Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:21

'Narkotik şərləməsi' müsahibəsindən sonra həbs edilən ictimai fəala 7 il həbs istəndi


İlhamiz Quliyev
İlhamiz Quliyev

Bir ildir həbsdə olan ictimai fəal İlhamiz Quliyevə 7 il həbs cəzası istənilib. Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona bu cəzanın verilməsini təklif edib.

Yarım ildən çoxdur ki, bu məhkəmədə İ.Quliyevin işinə baxılır. İctimai fəal ötən il dekabrın 4-də saxlanılarkən 28-ci polis bölməsində döyüldüyünü, həmin gün axşam Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətiriləndə üzərində xəsarətlər olduğunu bildirir. Bu üzdən ictimai fəalın vəkili Zibeydə Sadıqova ötən məhkəmə iclaslarında 28-ci polis bölməsindən videogörüntülərin, Yasamal rayon Polis İdarəsindən isə saxlanılan şəxslərlə bağlı tibbi kitabçadan çıxarışın alınmasını istəmişdi. Hakim vəsatətləri təmin etmişdi.

Noyabrın 28-də məlum olub ki, məhkəmənin sorğularına cavab gəlib. 28-ci polis bölməsindən cavab verilib ki, o vaxtdan çox keçdiyindən videogörüntülər qalmayıb.

Yasamal rayon Polis İdarəsindən isə cavab gəlib ki, onun bədənində xəsarət olmayıb.

"Tibb kartına bunları özüm də qeyd etdim"

Vəkil Z.Sadıqova bu cavabı doğru saymır: "Mən orada İlhamiz Quliyevlə görüşəndə onun üzərində xəsarətləri gördüm və tibb kartına bunları özüm də qeyd etdim. Həmin tibb kart da polis idarəsində saxlanılır".

Sənədlərin elanı yekunlaşandan sonra prokuror söz alaraq iddia edib ki, İ.Quliyevə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Bu üzdən ictimai fəala 7 il həbs cəzası verilməsini təklif edib.

Prokurordan sonra vəkil çıxış etməli, ardından təqsirləndirilən şəxs son sözünü deməli və hökm oxunmalıdır. Vəkil Z.Sadıqova müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə dekabrın 13-nə qalıb.

İ.Quliyev özünü təqsirli bilmir, deyir ki, narkotiki cibinə Yasamal rayonu 28-ci polis bölməsində polislərin özləri atıb. O bildirir ki, cəzalandırılmasının səbəbi "AbzasMedia"ya polislərin ictimai-siyasi fəalları narkotiklə necə şərləməsi barədə verdiyi müsahibədir. Onun sözlərinə görə, əvvəllər polis orqanlarında müstəntiq köməkçisi işlədiyindən o sistemdə baş verənləri bilirdi. Anonim şəkildə verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə aparıldığını danışıb. Bu materialın yayımından bir neçə gün sonra inzibati qaydada 30 sutka həbs olunub. İddia edilib ki, küçədə telefonla danışarkən söyüş söyüb, həmin vaxt ondan özünü intizamlı aparmasını tələb edən polislərə tabesizlik göstərib.

İ.Quliyev deyir ki, inzibati həbsdən buraxılandan sonra ölkədən çıxmaq istəsə də, hava limanından geri qaytarılıb. Məlum olub ki, ölkədən çıxışı yasaqlanıb.

Dekabrın 4-də narkotik suçu ilə saxlanılıb.

Xatırlatma

Daxili İşlər Nazirliyi (DİN) İ.Quliyevin şərlənməsi barədə dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, o, konkret fakt əsasında saxlanılıb.

DİN-in mətbuat xidməti İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi haqda deyilənləri də təkzib edib: "O, heç vaxt polis əməkdaşı olmayıb".

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamın qurama olduğunu, siyasi baxışlarına, tənqidi fikirlərinə görə şərlənib həbs olunduqlarını deyirlər.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi baxışlarına, fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG