Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:55

Novruz bahalığından yazan qəzet İran hakimiyyətini 'hicab davasından' çəkinməyə çağırır


İranda yaşayış səviyyəsinin onsuz da enməkdə davam etdiyi bir vaxtda ölkənin milli Yeni il bayramı - Novruzun keçirilməsi üçün zəruri olan ərzağın qiymətləri də kəskin artıb.

Yerli medianın yazdığına görə ərzaq qiymətlərinin belə bahalaşması bir çox iranlıları geyim əşyaları və ya başqa mallar almaqdansa diqqətlərini sırf ərzağa yönəltməyə vadar edib.

Tehranda çıxan Etemad qəzeti yazır ki, bu Ramazan ayında iftar süfrəsi üçün istehlak mallarının qiymətləri ötən illə müqayisədə dəfələrlə artıb.

İranda son beş ildə illik inflyasiya 40 faizdən yuxarı olub, bu isə iranlıların alıcılıq qabiliyyətini daha da məhdudlaşdırır.

Novruz süfrəsinin komponenti olan “həftsin” üçün lazım olan meyvə-çərəzin qiymətləri də sıçrayışla yüksəlib.

Son illər yaşayış səviyyəsinin durmadan enməsi, maaşların gecikdirilməsi və sosial təminatın zəifliyinə görə etirazlar ölkəni silkələyib.

Dərin yoxsulluq

İran Əmək Nazirliyinin məlumatına görə 2021-ci ildə yoxsulluq faizi iki dəfə qalxıb və indi əhalinin üçdə biri “dərin yoxsulluq” içində yaşayır.

İran statistika idarəsi tərəfindən hesablanan Yoxsulluq indeksi 2023-cü ilin sentyabrında 60.4 faizə çatıb. Bu, son altı ildə ən pis göstəricidir.

Tehran Çəkməçilər İttifaqının sədri Rəsul Şəcəri deyib ki, Tehran bazarında Novruz ərəfəsində malların 30 faiz bahalaşması tələbatı 25 faiz azaldıb.

Bu arada üstəlik hökumət ictimai nəqliyyatdan istifadənin qiymətlərini qaldırıb. Metro 16 faiz, ekspress avtobuslarda gediş 21 faiz və adi avtobuslarda 30 faiz bahalaşıb.

Etemad qəzeti nadir və cəsarətli bir şəkildə rəsmiləri belə yoxsulluq və bahalaşma şəraitində hicab qaydaları kimi əlavə sosial gərginlik yaratmaqdan çəkinməyə çağırıb.

XS
SM
MD
LG