tim Börton, Vudi Allen… Mən daha çox ikinci ənənəyə uyğun gəlirəm. Hətta daha tez yorucu olmaq riski olsa belə", – deyə Jöne gülərək əlavə edib.

XS
SM
MD
LG