Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:24

İranın İsrail və ABŞ-la birbaşa savaşda 'itirəcəyi çox şey' var


Prezident İbrahim Rəisi (ortada) digər yüksək vəzifəli şəxslərlə birlikdə İran raketlərinin qarşısında dayanır.
Prezident İbrahim Rəisi (ortada) digər yüksək vəzifəli şəxslərlə birlikdə İran raketlərinin qarşısında dayanır.

İsrail Qəzza zolağında savaşa başlayandan bəri İranın dəstəklədiyi silahlı qruplar Fələstinə dəstək nümayiş etdirmək üçün Yaxın Şərqdəki İsrail və ABŞ obyektlərini hücum hədəfinə çevirib.

AzadlıqRadiosunun müxbiri Kian Şərifinin hazırladığı yazıda deyilir ki, oktyabrda savaş başlanandan bəri bölgədə aktivləşən İran İsrail və onun əsas müttəfiqi ABŞ-la birbaşa üz-üzə gəlməkdən çəkinir. Ekspertlərin fikrincə, İslam Respublikası birbaşa hərbi qarşıdurmanı özünün daxili sabitliyi və varlığı üçün təhlükə sayır.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka deyir ki, İranın qısamüddətli müharibədə itirəcəyi çox şey var.

Tehran səs tonunu yumşaldıb

Yanvarın 29-da Tehranın İraqda dəstəklədiyi silahlıların İordaniyada üç amerikalı hərbçini dron zərbələri ilə öldürməsindən sonra ABŞ-İran hərbi qarşıdurması ehtimalı artıb.

Ancaq ABŞ-ın İran ərazisinə zərbə endirəcəyindən çəkinən Tehran hücumdan bəri tonunu yumşaldıb.

İran prezidenti İbrahim Rəisi fevralın 2-də ölkəsinin heç bir müharibəyə başlamayacağını, ancaq "bizə hərbə-zorba gəlmək istəyənlərə" sərt cavab verəcəyini söyləyib.

İsraildə fəaliyyət göstərən Milli Təhlükəsizlik İnstitutunun (INSS) aparıcı tədqiqatçısı Raz Zimmt deyir ki, rejimin həyatda qalması dini isteblişmentin əsas məqsədidir. Onun sözlərinə görə, İsrail və ABŞ-la hər hansı müharibə İslam Respublikasının mövcudluğuna təhdid olardı.

"Xarici siyasət qərarları birbaşa ictimai rəyin təsirinə məruz qalmır. Buna baxmayaraq, rejimin gərəksiz daxili qarışıqlığın önünü kəsmək ehtiyacı, heç sözsüz, onun seçimlərini şərtləndirir", - Zimmt belə deyir.

İran isteblişmenti son illərdə çox sayda böhranla üzləşib. Bura iğtişaşlar və iqtisadiyyatın arzulanmaz durumu da daxildir.

Klerikal isteblişment uzun zamandır iddia edir ki, legitimliyi xalqın iradəsindən qaynaqlanır. Di gəl, son illər bu iddia get-gedə daha çox sorğulanır.

2020-ci ilin parlament və 2021-ci ilin prezident seçkilərində seçicilərin rekord səviyyədə aşağı iştirak faizi qeydə alınıb. Hər iki seçkiyə seçicilərin yarıdan azı qatılıb.

Gələn ay parlament və Ekspertlər Məclisinə keçiriləcək seçkilərdə də iştirak faizinin aşağı olacağı gözlənilir.

İranın "Bəsic" hərbi birləşməsinin üzvləri Tehranda Fələstin tərəfdarlarının mitinqində İsrailin baş naziri Binyamin Netanyahunun həbsini təsvir edirlər.
İranın "Bəsic" hərbi birləşməsinin üzvləri Tehranda Fələstin tərəfdarlarının mitinqində İsrailin baş naziri Binyamin Netanyahunun həbsini təsvir edirlər.

"İran çox yaxşı bilir ki…"

Beynəlxalq sanksiyalar və hökumətin yarıtmaz idarəçiliyi nəticəsində bərbad hala düşmüş iqtisadiyyat, inflyasiya, işsizlik və yoxsulluğun artması da hökuməti çətin duruma salan problemlərdir.

İranın ordu rəsmiləri illərdir ölkənin dron və raket arsenalından ağızdolusu danışırlar. Ancaq ekspertlər İranın İsrail və ABŞ-la üzləşməyə hərbi gücünün olmadığını deyirlər.

"İran çox yaxşı bilir ki, birbaşa münaqişə baş verərsə, İsrailin istər müdafiə, istərsə hücum baxımından açıq-aşkar əməliyyat və kəşfiyyat üstünlüyü var", - Zimmtin sözləridir.

Viskonsin Nüvə Silahlarına Nəzarət Layihəsinin tədqiqatçısı Con Krjizanyak deyir ki, İsrailin konvensional olaraq üstün ordudan başqa nüvə silahı da var.

Bütün dünya İsrailin nüvə silahı olduğunu düşünür. Vaşinqtonda yerləşən Nüvə Təhlükəsi İnstitutunun hesablamalarına görə, İsrail təxminən 90 nüvə başlığına sahibdir.

On illərlə sanksiyalar altında olan İran yerli silah proqramının inkişafına güclü yatırım hesabına ucuz və effektiv dron və raketlər istehsal edə bilib.

"İsraillilərə qarşı psixoloji savaş"

İran rəsmiləri bəzi silahların məhz İsraili vurmaq üçün hazırlandığını, məsələn, "Fəttah" ballistik raketlərinin 400 saniyə içində Tel-Əvivə çatacağını iddia ediblər.

Ancaq Vatanka deyir ki, bu, sadəcə, israillilərə qarşı psixoloji savaşdır və Fələstin məsələsinin yeganə keşikçisi və dəstəkçisi kimi, İslam Respublikasının imicini gücləndirmək məqsədi güdür.

Krjizanyak bildirib ki, İranın raketləri İsrailə ciddi təhlükə törədə bilər; "Şahed-136" kimi hücum dronları da çox sayda buraxılsa, dinc əhali arasında xaos yaradar. Ancaq o, İsrailin hərbi üstünlüyünü saxlayacağını da vurğulayıb.

"Bu üzdən, İran qeyri-konvensional müharibə və özünün asimmetrik imkanlarına güvənməyə davam edəcək. Partizan döyüşçüsü heç vaxt düşmənə birbaşa hücum etməz", - Krjizanyak əlavə edib.

Müşahidəçilər İranın ötən ay Suriya, İraq və Pakistandakı hədəflərə raket zərbələri endirməsini İsrail və ABŞ-a xəbərdarlıq sayırlar.

Ancaq Zimmt İranın İsrail və ABŞ-la müharibəyə yol aça biləcək eskalasiyadan yayındığını söyləyir.

1979-cu ildən bəri aralarında birbaşa diplomatık əlaqələr olmayan ABŞ və İran böhran hallarında bəlli diplomatik kanallarla ünsiyyət qura bilir.

Vatanka deyir ki, bu cür kanallara İranın Nyu-Yorkda yaşayan BMT-dəki elçisi və İsveçrənin Tehrandakı səfirliyi də daxildir. Birləşmiş Ştatların İrandakı işləri ilə bu səfirlik məşğul olur. Üstəlik, vasitəçilik rolunu öz üzərinə götürmüş üçüncü tərəflər də var. Vatanka bunların arasında Qətər, Oman və İraqı qeyd edir.

İki dövlət arasında böhran durumlarında ünsiyyətə ən son misal sentyabrda baş tutmuş girov sövdələşməsidir. Bu sövdələşmə Körfəz dövlətləri və İsveçrənin də iştirakı ilə illərlə sürən gizli danışıqlar nəticəsində mümkün olub.

İran o pulları ala bilmədi

AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun hazırladığı məqalədə deyilir ki, bu sövdələşməyə görə, İran girov saxladığı dörd amerikalını azad etməli, Vaşinqtonsa İranın Cənubi Koreyada dondurduğu 6 milyard dollarlıq neft pullarını blokdan çıxarmalı idi.

Ancaq sövdələşmə ABŞ-da Bayden administrasiyasını daha bir ciddi tənqid hədəfinə çevirib. Əvvəlcə blokdan çıxarılıb Qətərə köçürülən pulların İrana yalnız humanitar məqsədlərlə veriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Vaşinqton payızda Yaxın Şərqdə gərginliyin artması və sövdələşmə ilə bağlı tənqidlər fonunda Qətərlə razılığa gələrək İranın bu pulları heç almamasını təmin edib.

Vatanka deyir ki, bu qədər müddətdə tərəflərdən heç biri aralarındakı pis münasibətləri yaxşılaşdırmaqda maraqlı olmayıb: "Bu qədər çox sayda Bayden tənqidçisinin onun İran rejiminə qarşı çox yumşaq davrandığını söylədiyi indiki vaxtda Ağ ev İranla danışıq apara bilmir. Digər tərəfdən, İranda da 84 yaşlı Ali Dini lider var. O da iki şeydə maraqlıdır: amerikalılarla müharibə etməməkdə (axı bilir ki, bu, İran və onun rejimi üçün yaxşı olmayacaq), eyni zamanda, amerikalıların yaxın zamanda Tehrana qayıtmamasında. Ən azı, özü sağ olduğu müddətdə bunu görmək istəmir, axı o, amerikalıların İslam Respublikasını bitirməkdən başqa bir ana məqsədinin olmadığını düşünür".

XS
SM
MD
LG