Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:58

Yeni layihə hakim seçkilərində nəyi dəyişəcək?


Hakimliyə namizədlərə yazılı imtahan
Hakimliyə namizədlərə yazılı imtahan

Azərbaycanda hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət ola bilər. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndi hakim seçkisi iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarətdir.

Azərbaycan məhkəmələrində ümumilikdə 616 hakimin fəaliyyət göstərdiyi bildirilir. Vaxtaşırı hakimliyə imtahanlar keçirilir və yeni hakimlər təyin edilir.

Yeni layihəyə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.

İmtahanlar və müsahibəni Hakimlərin Seçki Komitəsi təşkil edəcək. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası da, öz növbəsində, namizədlərin vakant hakim vəzifələrinə təyin edilmələri barədə müvafiq quruma təqdimat verəcək.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Dəyişikliklər prosesin sürətləndirilməsi məqsədi daşıyır"

Məhkəmə-Hüquq Şurasından "Turan"a bildirilib ki, dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır: "Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi fasiləsiz, müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla həyata keçirilir".

Şuradan vurğulanıb ki, bu il dekabrın 15-də hakimliyə namizədlərin test imtahanı keçiriləcək və artıq 100-dən çox namizəd öz sənədlərini təqdim edib.

"Müsahibə mərhələsi əlavə çətinliklər yaradır"

Hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Yalçın İmanov isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, qanuna düzəlişlər ediləndən sonra heç nə dəyişməyəcək: "Çünki hakimin müstəqilliyi, ədaləti siyasi sistemdən asılıdır. Belə bir siyasi sistemdə ədalətli və obyektiv insanların hakim olmaq şansı sıfıra bərabərdir".

Yalçın İmanov
Yalçın İmanov

Onun fikrincə, həm vəkilliyə, həm də hakimliyə imtahanda müsahibə mərhələsi əlavə çətinliklər yaradır: "Müsahibə mərhələsi subyektiv bir mərhələdir, subyektiv mülahizələrə və qiymətləndirmələrə yol açır. Orada qiymətləndirmə metodologiyası bəlli deyil ki, hansı kriteriyalar əsasında müsabiqəyə cəlb olunan şəxsin qabiliyyətləri qiymətləndirilir. Ona görə də bu mərhələnin obyektiv olacağına dair hər hansı mövqe yarana bilməz".

AzadlıqRadiosuna danışan ayrı-ayrı ekspertlər də hesab edirlər ki, Azərbaycanda məhkəmələrin müstəqilliyi üçün hakimiyyət bölgüsü və siyasi azadlıqlar təmin olunmalıdır.

Xatırlatma

2019-cu il aprelin 3-də prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalamışdı. Sənəddə hakimlərin müstəqilliyi, sosial müdafiəsinin gücləndirilməsi və bir çox başqa məsələlərlə da bağlı məqamlar öz əksini tapırdı.

Amma müstəqil hüquqşünasların sözlərinə görə, aradan beş ildən çox vaxt keçsə də, həmin fərman məhkəmələrin müstəqilliyinə ciddi bir töhfə verməyib.

XS
SM
MD
LG