Keçid linkləri

2025, 04 Yanvar, şənbə, Bakı vaxtı 13:49

Prezident: 'Ümid edirəm ki, yanvarın sonlarından...'


İlham Əliyev
İlham Əliyev

"Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrıseçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür". Bunu prezident İlham Əliyev dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Onun vurğulamasına görə, "COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu".

Prezidentin sözlərinə görə, bu, hələ də davam edir.

Yanvarın 20-dən Birləşmiş Ştatların (ABŞ) yeni prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayacaq.

Habelə yanvarın sonunda Avropa Şurası Parlament Assambleyasinin (AŞPA) sessiyasi olmalıdır. Ötən ilin əvvəlində insan haqları pozuntuları əsas gətirilərək Azərbaycan nümayəndə heyətinin bu qurumda təmsilçiliyi təsdiqlənməyib. Azərbaycan cavab olaraq qurumla əməkdaşlığı dayandırıb.

D.Trampın yenidən ABŞ-da hakimiyyətə gəlməsi ilə son illər Azərbaycanla Qərb arasında gərginləşən münasibətlər müsbətə doğru dəyişə bilərmi? Yoxsa Azərbaycan siyasi məhbus sayılan şəxslərin məsələsində və insan haqları ilə bağlı müsbət addımlar da atmalıdır?

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Bunlar öz vətəndaşlarına qarşı repressiv aktlara bəhanə olmamalıdır"

Siyasi şərhçi Nəsimi Məmmədli də hesab edir ki, ABŞ-da yeni administrasiyasının işə başlaması Bakı-Vaşinqton münasibətlərində yeni səhifə açacaq: "Yəqin ki, Qərb-Azərbaycan, xüsusilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində bir qədər fərqli, yumşaq ritorikalar gündəmdə olacaq".

Amma ekspert AzadlıqRadiosuna habelə deyib ki, AŞPA-ya qayıtmaq, Qərb-Azərbaycan münasibətlərinin normallaşması üçün rəsmi Bakı insan hüquqları və azadlıqları ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: "Doğrudan da, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son dərəcədə ağırdır. Xüsusilə də siyasi məhbus probleminin həlli bu münasibətlərin yaxınlaşmasına gətirib çıxara bilər".

N.Məmmədlinin fikrincə, Qərbdə də bir çox hallarda Azərbaycana qarşı adekvat olmayan müəyyən münasibətlər özünü göstərir: "Amma bunlar öz vətəndaşlarına qarşı hər hansı repressiv aktların həyata keçirilməsinə bəhanə olmamalıdır. Azərbaycan ilk olaraq bu iradəni göstərməli, tamamilə təqsirsiz həbs edilmiş şəxsləri azadlığa buraxmalıdır. Ondan sonra, məncə, Qərb institutlarının Azərbaycana hansısa ciddi iradları olmayacaq".

Bəzi yerli hüquq müdafiə təşkilatlarının açıqlamasına görə, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə onları siyasi məhbus kimi qəbul etmir.

XS
SM
MD
LG