Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:14

I qrup əlil: ‘Hökuməti tənqid edən yazıları ayaq barmaqlarımla yazırdım, narkotiklə şərlədilər’


Famil Xəlilov
Famil Xəlilov

Hər iki qolu iflic olan I qrup əlil Famil Xəlilov deyir ki, sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlarını ayaq barmaqları ilə yazırmış. İctimai fəal məhkəməyə ifadəsində bildirib ki, məhz həmin paylaşımları üzündən, onu narkotiklə şərləyib həbs ediblər.

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və 4 aydan çoxdur həbsdə olan ictimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 26-da məhkəmə iclası başlamazdan öncə məhkəmə zalındakı şüşə kabinədə Penitensiar Xidmətin əməkdaşları F. Xəlilova sənəd imzalatdırıblar. O bu sənədi ayaq barmaqlarıyla imzalayıb.

Qanunsuz həbsinə etiraz olaraq, 42 gündür aclıq aksiyası keçirdiyini deyən F. Xəlilov yalnız maye qəbul edir. O, məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyevin nəzərinə çatdırıb ki, Bakı İstintaq Təcridxanasındakı şərait onun durumunda olan əlilin saxlanmasına imkan vermir:

“Ev dustaqlığına buraxılmağımdan ötrü vəkillərim iki dəfə vəsatət qaldırdılar. Təmin eləmədiniz”.

“Əvvəl elə düzüb-qoşmuşdular ki, guya evdən tapıblar”

Məhkəmədə prokuror F. Xəlilov haqqında ittiham aktını elan edib. Orada yazılıb ki, polislər mayın 2-də F. Xəlilovu küçədə saxlayarkən, onun qısa şalvarının cibindən 13 qramdan çox metamfetamin (“patı”) tapılıb. Bu üzdən, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal özünü təqsirli bilməyib və ittihamın saxta olduğunu deyib. Onun sözlərinə görə, mayın 2-də hamamda, həyat yoldaşı onu yuyundurarkən, polislər evlərinə basqın edib, özlərilə gətirdikləri narkotiki o zaman qoyublar:

“Qapını qızım açıb. Məni yoldaşım geyindirdi, sürüyə-sürüyə pilləkənləri çıxardılar, əvvəlcədən göy salfetdə gətirdikləri narkotiki qoydular ki. guya evdən tapıblar. Əvvəl elə düzüb-qoşmuşdular ki, guya evdən tapıblar. Küçədə saxlamaq söhbəti sonra ortaya çıxdı. İki kompüterimi, telefonlarımızı götürüblər.”

F. Xəlilov narkotik ittihamına heç bir aidiyyəti olmadığı halda, kompüterlərini, ailə üzvlərinin telefonlarını polislərin indiyədək qaytarmadığını vurğulayıb. O, həmin avadanlığın qaytarılmasını istəyib:

“Kompüterlər ki, cibimdən çıxmayıb, niyə qaytarmırlar? Onları niyə götürmüşdülər? Çünki mənim həbsimin səbəbi ölkədəki ədalətsizliyə etirazlarım, hökuməti tənqid edən çıxışlarım, yazılarımdır. Mən o yazıları ayaq barmaqlarımla yazırdım”.

İctimai fəalın mühakiməsi oktyabrın 24-də davam edəcək.

Xatırlatma

Famil Xəlilovun 34 yaşı var. O, mayın 2-dən həbsdədir.

Son 3 il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib.

Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər.

Amma rəsmilər bir qayda olaraq insanların ölkədə tənqidi mövqelərinə görə, əsassız yerə təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxslərin geri qəbul edilməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

XS
SM
MD
LG