Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:12

Qarşıdakı vəzifələr: 'Güclü ordu…'. 'Demokratiya sahəsində islahatlara ehtiyac var'


Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında

Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlət başçısı deyib ki, birinci nömrəli vəzifə hərbi gücün artırılmasıdır: "…Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".

Azərbaycan prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyib. O, sərhədlərin qorumasının vacibliyini və ideoloji təhlükəsizliyin də prioritet sahələrdən biri olduğunu bildirib.

İqtisadi məsələlərə də toxunub: "Bu ilin iqtisadi sahədə göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda 7 faiz olub".

Prezident sosial islahatlardan bəhs edərkən gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını vurğulayıb.

Bəs prezident vəzifələrdən danışarkən nəyi deməyi unudub?

Deputat: "Azərbaycanın güclü ordusu olmasa…"

Milli Məclisin deputatı Naqif Həmzəyev də "Turan"a deyib ki, Azərbaycanın güclü ordusu olmasa, sabah yenidən suverenliyi təhdid altında ola bilər: "Bu baxımından, biz mütləq hərbi gücümüzü həmişə ən yüksək səviyyədə saxlamalıyıq. Bunun üçün də səylərimizi artırmalıyıq".

N.Həmzəyev vurğulayıb ki, bununla paralel işğaldan azad edilmiş ərazilərdə bərpa işləri getməli və məcburi köçkünlərin öz torpaqlarına qayıtması ən qısa müddətdə həll olunmalıdır: "Artıq 8 mindən çox məcburi köçkün öz dədə-baba torpaqlarına geri qayıdıb. Bu, həqiqətən də, çox yaxşı göstəricidir. Müharibədən dərhal sonra öz hesabına bərpa-quruculuq işlərin belə sürətlə aparılması çox yaxşı göstəricidir".

Naqif Həmzəyev
Naqif Həmzəyev

Deputatın sözlərinə görə, bütün bu sadalanan məsələlərlə yanaşı, siyasi, sosial və iqtisadi sahədə də Azərbaycan indiyə qədər çox böyük işlər görüb. Onun fikrincə, Azərbaycanda siyasi dialoqun mövcudluğu xüsusi qeyd edilməlidir. O hesab edir ki, artıq partiyalar arasında ümummilli məsələlərdə birlik və bu birlik nəticəsində uğur görmək mümkündür.

"Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün…"

N.Həmzəyev əlavə edib ki, Azərbaycan iqtisadiyyatı güclü olmasaydı, hərbi gücü də olmazdı: "Bütün bu sadalanan uğurlar birbaşa olaraq iqtisadiyyata bağlıdır. Bu gün Azərbaycan hökuməti çalışır ki, neftdən asılılığını azaltmaqla qeyri-neft sektorunu inkişaf etdirsin. Eyni zamanda, Azərbaycan uzun illərdir ki, logistik şəbəkəni öz ərazisində qura bilir. Bu gün "Şimal-Cənub" dəhlizinin, Şərqdən Qərbə doğru nəqliyyat dəhlizinin işə düşməsini Azərbaycan öz hesabına həyata keçirib".

Deputatın qənaətinə görə, indiyə qədər Azərbaycan sosialyönümlü siyasət həyata keçirib: "Dövlət büdcəsinə nəzər salsaq görərik ki, sosial xərclər ön cərgələrdədir. Düşünürəm ki, yaxın onilliklərdə Azərbaycan sosialyönümlü siyasəti davam etdirəcək, biz əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bütün mümkün alətləri işə salmışıq. Bir sözlə, güclənən Azərbaycanın məqsədi vətəndaşların sosial rifahıdır. Bu missiyanı yerinə yetirmək üçün biz milli təhlükəsizlik məsələlərini yüksək səviyyədə təmin etməliyik".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Heç olmasa, korrupsiyanın qarşısının alınması üçün…"

Siyasi şərhçi Nəsimi Məmmədli AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun qarşısında duran bir neçə problem var idi: "Onlardan biri Qarabağ problemi, digəri isə ölkə əhalinin sosial-iqtisadi vəziyyətinin pis olması idi. Üçüncüsü isə daha çox korrupsiya və rüşvətxorluq problemi idi ki, o, cəmiyyətdə müəyyən inkişaf tendensiyasını ləngidən amil idi".

Ekspert Qarabağ probleminin həll olunduğunu bildirir: "Ona görə də düşünürəm ki, silahlanma, daha çox yenidən bu sahəyə investisiyaların yatırılması prioritet olmamalıdır. Azərbaycan regionda əksər dövlətlər ilə ya müttəfiqlik müqaviləsi imzalayıb, ya da ortaq layihələrdə iştirak edir. Ermənistan kiçik bir ölkədir və onun hərbi potensialı kifayət etmir ki, böyük təhdidlər olsun".

Onun fikrincə, bu gün ölkədə prioritetlərdən biri sosial-iqtisadi məsələlər olmalıdır: "Çünki, doğrudan da, əhalinin kifayət qədər gəlirləri azalıb, bahalaşmaya görə dolanışıq xeyli dərəcədə aşağı düşüb. Eyni zamanda, ölkədə şəffaflıq təmin edilməlidir, heç olmasa, korrupsiyanın qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır".

Politoloqun sözlərinə görə, ən nəhayət, insan hüquqları və demokratiya sahəsində də ciddi islahatlara ehtiyac var.

XS
SM
MD
LG