Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:11

ABŞ-ın sanksiyalarına baxmayaraq İranın neft ixracı necə sıçrayışla artıb?


ABŞ sanksiyalarına baxmayaraq avqust ayında İranın neft hasilatı və ixracı sıçrayışla artıb.

Reuters agentliyi bu xəbəri ekspertlərə və tanker daşımalarını izləyən şirkətlərin məlumatlarına istinadla verib.

Təhlilçilər bildirirlər ki, İranın neft ixracının belə artımı Tehranın ABŞ sanksiyalarından yan keçməkdə “ustalaşması” ilə bağlıdır.

Bu da qeyd olunur ki, bunun başqa bir səbəbi Tehranla münasibətlərini yaxşılaşdırmağa çalışan Vaşinqtonun sanksiyalara nəzarəti yumşaltmasıdır.

Keçmiş prezident Donald Tramp öz ölkəsini 2018-ci ildə İranla nüvə sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Vaşinqton İran hökumətinin enerji gəlirlərini minimuma endirəcəyini bildirmişdi.

Lakin Ağ Evə prezident Co Bayden gəldikdən sonra İranın neft gəlirləri artmağa başlayıb.

Sənaye izləyicilərinin təxminlərinə görə İran neftinin ən böyük alıcısı Çindir.

SVB International konsaltinq firmasının təxminlərinə görə İranın neft hasilatı avqust ayında günə 3.15 milyon barrelə yüksəlib. Bu, 2018-ci ildən bəri ən böyük göstəricidir. O vaxt neft və qaz kondensatı ixracı günə 2 milyon barreldən artıq deyildi.

SVB-nin aparıcı ekspertlərindən Sara Vaxşuri deyir ki, İran neft hasilatında sanksiyalara qədər olan səviyyəyə çatmaqdadır.

ABŞ yumşalıb, İran da püxtələşir

Reuters yazır ki, Birləşmiş Ştatlar hazırda beş ABŞ vətəndaşının İran həbsxanalarından azad edilməsi üçün Tehranla danışıqlardadır. Bu danışıqlar uğurlu olarsa, İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollar vəsaiti üzərindən həbs qaldırılacaq.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu sövdələşmənin müddətləri barədə şərh verməkdən imtina edib.

Reuters yazır ki, neft qiymətlərinin yüksək olması 2024-cü il seçkisi ərəfəsində Bayden üçün də təhlükəli vəziyyət yaradır. Bu isə o deməkdir ki, dünya bazarında neft qiymətlərinin aşağı salınması üçün hasilatın və ixracatın artması lazımdır.

Bu da qeyd olunur ki, İran uzun illər ərzində neft sanksiyalarından yayınmaq üçün “tankerdən tankerə transfer” və tankerlərin GPS transponderlərini manipulyasiya kimi fəndlərdən istifadə edib.

Eksperlər deyirlər ki, İran bu fəndlərdə püxtələşməkdə davam edir.

İran ixracatı artırmaq əzmindədir

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən təhlilçi Ben Kahil qeyd edir ki, İran öz neftinə güzəştli qiymətlər qoymaqla da alıcılarını cəlb edir.

Ekspertin fikrincə bu şəraitdə belə ticarətin qarşısını almaq o qədər də asan deyil.

Təhlilçilər bildirirlər ki, İranın avqust göstəriciləri bu il üçün ən yüksək aylıq artım deməkdir.

İran nə qədər neft ixrac etdiyi barədə rəsmi rəqəmləri açıqlamır. Buna görə də tanker izləyən firmalar daha çox peyklərdən və dəniz limanlarından alınmış rəqəmlərə istinad edirlər.

İranın neft naziri bildirib ki, xam neft ixracı artıq bu il sentyabrın sonunadək günə 3.4 milyon barrelə çatdırılacaq.

Reuters yazır ki, İranın neft ixracının artması Səudiyyə Ərəbistanı başda olmaqla Rusiya da daxil OPEC+ qrupunun hasilatı azaltmaq səylərinin kəsərini azaldır.

XS
SM
MD
LG