Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:57

Azərbaycanda proqnozdan çox gömrük və vergi yığımlarının səbəbi


Astara gömrük-keçid məntəqəsi
Astara gömrük-keçid məntəqəsi

İstər gömrük ödənişlərinin toplanmasına məsul Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev, istərsə vergi yığımlarına cavabdeh İqtisadiyyat naziri Mikayıl Cabbarov vaxtaşırı proqnozdan artıq gömrük rüsumları və vergi ödənişləri yığdıqlarını bildirirlər. Onlar bunu öz qurumlarının yüksək fəaliyyətinə bağlayır, fəxrlə büdcəyə əlavə vəsait qazandırdıqlarını deyirlər. Sual doğur: vergi və gömrük yığımlarının proqnozdan artıq yığılması nədən qaynaqlanır?

İnflyasiya gömrük yığımlarını artırır

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı rəyində gömrük orqanının proqnoz və faktik yığımları ilə bağlı göstəriciləri yer alır. Həmin göstəricilərdən aydın olur ki, ötən il qurumun xətti ilə bütövlükdə 3 milyard 900 milyon manatın toplanması proqnozlaşdırılıb. Yekunda isə 4 milyard 343 milyon manat - proqnozdan 443 milyon manat və ya 11.4 faiz çox toplanıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il ölkəyə gətirilən məhsullar 21.1 faiz bahalaşıb. Hesablama Palatası araşdırıb ki, gömrük qurumlarının topladığı vəsaitin 89 faizi qiymət artımları qeydə alınan sahələrdə müşahidə edilib. Palata bunu əsas tutaraq öz rəyində bildirir ki, DGK-nın topladığı vəsaitin 15 faizi sırf bahalaşmadan qaynaqlanıb.

Qurumun ötən il topladığı toplam yığım həcminin 4 milyard 343 milyon manat olduğu nəzərə alınsa, aydınlaşır ki, həmin vəsaitin 651 milyon manatı sırf qiymət artımları hesabına formalaşıb. Ötən il gömrük yığımı proqnozunun 443 milyon manatı aşması gözardı edilməsə, o yığımların proqnozdan çox toplanmasının gömrük qurumunun hansısa əlavə və yüksək fəaliyyətindən deyil, qiymət artımından və bu üzdən dolayısıyla gömrük yığımlarının artmasından qaynaqlandığı üzə çıxar. Üstəlik, qiymət artımları hesabına toplanan vəsaitin (651 milyon manatın) proqnozdan çox toplanan vəsaiti (443 milyon manatı) qabaqlaması onu göstərir ki, yüksək inflyasiya qeydə alınmasaydı, gömrük orqanı nəinki proqnozdan daha çox vergi toplayar, hətta heç proqnoza da tam nail ola bilməzdi.

Vergi yığımları necə artıb?

Ötən il üzrə açıqlanan rəsmi göstəricilərdən aydın olur ki, vergi yığımları da proqnozu üstələyib. 2021-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 529 milyon manat daxil olub. Bu, 7 milyard 250 manat səviyyəsində təsdiqlənmiş proqnozla müqayisədə 17.6 faiz çoxdur. Di gəl, gömrük ödənişlərində olduğu kimi, vergi yığımlarının da proqnozu üstələməsinin əsas səbəbi qiymət artımı və bundan dolayı vergitutma bazasının genişlənməsidir.

Qiymət artımları ilə bağlı vergilərin artması həm neft, həm də qeyri-neft sektorunda özünü göstərir. Ötən il büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 dollar hesablanıb. Ancaq gerçəkdə bu göstəricinin 70 dolları aşması neft sektorunda çalışan şirkətlərin də gəlirini artırıb. Bu baxımdan, hasilatın pay bölgüsü sazişi çərçivəsində podratçı təşkilatların mənfəət vergisi nəticədə 440 milyon manat deyil, 1 milyard 45 milyon manat - proqnozdan 2.4 dəfə çox olub.

Hesablama Palatası adıçəkilən rəyində bildirib ki, ötən il toplanan ƏDV və mənfəət vergisinin artımında inflyasiya hesabına dövriyyələrin genişlənməsinin mühüm rolu var. Ötən il ölkəyə gətirilən heyvan və ya bitki mənşəli piy və yağlar, onların parçalanmasından alınan məhsullar - 47 faiz, hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içki və sirkələr, mineral məhsullar - 35 faiz, tütün və onun əvəzləyiciləri 23 faiz, bitki mənşəli məhsullar 14 faiz bahalaşıb. Bu baxımdan, aydın olur ki, vergi yığımlarının da proqnozdan artıq yığılmasının əsas səbəbi məhz qiymətlərin artmasıdır.

XS
SM
MD
LG