Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:27

97 gündür aclıq etdiyini deyən alim: 'Məni intihara vadar etmək istəyirdilər'


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, bir il öncə Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib həbs olunan Fazil Qasımov deyir ki, 97 gündür aclıq edir.

Onun sözlərinə görə, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində sağalması ümidsiz şəxslərin palatasında saxlanılır. F. Qasımov sentyabrın 19-da öz məhkəməsində bunları bildirib:

“Gənc bir alim heç bir cinayət törətmədiyi halda, bir ildən çoxdur həbsdə saxlanılır. Mən qanunsuz həbsimə etiraz olaraq, 97 gündür aclıq edirəm. Türkiyə mətbuatı da mənimlə bağlı yazıb. Orada deyilir ki, təqsirləndirilən şəxs ölür, amma onu yarğılayan tərəfin tükü tərpənmir”.

34 yaşlı alimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ailə üzvlərinin bildirdiyinə görə, aclıq nəticəsində çəkisi 35 kq-a düşən F. Qasımov sentyabrın 19-da məhkəmə zalına əlindəki əsanın köməyilə hərəkət edərək gəlib.

“Həkim deyib ki, bu, ölüm təzyiqidir”

Qasımov bir neçə gün öncə Müalicə Müəssisəsində qardaşıyla görüşdə durumunun kəskin pisləşdiyini söyləyib:

“Qardaşımın yanında ürəyim gedib, həkim çağırıblar. Təzyiqimi ölçüblər, məlum olub ki, 50-dir. Həkim deyib ki, bu, ölüm təzyiqidi”.

Qasımov özü haqqında cinayət işinə xitam verilməsini istəyib, bununla bağlı vəsatət qaldırıb. O, Türkiyədə saxta dollar əldə edib, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu vasitəsilə Azərbaycana gətirməkdə və onunla əlbirlikdə ittiham olunur.

Təqsirləndirilən alim bu ittihamın yalan olduğunu və sifarişlə həbs edildiyini, işgəncələrə məruz qaldığını bildirir. O, başına gələnlər haqda öncəki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri yenidən hakimlərin diqqətinə çatdırıb:

“Verdikləri işgəncələrlə məni intihara vadar eləmək istəyirdilər. Başımı unitazın içinə salmaqdan tutmuş, çayıma psixotrop maddə qatmağa, ailəmlə hədələməyə qədər ən müxtəlif növ işgəncələrdən istifadə olunub”.

O vurğulayıb ki, 97 gündür sürən aclıq aksiyası da heç bir cinayət törətmədiyi halda, günahsız bir adamın başına gətirilənlərə etirazıdır.

Prokuror "ucuz taktikadır" deyir

Prokuror Fuad Musayev alimin vəsatətinə belə reaksiya verib:

“Aclıq aksiyası ucuz taktikadır. “Aclıq-aclıq” deyib, bununla məhkəməyə təsir eləməyin ki, qətimkan tədbiri dəyişsin. Təklif edirəm ki, aclığı dayandırasınız, təqsirsizliyinizlə bağlı sübut-dəlillərinizi toplayıb, məhkəməyə təqdim edəsiniz”.

Təqsirləndirilən şəxsin keçirdiyi aclıq aksiyasını prokurorun “ucuz taktika” adlandırmasına F.Qasımovun vəkili Rövşanə Rəhimli etiraz edib. Vəkil bildirib ki, aclıq aksiyası etiraz formalarından biridir və bunu edib-etməmək şəxsin hüququdur.

Vəkil F.Qasımovun durumunun ağır olduğunu vurğulayaraq, onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Müdafiəçi deyir ki, onun indiki vəziyyətdə həbsdə saxlanması həyatına təhlükədir.

“Fazil Qasımovla eyni cinayət işi üzrə təqsirləndirilən Qubad İbadoğlu da azadlıqdadır”, - Rövşanə Rəhimli vəsatətini əsaslandırarkən belə deyib.

Ancaq hakimlər alimi həbsdən buraxmaqdan imtina ediblər. Onun işi üzrə növbəti məhkəmə iclası oktyabrın 10-na təyin olunub.

Xatırlatma

Fazil Qasımova Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham verilib. O bu ittihamların heç birini qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

F.Qasımov ötən il avqustun 8-də İstanbulda saxlanılaraq, Bakıya gətirilib. İqtisadçı Q.İbadoğlu isə ondan 15 gün öncə - iyulun 23-də saxta pul ittihamı ilə saxlanmışdı. İstintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verilmişdi.

Q.İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinəvermə qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi də ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

F.Qasımovla Q.İbadoğlunun suçlandığı maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG